Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3393/2025 31.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 31 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə yaşayışlarından 28 sentyabr 2024-cü ildə anadan olmuş Miradəm adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 300 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tərəflər faktiki evlənmişlər, 04 sentyabr 2025-ci il tarixdə nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından 28 sentyabr 2024-cü ildə Miradəm adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Uşaq iddiaçının himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün iddiaçıya normal maddi yardım göstərmir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də tərəflərin birgə yaşayışlarından 28 sentyabr 2024-cü ildə anadan olmuş Miradəm adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 300 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş zərfdə göstərilən qeyddən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanda yaşamır, buna görə də məhkəmə bildirişini həmin şəxsə çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə yaşayışlarından 28 sentyabr 2024-cü ildə Miradəm adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər faktiki evlənməklə nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşayışlarından 28 sentyabr 2024-cü ildə Miradəm adlı uşaqları anadan olmuşdur. Sonradan yəni 04 sentyabr 2025-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrı yaşayırlar. Uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərmir. Eyni zamanda ərizədə konkret manatla göstərilsə də, məhkəmə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mislinə uyğun aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Məhkəmə uşağın diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 18 sentyabr 2025-ci il tarixdən başlayaraq 28 sentyabr 2024-cü ildə anadan olmuş Miradəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,52 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşağın mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan yuxarı məbləğ təşkil edir. Ona görə də Cavabdeh əlavə 44,96 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 18 sentyabr 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə yaşayışlarından 28 sentyabr 2024-cü ildə anadan olmuş Miradəm adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Cavabdeh 44,96 (qırx dörd manat doxsan altı qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-3393/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3393/2025
31.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver