Məhkəmə qərarları › İş №2(062)-3231/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3231/2024

26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3231/2024 26.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 26 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahlarından 12 iyul 2023-cü ildə anadan olmuş Tuncay adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin iş yeri olduğu halda ondan hər ay 500 manat, iş yerinin olmadığı müəyyən olunduğu halda isə ondan hər ay 235 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanılmasına görə anası üçün 100 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında gəəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2022-ci ildə evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 iyul 2023-cü ildə Tuncay adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında narazılıq yarandığına görə faktiki olaraq ayrılmışlar. Uşaq onun himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də birgə yaşayışlarından 12 iyul 2023-cü ildə anadan olmuş Tuncay adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin iş yeri olduğu halda ondan hər ay 500 manat, iş yerinin olmadığı müəyyən olunduğu halda isə ondan hər ay 235 manat aliment, uşağın 3 yaşına çatanadək saxlanılmasına görə anası üçün 100 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə 2022-ci ildə evlənmişlər, nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından 12 iyul 2023-cü ildə Tuncay adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında narazılıq yarandığına görə faktiki olaraq ayrılmışlar. Göstərilən məbləğdə aliment ödəyə bilməz. Heç bir yerdə işləmir, ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 12 iyul 2023-cü ildə Tuncay adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində 4041 sayla nikah qeyd etdirmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər 2022-ci ildə evlənmiş və nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından 12 iyul 2023-cü ildə Tuncay adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. 12 iyul 2023-cü ildə anadan olmuş Tuncay adlı uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəslində ər-arvadın və keçmiş ərarvadın aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 30 oktyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat aliment alınıb 12 iyul 2023-cü ildə anadan olmuş Tuncay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşağın mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Həmçinin cavabdeh heç bir yerdə işləmədiyi üçün iddianın cavabdehin aylıq qazancından və gəlirlərindən tutulmasına aid hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-cü fəslində ər-arvadın və keçmiş ərarvadın aliment öhdəlikləri nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, 12 iyul 2023-cü il tarixdə anadan olmuş uşağın 3 yaşına çatanadək Cavabdeh maddi yardıma ehtiyacı olan İddiaçı üçün 30 manat məbləğində aliment tutulmalıdır. Maddi yardımın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 2760 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 47,6 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 30 oktyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 12 iyul 2023-cü ildə anadan olmuş Tuncay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat məbləğində aliment və uşaq 3 yaşına çatanadək anası üçün hər ay 30 manat aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 47,6 (qırx yeddi manat altmış qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar