Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-303/2024 20.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment tələbinə» dair mülki işə Tovuz şəhərində 20 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 11 aprel 2017-ci il tarixdə 121 sayla bağlanmış nikahlarının pozulması və birgə nikahlarından 24 noyabr 2016-cı ildə anadan olmuş Sevinc adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 235 manat aliment alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh ilə el adəti ilə evlənməklə, 11 aprel 2017-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 24 noyabr 2016-cı ildə Sevinc adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Vaxt verilsə də barışmamışlar. Ona görə də aralarında olan nikah qeydinin pozulması və 24 noyabr 2016cı ildə anadan olmuş Sevinc adlı uşaqlarının onun yanında saxlanılmaqla yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflər 11 aprel 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Surəti işə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 24 noyabr 2016-cı ildə Sevinc adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti ilə evlənməklə, 11 aprel 2017-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 24 noyabr 2016-cı ildə Sevinc adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrı yaşayırlar. Uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərmir. Barışmaqları üçün vaxt verilsə də, barışmamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə ailənin bərpa olunmasının qeyri mümkünlüyü inamına gələrək hesab edir ki, tərəflər arasında olan nikah qeydi pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə uşağın azyaşlı olmasını, ana nəvazişinə daha çox ehtiyacının olmasını, nəzərə alaraq boşanmadan sonra uşağın anasının yanında saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 05 dekabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 manat aliment alınıb 24 noyabr 2016-cı ildə anadan olmuş Sevinc adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Tutulma aparılarkən 19 fevral 2024-cü il tarixli qərardadla tutulmuş məbləğlər hesablanaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 2160 manatdır, 1000 manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də Cavabdeh əlavə 41,60 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1 və 9.4-cü maddələrinə əsasən, 50 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Qazax rayon Qeydiyyat Şöbəsində 11 aprel 2017-ci il tarixdə 121 sayla qeydə alınmış nikah qeydi pozulsun. Nikahın pozulması zamanı Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınsın. İddiaçı bu rüsumdan azad edilsin. Tərəflərin birgə nikahlarından 24 noyabr 2016-cı ildə anadan olmuş Sevinc adlı uşaq İddiaçı yanında saxlanılsın. 05 dekabr 2023-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 24 noyabr 2016-cı ildə anadan olmuş Sevinc adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Tutulma aparılarkən 19 fevral 2024-cü il tarixli qərardad üzrə tutulmuş məbləğlər hesablanaraq nəzərə alınsın. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. Cavabdeh ümumilikdə 91,6 (doxsan bir manat altmış qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-303/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-303/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver