Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3159/2024 02.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh bir uşaq üçün 235 olmaqla, cəmi 470 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib göstərmişdir ki, iddia ərizəsində iki uşaq üçün aliment tələb etsə də, məbləği düzgün göstərməmişdir. Bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat aliment alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşdur. Nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci ildə X4 və xx.xx.2018-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə hazırda ailə münasibətləri davam etmir. Uşaqlar onun yanındadır. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdehin gəliri qeyri-müntəzəm və dəyişən xarakterlidir.Birgə yaşayış dövründən o, bilir ki, onun kifayət qədər qazancı vardır. Ancaq o, qazancından uşaqlara vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehin gəliri yüksəkdir. Özü heç bir yerdə işləmir. İdia ərizəsində bir uşaq üçün 235 manat aliment tələb etsə də, bir uşaq üçün 200 manat aliment ödənilməsinə də razıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya qarşı yazılı etiraz verərək göstərmişdir ki,o Qarabağ müharibasənin iştirakçısıdır.Müharibədə iştirakına görə ona əlillik dərəcəsi verilmişdir. Sağ ayağı protezdir.Kasteldən istifadə edir. O müalicə olunur və müalicəsinə xeyli xərc tələb edilir. Hər ay bir uşağa 130 manat olmaqla, cəmi 260 manat aliment ödəmək imkanına malikdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2017-ci il tarixdə Tovuz regional ASAN xidmət mərkəzinin Qediyyat Şöbəsində 45 saylı akt qeydi ilə bağlanmışdır. Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2835/2024 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanılmış nikah pozulmuş, uşaqların ananın himayəsində saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. 13 may 2022-ci il tarixli, 109 nömrəlixəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh müharibədə xəsarət almış və sağ bud sümüyünün medial və lateral kondilusunun avaskulyar nekrozu, sağ diz oynağının kiontrakturası, davamlı ağrı sindorumu, vegetativ pozulmalar diaqnozu ilə hərbi həkim komissyasının rəyi ilə şəhadətləndirilmişdir. X1 tərəfindən verilmiş. xx.xx.2023-cü il tarixli, 345 nömrəli arayışdan görünür ki, Cavabdeh 16 may 2023-cü ildə “Diz oynağının total dəyişdirilməsi-endoprotez taxılması”cərrahi əməliyyatı icra olunmuşdur. İşdə olan resept blanklarından görünür ki, sonuncu dəfə 16 avqust 2024-cü ildə xəstəyə müxtəlif növ dərmanlar yazılmışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh İİ qrup əlil olmaqla 911 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının bir uşaq üçün iddiasında tələb etdiyi 235 manat, izahatında qeyd etdiyi bir uşaq üçün 200 manat məbləğində alimentin təyin edilməsini işin hallarına uyğun hesab etmir. Belə ki, göründüyü kimi aliment ödəməli şəxs əlil olmaqla, onun başqa işlərdə işləyərək əlavə qazanc əldə etmək imkanları real görünmür. Onun xəstəliyi ilə bağlı hələ də müalicəsidavam etdirlir ki, aliment təyin ediərəkən bu hallar da nəzərə alınmalıdır. İddiaçı cavabdehin daha artıq qazanca malik olmasını bildirsə də o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadgqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Yalnız iddia ərizəsində göstərilən hallara əsaslanaraq aliment məbləğinin bir uşaq üşün 200 manat müəyyən edilməsi, yeni cərrahi əməliyyat edilmiş aliment öhdəliyi olan cavabdehi maddi məhrumiyyətlərlə üz-üzə qoyaraq məhkəmə aktının da icra edilə bilməyən bir akta çevrilməsinə şərait yarada bilər. Başqa sözlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilərək, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilsə də, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 50 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 avqust 2024-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3159/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3159/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver