Məhkəmə qərarları › İş №2(062)-3063/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3063/2025

07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3063/2025 07.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) X1, cavabdehin nümayəndəsi (atası) X4 iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1077/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş aliment məbləğinin azaldılmasına, 250 manat aliment müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə evlənib ailə qurmuşdur. Nikahlarını 2022-ci il 10 noyabr tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 2023cü il 11 sentyabr tarixdə anadan olmuş Duyğu adlı uşaq cavabdehin yanındadır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1077/2024 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş və birgə nikahdan anadan olmuş uşağın saxlanması üçün hər ay aylıq maaşının və digər gəlirlərinin dörddə biri (1/4) hissəsində aliment alınaraq cavabdehə verilməsi qət olunmuşdur. Alimentə görə müəyyən edilən həmin hissə onun əmək haqqının böyük bir məbləğinin cavabdehə köçürülməsi ilə nəticələnir ki, bu da onun və ailəsinin dolanışığına xeyli dərəcədə mənfi təsir göstərir. Belə ki, bacısı onun himayəsində olmaqla şizofreniya paranoid formalı xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik daimi qulluq, müayinə və müalicə tələb edən xəstəlikdir ki, onun sağlamlığının normal vəziyyətdə stabil saxlanılması üçün yüksək xərc tələb edir. Həmin xərc onun tərəfindən qarşılanır və o, ailəsinə özü baxır. Anası özü yaşlı olmaqla, özü də xəstəlikdən əziyyət çəkir ki, ailənin bütün maddi yükü onun üzərinə düşür. Anası insult xəstəsidir və hər ay onun sağalması üçün 300 manat xərc çəkir. Bundan başqa, o, yaşadığı yerdən xidməti ilə əlaqədar aralıda yaşayır. Bu da onun əlavə xərclərlə qarşılaşmasına səbəb olur. Ərizəyə əlavə etdiyi kirayə müqaviləsinin surətindən də görünür ki, o, 2024-cü il 10 oktyabr tarixdən mülkiyyətçi X8 adlı şəxslə kirayə müqaviləsi bağlayaraq ona məxsus olan evdə yaşayır. Evdən kənarda yaşaması ilə bağlı yol, yemək xərclərini də bura əlavə etsək, onun xərclərinin daha çox olduğunu göstərir. Bundan başqa, onun əməliyyat xərcləri də var, bu da ona əlavə yük yaradır. Əlavə olaraq bildirir ki, cavabdeh və onun ailə üzvləri tərəfindən ona göndərilmiş "Whatsapp" sürətli mesajlaşma vasitəsilə göndərilmiş həmin məzmunlu mesajdan da görünür ki, alimentə hazırda ehtiyacın olmamasını, alimentə gələcəkdə ehtiyac olmasını bildirir.Cavabdeh özü də işləməklə gəlir əldə edir. Belə ki, o, hazırda Tovuz rayon X5 işləyir və rəsmi gəlir əldə edir. Azərbaycan Respublikası qanunvericiliyinə görə uşağın saxlanması valideynlərin vəzifəsidir. Bu da onun vəzifəsi olduğu kimi, cavabdehin də o dərəcədə vəzifəsinin olmasını göstərir. Buradan da görünür ki, məhkəmə qətnaməsi ilə qət edilən alimentə cavabdehin ehtiyacı yoxdur. Yəni uşağa tələb olunan məbləğdən artıq məbləğ cavabdehin hesabına köçürülür. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) X2 iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 bildirmişdir ki, iddia ərizəsi ilə razı deyildir. İddiaçın müəyyən olunmuş alimenti ödəməyə kifayət qədər imkanı vardır. İddiaçının şəhərdə 2 evi və obyektləri var. Həmin əmlaklardan kirayə haqqı alır. Bahalı avtomobil idarə edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1077/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsində qət edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə 1172 sayla qeydə alınmış nikah pozulsun. 1.09.2023-cü il tarixdə anadan olmuş X6 adlı uşaq iddiaçı Cavabdeh himayəsində saxlanılsın. 26 fevral 2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdə anadan olmuş üçün X6 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları İddiaçınnun hər ay aylıq maaşının və digər gəlirlərinin ¼ (dördə bir) hissəsinində aliment alınaraq Cavabdeh verilsin. Tutulma aparılarkən 22 aprel 2024-cü il tarixli qərardad üzrə tutulmuş məbləğlər nəzərə alınsın. X9 1 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞT/MT024/2024-0530 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəfə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə bildiriş göndərilmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İlkin mediasiya xərcləri (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Tovuz Rayon İcra hakimiyyətinin 16 oktyabr 2025-ci il tarixli sərəncamına əsasən xx.xx.1961-ci il təvəllüdlü X1 üzərinə İddiaçı patron (köməkçi) təyin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası Maddə 3.Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşağın “üstün maraqları” konsepsiyası – 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi” nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə, dövlətdaxili qanunvericilikdə, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presedentlərində (Pençevi Bolqarıstana qarşı, Şvitsgebel İsveçrəyə qarşı və s.) təsbit edilmişdir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarının uşaqları ilə bölüşdürməyə borcludurlar. İddiaçının bacısının və anasının xəstəlikdən əziyyət çəkməsi, iddiaçının yaşadığı yerdən xidməti ilə əlaqədar aralıda yaşaması ilə bağlı əlavə xərclərlə qarşılaşması, kirayədə yaşaması kimi hazırki iddia ərizəsində istinad etdiyi hallar alimentin təyin edilməsi ilə bağlı qətnamə qəbul edilərkən mövcud olmuş və nəzərə alınmışdır. Sonradan iddiaçının ailə və ya maddi vəziyyətində alimentin azaldılmasına əsas verə bilrəcək hər hansı dəyişiklik müəyyən edilməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar