Məhkəmə qərarları › İş №2(062)-2840/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2840/2023

06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2840/2023 06.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə evliliyindən xx.xx.2010-cu ildə anadan olmuş X1, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat alimentin alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə qurmuş, rəsmi nikahları olmamışdır. Birgə evliliyindən xx.xx.2010-cu ildə X7, xx.xx.2017-ci ildə X9 və xx.xx.2017-ci ildə X10 adlı uşaqları anadan olmuşdur. Rəsmi nikahları olmasa da atalığı qanunla müəyyən olunmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan onlar faktiki olaraq ayrılmışlar və ayrı yaşayırlar. Uşaqları onun yanındadır. Ailələrinin bərpa olunması mümkün deyildir. O, uşaqların saxlanılmasında çətinlik çəkir, maddi vəziyyəti aşağı olduğundan ona maddi köməklik lazımdır. Ona görə də, cavabdeh ilə birgə evliliyindən xx.xx.2010-cu ildə anadan olmuş X1, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat alimentin alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərək göstərdi ki, 2011-ci ildə X6 ilə rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il tarixdə X8 anadan olmuş və yoldaşı heç bir yerdə işləmir. Özü orta məktəbdə işləyir və 329 manat əmək haqqı alır. Həm də 2021-ci ildə miokard infarkt xəstəsi olduğu üçün ağır işlərdə çalışa bilmir.Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh X1, X2 və X5 ataları hesab edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-1505/2023 arayışdan görünür ki, X7 xx.xx.2010-cu il tarixdə anadan olmuş-ata qrafasında Cavabdeh ana qrafasında isə İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-1504/2023 arayışdan görünür ki, X9 qızı xx.xx.2017-ci il tarixdə anadan olmuş- ata qrafasında Cavabdeh ana qrafasında isə İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-1506/2023 arayışdan görünür ki, X10 xx.xx.2017-ci il tarixdə anadan olmuş- ata qrafasında Cavabdeh ana qrafasında isə İddiaçı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh 27 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X1, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin digər nikahdan uşağının olmasını nəzərə alaraq onu qeyd edir ki, iddianın göstərilən həddə təmin edilməsi digər uşağın mənafeyinə toxuna bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 170 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 510 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 81,20 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X1, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 510 (beş yüz on manat) sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 81,20 (səksən bir manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar