Məhkəmə qərarları › İş №2(062)-29/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-29/2024

10.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-29/2024 10.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və digərləri cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X5 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********13-10301 olan ünvan 1 ünvanında dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmçinin İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlərin ona və xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evinə olan qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı3 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma» tələbinə dair 2(062)-1558 saylı mülki işin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və digərinin cavabdeh İddiaçı3 və üçüncü şəxslər Cavabdeh2 və qeyrilərinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(062)-1198 saylı mülki işə birləşdirilməsi və 2(062)-1198/2023 nömrə ilə qeydə alınması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər İddiaçı3, Cavabdeh2, üçüncü şəxslər X5 Xidmət Mərkəzi Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvüləri ilə cavabdehlər arasında dostluq münasibətləri olmuş və cavabdehlər onu inandıraraq 231200 manat məbləğdə pulunu mənimsəmişlər. Cavabdeh4 ona qeyd olunan məbləğdə borcunun olması Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2750/2019 saylı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9504/2019 saylı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-576/2020 saylı qərarı əsasında təsdiqlənmişdir. Qərarlar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Tovuz Rayon İcra və Probasiya göndərilmiş, Cavabdeh4 İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan 09 ay sonra Cavabdeh4 icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığına görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-40/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən narazı qaldığı üçün apellyasiya şikayəti versə də, Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və yaxın qohumu Tovuz rayon Qovlar şəhər sakini Cavabdeh2 öz şəxsi nüfuzundan istifadə edərək, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökmü qüvvədə saxlatdırmışdır. Bundan sonra yəni Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün icra olunma mərhələsində təxminən 2022-ci ilin mart ayının sonu aprel ayının əvvəllərində cavabdehlər Cavabdeh4, onun əri Cavabdeh3 və oğlu İddiaçı1 nümayəndələri və yaxın qohumları olan Cavabdeh2 Bakı şəhərinə dəvət edərək, həm onun yaşadığı evdə, həm də, cavabdehlərin yaşadıqları evdə ona borclu olduqları pulun müqabilində hal-hazırda mülkiyyətində olan evi və həmin evin yerləşdiyi torpaq sahəsini ona təklif etmişlər. Həmin təklifi qəbul etmişdir. Bundan sonra cavabdeh İddiaçı1 04 aprel 2022-ci il tarixdə təxminən saat 6-7 radələrində onun yaşadığı evə gələrək, 642762 saylı reyestr nömrəsi 7E2164 olan və 642763 saylı reyestr nömrəsi 7E-2165 olan 04 aprel 2022-ci il tarixli iki ədəd etibarnaməni və bir ədəd özünün X1 nikahın pozulması haqqında şəhadətnaməni, habelə, Cavabdeh4 ilə Cavabdeh3 nikahın bağlanması haqqında şəhadətnaməni ona vermişdir. Etibarnamələr hazırda mülkiyyətində olan evin və evin yerləşdiyi torpaq sahəsinin ona satılması üçün cavabdehlər tərəfindən onların yaxın qohumu Cavabdeh2 verilmiş etibarnamələr olmuşdur. Cavabdeh2 ona Cavabdeh4 şikayət və tələbininin olmamasına dair notarial qaydada ərizə verəcəyi təqdirdə alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir. Cavabdeh2 şərtləri ilə razılaşdıqdan sonra 06 aprel 2022-ci il tarixdə saat 10:53-də Bakı şəhər üzrə Probasiya İdarəsinin rəisi Namiq İsmayılova və 06 aprel 2022-ci ildə 10:54-də Bakı şəhər Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyevə ünvanlanmış notarial qaydada təsdiq edilmiş və əl yazma ilə yazılmış ərizələr verərək, Cavabdeh4 şikayət və tələbinin olmamasını bildirmişdir. Sonradan həmin ərizələri özü şəxsən Cavabdeh4 və İddiaçı1 vermiş, hətta Bakı şəhər Probasiya İdarəsinə şəxsən özü gedərək, Cavabdeh4 ilə aralarında olan borc mübahisəsini həll etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:18-də Cavabdeh2la (etibarnamə üzrə nümayəndəsi olduğu şəxslərin adından) onun arasında daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqavilə bağlamışlar. Müqavilə bağlanarkən, formal olaraq əmlakın dəyəri 5000 manat göstərilsə də əslində hər hansı nəğd pul alış-verişi olmamışdır. Həmin daşınmaz əmlakı təxminən 2022-ci ilin martın sonu aprelin əvvəlində həm onun yaşadığı evdə, həm də, cavabdehlərin yaşadıqları evdə aralarında olan razılaşmaya əsasən, Cavabdeh4 ona olan 231200 manat borcunun əvəzində almışdır. Alqı-satqı müqaviləsi bağladıqdan sonra adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********13- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında elektron çıxarış və fərdi yaşayış evinin texniki pasportunu almışdır. Sonradan mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi ünvan yeniləndiyi üçün 27 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında elektron çıxarış almış, bununla da ünvan 5 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən lmumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətini təşkil etməklə Cavabdeh4 ona olan 231200 manat borcu əvəzləşdirilmişdir olmuşdur. Bundan sonra Tovuz rayon Qovlar şəhər sakinləri, yəni cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 ğlunun və İddiaçı2 oyunları başlamışdır. Belə ki, cavabdehlər Cavabdeh2 adına olan etibarnaməni ləğv etdirmiş və onu xüsusi mülkiyyətinə buraxmamışlar. Bu səbəbdən də, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 7(004)-125/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti vermişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh4 yenə də öz dələduz ampulasına qayıdaraq ona yalvarmağa başlamışdır. Yenə də onun yalvarışlarına inanaraq 27 may 2022-ci il tarixdə rəsmi ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, verdiyi apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Bu imtinanın səbəbi barədə sədrlik edən hakim X2 bildirdikdə, hakim X2 bu məsələyə Cavabdeh4 və onun vəkilinin fikrini soruşmuşdur. Onlar cavab olaraq bildirmişlər ki, Cavabdeh4 ona olan borcunun müqabilində mülkiyyətinə verilmiş daşınmaz əmlakla bağlı heç bir mübahisəsi və narazılığı yoxdur. Bununla da sədrlik edən hakim ona bildirmişdir ki, həmin əmlakı sizi şantaj edib əlinizdən ala bilməzlər. Çünki həmin əmlak sizin xüsusi mülkiyyətinizdə olmaqla siz həmin əmlakı 231200 manat borcunuzun əvəzinə almısız. İşin bu halı qəbul edilmiş qərarın əsaslandırıcı hissəsində xüsusi olaraq göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(103)21/2022 saylı qərarında onun ünvan 6 ünvanında yerləşən 0,09795 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 287 kv.metr olan fərdi yaşayış evini Cavabdeh4 ona olan 231200 manat borcunun əvəzində öz adına rəsmiləşdirməsi qeyd edilmişdir. Bundan başqa qeyd etdikləri hallar Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında da təsdiqin tapmışdır. Hazırda cavabdehlər onun mülkiyyətində olan evdən istifadə edirlər və onlardan evdən çıxmalarını tələb etsə də, könüllü bunu etmirlər. Bu səbəbdən məhkəməyə mürcaiət etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlərdən həbsdə olanlar da həbsdən çıxmışdır. Hazırda onların hər biri onun evdən istifadə etməsinə imkan vermir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz Əmlakın xx.xx.2022-ci il tarixli, AN – İ ******* nömrəli alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı2, İddiaçı1, Cavabdeh3 və Cavabdeh4 adından etibarnamə üzrə çıxış edən Cavabdeh2 etibar edənlərə məxsus 0,09795 ha torpaq sahəsini 5000 manat müqabilində İddiaçı3 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi olan ********** nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlı yaranmış mübahisədir və yaranan mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar əsasında hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin mənzilindən çıxarılmasını tələb etmək hüququna malikdir. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. İş materialları ilə təsdiqin tapmışdır ki, iddiaçı ilə Cavabdeh4 arasında borc münasibətləri olmuş və sonuncudan 231200 manat məbləğdə pulun alınaraq İddiaçı3 verilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiqin tapmışdır. Həmin qətnamə icra edilmədiyindən Cavabdeh4 barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh4 Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və hökm Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra tərəflər aralarında razılıq əldə etdiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh4 cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Buna səbəb cavabdehlərin özlərinə məxsus mübahisəli daşınmaz əmlakı həmin borcun müqabilində İddiaçı3 alqı-satqı üzrə satmaları olmuşdur. Bu məqamlar işdə olan məhkəmə qərarları ilə təsdiqin tapır. Hazırda isə mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Hazırda da iddiaçı notarial qaydada təsdiq edilmiş alqı-satqı üzrə mübahisəli fərdi yaşayış evini almışdır və Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Eyni zamanda cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə etməsinə əsas verən hər hansı etibarlı hüquqi əsas yoxdur. Belə ki, yaşayış sahəsindən çıxarılma barədə iddialara baxılarkən araşdırılmalı məsələlərdən biri, mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər. İş materiallarından göründüyü kimi, cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları yoxdur. Bununla belə cavabdehlər iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onun mülkiyyət hüququna müdaxilə edirlər. Ona görə də iddia tələbinin təmin edilməsi qanuni və əsaslı olar. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 7 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı və onların həmin evə qanunsuz müdaxilələrinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 7 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, İddiaçı1 və İddiaçı2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli və qeydiyyat nömrəsi ********** olan nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 məxsus ünvan 7 ünvanındakı 0,0979 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 287 kv.m. olan fərdi yaşayış evinə qanunsuz müdaxiləsinə son qoyulsun. Ödənilmiş dövlət rüsumu İddiaçı3 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar