Məhkəmə qərarları › İş №2(062)-3041/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3041/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3041/2025 30.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «kreditin məbləğinin bölünməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 30 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən birgə nikah dövründə götürülən kredit məbləğinin yarı bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ilə Cavabdeh evlənib ailə qurmuşlar. Lakin sonradan məhkəmə qaydasında ayrılmışlar. Tərəflər birgə nikah dövründə yəni, xx.xx.2021-ci il tarixdə Unibank KB ASC-dən illik faiz dərəcəsi 25 % olmaqla 36 ay müddətinə 4537 manat (aylıq annuitet 181 manat, cəmi ödənəcək məbləğ 6516 manat), xx.xx.2022-ci il tarixdə Unibank KB ASC-dən illik faiz dərəcəsi 21% olmaqla 48 ay müddətinə 4870 manat (aylıq annuitet 151 manat, cəmi ödənəcək məbləğ 7248 manat) pul kreditə götürərək birlikdə ailələrinin ehtiyacları üçün xərcləmişlər. Odur ki, birgə nikah dövründə yəni, xx.xx.2021-ci il tarixdə Unibank KB ASC-dən illik faiz dərəcəsi 25 % olmaqla 36 ay müddətinə 4537 manat (aylıq annuitet 181 manat, cəmiödənəcək məbləğ 6516 manat), xx.xx.2022-ci il tarixdə Unibank KB ASC-dən illik faiz dərəcəsi 21% olmaqla 48 ay müddətinə 4870 manat (aylıq annuitet 151 manat, cəmi ödənəcək məbləğ 7248 manat) pulun tərəflər arasında yarı bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 02 may 2010-cu ildə evlənmişlər, xx.xx.2024-cü ildə məhkəmə qaydasında ayrılmışlar. Kredit götürülsə də, onunla ayrıldıqdan sonra götürülmüşdür. O, iddiaçı ilə uzun müddətdir ki, ayrılmışdır. 6 ildir ki, iddiaçı ilə ayrı yaşamışlar. Bankdan zəng etdikləri zaman ona məlum olmuşdur ki, Əşrəf kredit götürmüşdür. Kredit götürəndə xəbəri olmamışdır və ailənin ehtiyaclarına xərclənməmişdir. İddianı qəbul etmir, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Unibank KB ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixinədək, illik 25 faiz dərəcəsi ilə 4537 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Unibank KB ASC tərəfindən İddiaçı xx.xx.2026-cı il tarixinədək, illik 21 faiz dərəcəsi ilə 4870 manat məbləğində kredit verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 02 may 2010-cu ildə evlənmişlər. xx.xx.2024-cü ildə məhkəmə qaydasında nikahları pozulmuşdur. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Unibank KB ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixinədək, illik 25 faiz dərəcəsi ilə 4537 manat məbləğindən kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Unibank KB ASC tərəfindən İddiaçı xx.xx.2026-cı il tarixinədək, illik 21 faiz dərəcəsi ilə 4870 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəf öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu söyləsə də, sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli 1 saylı qərarının 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin qərarın 3.15-ci bəndinə əsasən, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Həmin qərarın 3.16-cı bəndinə əsasən, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2- ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Eyni zamanda Konstitusiya Məhkəməsinin göstərilən qərarında birgə nikah dövründə əldə edilmiş kreditin ailənin ehtiyaclarının təmin edilməsi məqsədilə götürüldüyü sübut oldunduğu halda ər-arvadın birgə öhdəliyi olduğu qənaətinə gəlinmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh nikahları pozulduqdan sonra bankdan zəng edildiyi zaman iddiaçının kredit götürdüyünü bilmişdir. İddiaçı isə götürdüyü kreditin ailənin ehtiyaclarına sərf edildiyini sübut edə bilmir. Məhkəmə yuxarıda qeyd olunan “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli 1 saylı qərarı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarının göstəriçlərinə istinad edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yəni, xx.xx.2021-ci il tarixdə Unibank KB ASC-dən illik faiz dərəcəsi 25 % olmaqla 36 ay müddətinə 4537 manat (aylıq annuitet 181 manat, cəmiödənəcək məbləğ 6516 manat), xx.xx.2022-ci il tarixdə Unibank KB ASCdən illik faiz dərəcəsi 21% olmaqla 48 ay müddətinə 4870 manat (aylıq annuitet 151 manat, cəmi ödənəcək məbləğ 7248 manat) kredit məbləğinin yarı bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar