Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-299/2023 13.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, aliment üzrə yığılmış 29000 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənmişdir. Onların faktiki nikahlarından xx.xx.2008-ci il tarixdə X6, xx.xx.2009-cu il tarixdə X8 və xx.xx.2011-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. Evləndikdən bir müddət sonra cavabdehlə arasında narazılıqlar yaranmış və ona görə də ayrılmaq məcburiyyətində qalmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(011)-1470/2013 saylı qətnaməsinə əsasən 30 iyul 2013-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 manat olmaqla, üç uşaq üçün cəmi 300 manat məbləğində alimentin ondan tutularaq birgə nikahlarından anadan olmuş Həmid, Azər və Fatimə adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh verilməsi qət edilmişdir. Uşaqların anası uşaqları X1 üzərinə ataraq, onları tərk etmişdir. Ö, öz atası və anası ilə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yaşadığı üçün Cavabdeh heç bir aliment ödənişi etməmişdir. İddiaçı 07 iyul 2011-ci il təvəllüdlü X4 üçün isə 5000 manat pulu ödəməyə razı olduğunu bildirmişdir. Uşaqlar ata babasına təhvil verildikdən sonra xx.xx.2020-ci il tarixdən başqa məktəbə getdiyi üçün Tovuz rayonu İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbindən azad olunmuşdur. O, ikinci dəfə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onun rəsmi nikahından bir uşağı anadan olmuşdur. Azər və Həmid üç il onun tərəfindən baxılmışdır. Bu barədə müvafiq sənədlər aktlar da mövcuddur. Hazırda məlum olur ki, Cavabdeh heç bir vaxt uşaqlara baxmamışdır, belə ki, uşaqları kirayə adı ilə götürmüş lakin sonradan məlum olmuşdur ki, uşaqlar kirayədə deyil Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyin Himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta İnternat Məktəbinə verilmişdir. Hesab edir ki, ona görə aliment borcu silinməlidir. Çünki aliment uşağın saxlanması üçün təyin olunur, uşaqlar yarı vaxtı onlarda, yarı vaxt digər babası gildə, başqa vaxtlar isə Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyin Himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta İnternat Məktəbində qalır. Ona görə də hesab edir ki, onun Cavabdeh aliment üzrə yığılmış olan 29.000 manat aliment borcu silinməlidir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1470/13 saylı 20 iyul 2013-cü il tarixli icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı 2015-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 29100 manat aliment borcu vardır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X6 və X8 2015-ci ilin iyun ayından 2018-ci ilin noyabr ayın qədər X2 himayəsində olmuşdur. Həmin dövr ərzində Tovuz rayonu İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil almışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 235 saylı arayışdan görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kənd İ.Mürşüdov adına tam orta məktəbin 1-ci sinifnə qəbul olunmuşdur. 29 noyabr 2018-ci il tarixdə digər məktəbə getdiyi üçün Tovuz rayonu İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin 4-cü sinifindən və sagird kontigentindən azad edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 236 saylı arayışdan görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xətai rayonu 165 saylı tam orta məktəbindən şagirt yerdəyişməsi ilə Tovuz rayonu Aşağı Quşçu kənd İ.Mürşüdov adına tam orta məktəbin 2-ci sinifnə qəbul olunmuşdur. 29 noyabr 2018-ci il tarixdə digər məktəbə getdiyi üçün Tovuz rayonu İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin 5-ci sinifindən və sagird kontigentindən azad edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 42 saylı arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7, xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 həqiqətən xx.xx.2019-cu ildə Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbin 5-ci sinifinə və 4-cü sinfinə qəbul edilmişdirlər. Halhazırda Həmid 9-cu sinifdə, Azər isə 8-ci sinifdə təhsil alır. Məktəbdə oxuduqları müddət ərzində anaları Cavabdeh tərəfindən bayram, tətil günləri evə aparır və tez-tez ziyarət olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1470/13 saylı 20 iyul 2013-cü il tarixli icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. X6 və X8 2015-ci ilin iyun ayından 2018-ci ilin noyabr ayın qədər X2 himayəsində olmuşdur. Məhkəmə tərəfindən icra işinə də baxış keçirilərkən müəyyən edilmişdir ki, 2015-ci il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaşıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etməmiş, icra işi zamanı cavabdehin izahatının alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Ailə Məcəlləsinin 107.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Ona görə də məhkəmə hesab edir ki, uşaqlardan Şıxlı Azərin və Şıxlı Həmidin iddiaçının yanında qaldığı 2015-ci ilin iyun ayından 2018-ci ilin noyabr ayına qədər olan müddət və 2018-ci ilin noyabr ayından 2022-ci il 01 dekabırınadək olan müddətdə yığılmış aliment borcu silinməlidir. Belə ki, uşaqlardan ikisi hazırda internat məktəbində olmaqla mütəmadi olaraq ananın qağısı ilə əhatələnmirlər. Uşaqlardan biri X3 isə anasının himayəsində yaşamaqla onun qayğısı ilə əhatələnmişdir. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək müəyyən edilmiş alimentin internat məktəbində oxuyub, orada qalan uşaqlarının saxlanmasına, tərbiyəsinə və təhsilinə xrəcləməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 88 ayın(hər ay 200 manat olmaqla) aliment borcu yuxarıda qeyd edildiyi kimi üzürlü səbəblərdən yarandığından iddiaçı həmin aylar üçün müəyyən edilmiş aliment borcunu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli 2(011)- 1470/2013 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment borcunun 17600 manat hissəsini ödəməkdən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-299/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-299/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver