Məhkəmə qərarları › İş №2(062)-3079/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3079/2023

13.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3079/2023 13.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakdan payın alınması” tələbinə dair mülki işə Tovuz şəhərində 13 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər arasında olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş “VOLVO FH400” markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “Kamaz 53212” markalı ** XC *** dövlət qeydiyyat nişanlı yük maşınlarından onun 2/3 hissə payının müəyyən edilməsi və həmin əmlakın hərrac yolu ilə satılması və onun payına düşən hissənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş icraatda olan zaman İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər arasında olan xx.xx.2023-cü il və 26 iyul 2023-cü il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh1 ilə xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə biganə münasibəti nəticəsində aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu da onların ayrılmasına səbəb olmuşdur. Lakin hazırda barışmışlar. Cavabdeh1 ilə evləndikdən sonra bir sıra əmlaklar əldə etmişlər ki, həmin əmlaklar da cavabdehin adına qeydə alınmışdır. Qeyd etdiyi əmlaklar arasında Cavabdeh1 adına “VOLVO FH400” markalı ** XS *** dövlət qeydiyyat nişanlı yük maşını xx.xx.2023-cü ildə, “Kamaz 53212” markalı ** XC *** dövlət qeydiyyat nişanlı yük maşını isə xx.xx.2021-ci ildə qeydə alınmışdır. Cavabdeh aralarında olan narazılıqdan istifadə edərək həmin maşınları digər cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayaraq onların adına qeydiyyata aldırmışdır. Ona görə də hesab edir ki, həmin alqı-satqı müqavilələri etibarsız sayılmalıdır. Odur ki, cavabdehlər arasında olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkili Vəkil məhkəmə iclasında İddiaçı ilə eyni xüsusatda izahat verdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında olan narazılığa görə bir müddət ayrı qalmışlar. Həmin vaxt adına olan “VOLVO FH400” markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “Kamaz 53212” markalı ** XC *** dövlət qeydiyyat nişanlı yük maşınlarını digər cavabdehlərlə alqı-satqı müqaviləsi bağlayaraq onların adına qeydiyyata alınmışdır. Həmin maşınları iddiaçı ilə birgə nikahları dövründə əldə etmişlər. Maşınları iddiaçının xəbəri olmadan digər cavabdehlərin adına qeydə aldırmışdır. Lakin hazırda iddiaçı ilə barışmışdır və həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdehlər sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 22 dekabr 2010-cu ildə nikah qeydiyyatından keçmişlər. İşə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 29 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına 14 mart 2023-cü ildə qeydiyyata alınmış Volvo FH400 markalı ** XS *** qeydiyyat nişanlı avtomaşın 20 iyul 2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən, Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 95-də qeydiyyatda olan Cavabdeh2, həmçinin 05 iyul 2021-ci ildə qeydiyyata alınmış Kamaz 53212 markalı ** XC *** qeydiyyat nişanlı avtomaşın 26 iyul 2023-cü ildə alqı-satqı müqaviləsinə əsasən, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Cavabdeh3 adına qeydiyyata alınaraq qeydiyyat şəhadətnaməsi verilmişdir. İşə əlavə olunmuş 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına 14 mart 2023-cü ildə qeydiyyata alınmış Volvo FH400 markalı ** XS *** qeydiyyat nişanlı avtomaşın Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 95-də qeydiyyatda olan Cavabdeh2 satılmışdır. İşə əlavə olunmuş 26 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 adına 05 iyul 2021-ci ildə qeydiyyata alınmış Kamaz 53212 markalı ** XC *** qeydiyyat nişanlı avtomaşın Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Cavabdeh3 satılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından iki nəfər uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə biganə münasibəti nəticəsində aralarında mütəmadi olaraq narazılıqlar baş vermiş və bu da onların ayrılmasına səbəb olmuşdur. Lakin hazırda barışmışlar. Cavabdeh1 adına 14 mart 2023-cü ildə qeydiyyata alınmış Volvo FH400 markalı ** XS *** qeydiyyat nişanlı avtomaşın və Cavabdeh1 adına 05 iyul 2021-ci ildə qeydiyyata alınmış Kamaz 53212 markalı ** XC *** qeydiyyat nişanlı avtomaşın İddiaçı və Cavabdeh1 birgə nikah dövründə əldə edilmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 və Cavabdeh1 ilə Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə görə, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Göründüyü kimi cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsi bağlanarkən və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında olan alqısatqı müqaviləsi bağlanarkən İddiaçı razılığı olmadığından bağlanmış alqı-satqı müqavilələri etibarsız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 20 iyul 2023-cü il tarixli alqısatqı müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh3 arasında olan 26 iyul 2023-cü il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar