Məhkəmə qərarları › İş №2(062)-4400/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4400/2025

18.02.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4400/2025 18.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiаçı İddiaçı Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərlə onun arasında Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 6 oktyabr 2025-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 20774 manat pulun, ödədiyi dövlət rüsumunun və vəkil xərcinin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə torpaq almaq məqsədi ilə 2025-ci ilin oktyabr ayının əvvəllərində Tovuz şəhərində görüşüb alqı-satqı ilə bağlı şifahi razılığa gəlmişlər. Cavabdeh2 ona bildirmişdir ki, satmaq istədiyi torpaq sahəsi Abulbəyli kəndində "Kiçik Genqobu" adlanan ərazidə yerləşir. Lətif satmaq istədiyi torpaq sahəsinin sahibkarlıq məqsədi ilə olan torpaq sahəsi olduğunu bildirmiş və həmin torpaq sahəsini onun iştirakı ilə naturada ölçüb ona göstərmişdir. Cavabdeh2 həmin torpaq sahəsinin ümumi sahəsi 0,32 ha olduğunu bildirmiş və torpağın dəyərini 20000 manat məbləğində dəyərləndirmişdir. 14 oktyabr 2025-ci il tarixdə Lətifə beh kimi atası onun adından ona 2000 manat nağd şəkildə pul vermişdir. Sonradan bilmişdir ki, Lətif onu aldatmış, satmaq istədiyi torpaq sahəsinin mülkiyyətçisi nə Lətif, nə də Xoşxəbər deyildir. Atasına etibarnamə verdiyindən müqaviləni atası ilə Cavabdeh2 imzalamışdır. 16 oktyabr 2025-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən 18.000 manat pulu Cavabdeh2 hesabına köçürmüşdür. Bundan başqa alğı-satqı müqaviləsi üçün 528 manat vergi, 246 manat rüsumu o, ödəmişdir. Həmin torpaq sahəsinə dair çıxarış almaq istədikdə məlum olmuşdur ki, ona satılan torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahəsi deyil. Hətta DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsi ona satılan torpaq sahəsinin onun adına qeydə alınmasından imtina etmişdirlər. Ona bildirmişlər ki, Lətifin satdığı torpaq sahəsinin mülkiyyətçiləri tamam başqa adamlardır. Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi ona satılan torpaq sahəsindən başqa yerdə yerləşməklə həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdehlər mübahisə olunan torpaq sahəsinin satılmasında səlahiyyətli şəxs deyillər, həmin torpağın mülkiyyətçiləri onun tanımadığı başqa şəxslərdir. Ona görə də o, cavabdehlərə alq- satqı müqaviləsinin pozululması üçün rəsmi bildiriş göndərmişdir. Buna baxmayaraq cavabdehlər alqı-satqı müqaviləsinin pozulması üçün notariusa gəməmişlər və pulu qaytarmamışlar. Tərəflərin izahatları Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi və vəkili X5 izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər öz aralarında razılığa gəlmiş, Cavabdeh2 tələb olunan məbləğin 15000 manatını 1 il ərzində ödəməyi, qalan 5000 manatı isə başqa bir borcla əvəzləşdirməyi razılaşdırmışlar. Məhkəmənin iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçıya satılmış toraq sahəsinin yerini özü də yanlış bilmiş və satarkən iddiaçıya yanlışlıqlı başqa yerdə olan torpaq sahəsini göstərmişdir. Aralarında notariat ofisində alğı-satqı müqaviləsi rəsmiləşdirilmiş, Abulbəyli kəndində "Kiçik Genqobu" adlanan ərazidə yerləşən 0.32 ha torpaq sahəsi 20000 manata iddiaçıya satılmışdır. Hazırda iddiaçı ilə vəkilin dediyi məzmunda şifahi razılaşmışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər X1 və Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 **********65 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan Tovuz rayonu Abulbəyli kəndində “Kiçik Genqobu” ərazisində yerləşən 0.32 ha torpaq sahəsi İddiaçı 18000 manata satmışdır. 528 manat sadələşdirilmiş vergi tutulmuş, müqavilənin reyestrə daxil edilməsi üçün 161 manat haqq tutulmuşdur. Satıcını Cavabdeh2, alıcını isə X6 təmsil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bank qəbzlərinə əsasən X6 tərəfindən notariat hərəkətlərinin aparılması üçün cəmi 85 manat vəsait dövlət büdcəsinə ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən İddiaçı verilmiş 4 noyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0.32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə baxılmış, məlum olmuşdur ki, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və sənəd üzrə olan məlumatlar elektron baza məlumatları ilə fərqlidir. xx.xx.2025-ci il tarixli, 4474 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 153 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin hallarından görünür ki, iddiaçı Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinin predmeti olan **********65 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsini almağı arzu etməmişdir. Bu hal cavabdehlərin yerində iddiaçıya təqdim etdiyi torpaq sahəsinin yerləşmə yeri və sərhədlərinin istinad edilən rəsmi sənəddə əks olunmuş göstəricilərlə uyğun gəlməməsindən irəli gəlmişdir. Qeyd edilənlər tərəflərin izahatı və işdə olan sənədlərlə təsdiq olunur. Bu səbəbdən iddiaçı bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmiş, vacib əhəmiyyətli bel yanılma cavabdehin təqsiri üzündən əmələ gəlmişdir. Buna görə də vacib əhəmiyyətli belə yanılmanın təsiri altında bağlanmış bu müqavilə Mülki Məcəllənin 347-ci maddəsinə əsasən etibarsız sayılmalıdır. Müqavilə etibarsız olduğundan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə aldıqları 20000 manat pul vəsaitini Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçıya qaytarmalıdırlar. Həmçinin iddiaçı tərəfindən müqavilənin bağlanması məqsədilə notariat hərəkətlərinin aparılması üçün cəmi 246 manat vəsaitin və vergi kimi 528 manat məbləğdə vəsaitin dövlət büdcəsinə ödənilməsi və bununla da iddiaçıya cəmi 774 manat zərər vurulması təsdiqini tapmışdır. Mülki Məcəllənin 347.7-ci maddəsinə əsasən dəymiş zərərin əvəzi kimi 774 manat vəsait də cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin vəkil xərcinin cavabdehlərdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə zəruri sənədləri təqdim etməmişdir. Buna görə də iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 153 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı həmçinin vəkil xərcinin cavabdehlərdən tutulmasını tələb etsə də bununla bağlı məhkəməyə zəruri sənədləri təqdim etməmişdir. Buna görə də iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və İddiaçı arasında **********65 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilmiş Tovuz rayonu Abulbəyli kəndində “Kiçik Genqobu” ərazisində yerləşən 0.32 ha torpaq sahəsi ilə bağlı Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin, 20774 (iyirmi min yeddi yüz yetmiş dörd) manat məbləğdə vəsait və dövlət rüsumu kimi ödənilmiş 153 (yüz əlli üç) manat məbləğdə vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar