Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-443/2023 25.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və kompensasiya» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və kompensasiya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli icra müqaviləsinin etibarsız hesab edilməsi və X17 Kəmərinin çəkilməsi ilə əlaqədar həmin torpaq sahəsinin əvəzinə ödənilmiş kompensasiya məbləğinin ona məxsus olan 2336 kv.m hissəsinin əvəzinə ödənilməli olan 10426 manatın və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 30 may 2022-ci il tarixli Qərardadı ilə ərizənin qəbulundan imtina edilmiş, iddiaçıya aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli Qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 30 may 2022-ci il tarixli Qərardadı ləğv edilmiş, iddia ərizəsinə baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Əyyublu kəndi ərazisində JN-405, KOD 50300068 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən cizgilər daxilində 0.83 ha torpaq sahəsi verilmişdir. Lakin ona və ailə üzvlərinə verilmiş 0.83 ha torpaq sahəsinin 2336 kv.m hissəsi onun iradəsinin ziddinə Cavabdeh2 və onun mərhum anası X6 tərəfindən istifadə olunmuşdur. Bu fakt Tovuz rayon məhkəməsinin 2(062)-16/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. X6 vəfat etmişdir. Onun oğlu Cavabdeh2 hazırda onun əmlakına sahiblik edir və onun varisidir. 06 mart 2015-ci il tarixdə ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 2336 kv.m hissəsi dövlət adından Cavabdeh1 tərəfindən onunla hər hansı müqavilə bağlanılmadan Dövlət əhəmiyyətli X17 Kəmərinin Genişləndirilməsi məqsədi ilə onun istifadəsindən alınmışdır və bunun əvəzində ona kompensasiya ödənilməmişdir. Halbuki, onun kimi torpaq sahələri alınmış digər şəxslərlə müqavilə bağlanılmış və müvafiq kompensasiyalar ödənilmişdir. Cavabdeh1 ona məxsus torpaq sahəsinin 2336 kv.m hissəsini X5 məxsus torpaq sahəsi hesab edərək, onunla 06 mart 2015-ci il tarixdə onun özünə də məxsus torpaq sahəsinin 3850 kv.m hissəsi ilə birlikdə cəmi 56186 kv.m torpaq sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlayaraq ona ümumilikdə 25079 manat məbləğində kompensasiya ödəmişdir. Müqavilədən aydın olur ki, icarəyə götürülən torpaq sahəsinin hər kvadrat metrinə 446 manat 35 qəpik ödənilib. Həmin torpaq sahəsinin 2336 kv.m hissəsinin onun olduğunu nəzərə alsalar ödənilən kompensasiya məbləğinin 10426 manatı ona ödənilməli idi. Bununla əlaqədar tərəflərindən BP şirkətinə dəfələrlə müraciət etmiş, onlar isə bildirmişlər ki, guya müqavilə bağlanan vaxt torpaq sahəsi qanuni mülkiyyətində olmayıb. Halbuki, Tovuz Raton Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ona məxsus olan torpaq sahəsinin X8 tərəfində qanunsuz olaraq tutulan 2336 kv.m hissəsindən onun cıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən dövlət ehtiyacları üçün torpaqların mülkiyyətçilərindən alınması mülkiyyətcilərlə dövlət arasında kompensasiyaların ödənilməsi yolu ilə müqavilə əsasında həyata keçirilir. Hazırkı vəziyyətdə ona məxsus torpaq sahəsi Cavabdeh1 ilə X6 arasında müqavilə əsasında qanuni sahibinə, yəni ona məxsus torpaq sahəsinin əvəzinə verilməsi ilə baş vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, dəfələrlə müraciət edərək alqı-satqı müqaviləsini istəsə də, müqavilə Cavabdeh1 tərəfindən ona verilməmişdir. Hətta bununla bağlı vəkili də müraciət etmişdir ki, onun da müraciəti cavabsız qalmışdır. Onun mülkiyyətində olan torpaq sahəsinə görə ödənilməli olan kompensasiya X5 ödənilmişdir. Hesab edir ki, alqı-satqı müqaviləsi ona aid hissədə etibarsız hesab edilərək həmin məbləğ cavabdehlərdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X9 izahatında göstərdi ki, məhkəmə tərəfindən hazırki işlə bağlı kompensasiyanın kimə və nə qədər ödənilməsi ilə bağlı sorğular gəlmişdir. Ancaq sorğu cavablandırılmamışdır. Çünki sorğunu cavablandırmaq üçün özləri də aidiyyəti orqanlara sorğular vermişdir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, X6 və onun ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli Qərarı ilə 1,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlara 23116 manat kompensasia verilmişdir. Onun anası X6 vəfat etmişdir. O onun vərəsəsidir. Onlara kompensasiya düzgün verilmişdir. Bundan sonra o məhkəmə iclaslarına gəlməyəcəkdir. Odur ki, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs BP Eksploreyşn(Şah Dəniz)Limited Şirkətinin nümayəndəsi X12 izahatında göstərdi ki, icarə müqaviləsi Cavabdeh1 ilə torpaq sahəsinin mülkiyyətçiləri arasında bağlanılmışdır. Nə qədər ki, iddia onlara qarşı yönəlməyib, belə olduğu halda qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının tələbi iki hissədən, icarə müqaviləsinin etibarsızlığı və kompensasiyanın ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçının icarə müqaviləsinin eitbarsızlığına dair tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı icarə müqaviləsinin tamamilə etibarsız hesab edilməsini xahiş etsə də, o həmin müqavilənin onun maraqlarına toxunan hissəsi ilə bağlı iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. İşin hallarından göründüyü kimi icarə müqaviləsi Cavabdeh1 ilə X6 arasında bağlanılsa da, həmin müqavilənin predmetini X5 və onun ailə üzvlərinə məxsus torpaq sahəsi təşkil etməklə yanaşı, həm də, İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsi təşkil etmişdir. X3 başqasına məxsus torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik şəxs olmamışdır. Belə ki, Tovuz rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(062)16/2019 nömrəli Qətnamədən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-406 saylı dövlət aktında göstərilmiş, İddiaçı və ailə üzvlərinə məxsus 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2336 kv.metr hissəsindən X4 çıxarılması qət edilmişdir. İşdə olan Tovuz rayonu Əyyublu bələdiyyəsinin 05 fevral 2019-cu il tarixli 14 nömrəli arayışından görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,83 ha pay torpaq sahəsinin 2028 kv.metr hissəsi X17 kəmərinin tikintisi zamanı tikinti təsiri altına düşmüşdür.Tikinti altına düşmüş həmin sahəyə X4 ailə üzvləri tərəfindən taxıl bitkisi əkilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş sorğulara cavab verilməsə də belə, işdə olan və başçının müavini Niftalı Qasımov tərəfindən imzalanmış məktubun məzmunundan müəyyən edilir ki, 2016-cı ildə “BP”şirkəti tərəfindən kompensasiya İddiaçı deyil, qonşusuna ödənilmşdir. Bununla bağlı iddiaçıya dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Kompensasiyanın hansı qonşuya ödənilməsi məktubla müəyyən edilməsə də belə, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 oktyabr 2018-ci il tarixli Qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış X6 izahatında göstərmişdi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvlərinə 1.66 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsi /N-407 saylı dövlət aktı ilə təsdiq edilmişdir. Həmin torpaq sahəsi Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşir. Onun torpaq sahəsinin yanında həmkəndlisi İddiaçı və onun ailə üzvlərinə məxsus 0.83 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsi arasında su arxı vardır. Onun və ailə üzvlərinə məxsus torpaq sahəsinin ilk dəfə neft boru xəttinə düşməsi 2002-ci ildə baş vermişdir. 2014-cü ildən kənd sakinləri arasında söhbət gəzmişdir ki, pay torpaqlarından yenidən neft kəmərinin çəkilməsi zamanı istifadə ediləcək. xx.xx.2015-ci il tarixdə kənd icra nümayəndəsi X7 zəng edərək bildirmişdir ki, “BP” şirkətinin üzvləri Tovuz rayonu Cilovdarlı kəndinə gəlmişdir, X17 kəməri ilə bağlı icarə müqaviləsi bağlanılması üçün oraya gedilməlidir. O, oğlu İsax və digər ailə üzvləri müqavilənin bağlanması üçün avtomobillə Tovuz rayonu Cilovdarlı kəndinə getmiş, orada onlara məlum olmuşdur ki, ona və ailə üzvlərinə məxsus 1.66 ha pay torpağının 0.56186 ha tikinti dəhlizinə düşür, həmin torpaq sahəsindən istifadə ilə bağlı onunla icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtinə görə X17 Kəməri layihəsi ilə bağlı 3 illik torpaqdan istifadə müqabilində ümumilikdə ona 23.116(iyirmi üç min yüz on altı) manat icarə haqqı vermişlər. Tikintini aparan “BP” şirkəti 3 il ərzində layihəni başa çatdıra bilməmiş, lahiyənın davamı 8 ay uzanmışdır. 8 ay o və onun ailə üzvləri torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əlavə olaraq onlara kompensasiya qismində 1963(min doqquz yüz altmış üç) manat əlavə pul vəsaiti ödənilmişdir. O izahatında mövcud sənədlərə əsasən, ona və ailə üzvlərinə məxsus 1.66 ha pay torpaq sahəsinin olduğunu, qazıntı işlərinin ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.56186 ha hissəsində aparıldığını, həmin sahədə qazıntı işlərinin aparılması ilə bağlı qarşılıqlı razılıq əsasında onunla dövlətin adından icarə müqaviləsi bağlanıldığını və icarə haqqı ödənildiyini qeyd etmişdir. Qazıntı işləri həmkəndlisi İddiaçı torpaq sahəsində deyil, ona məxsus torpaq sahəsinin sərhədləri hüdudlarında aparılmışdır. Münəvvər əsas problemin torpağın xəritədə sərhəddinin düzgün göstərilməməsindən qaynaqlandığını, buna görə də mövcud məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Materiala əlavə edilmiş xx.xx.2015-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi X17 Kəmərinin çəkilişi ilə bağlı qazıntı aparılmış 0.56186 ha torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı X6 ilə icarə müqaviləsi bağlanılmış, aparılan tikinti işlərinə görə kompensasiya qismində sonuncuya 23116(iyirmi üç min yüz on altı) manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində İddiaçı mübahisələndirdiyi torpaq sahəsindən X17 Kəmərinin çəkilişinə görə X1 verilməsi ilə bağlı hər hansı cinayət əlamətləri müəyyən edilməmiş və ziddiyyətin torpaqların ölçülərək yerinin müəyyən edilməsinə əsas olmuş xəritə ilə naturada ölçülər arasındakı fərqdən qaynaqlandığı müəyyən edilmişdir. Beləliklə yuxarıda göstərildiyi qaydada sübut edilmişdir ki, X6 iddiaçıya məxsus torpaq sahəsinin 2336 kv.metr hisəsi ilə bağlı da icarə müqaviləsi bağlamışdır. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunun 3.1.1-ci maddəsinə əsasən, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması zamanı torpaq alına bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 8.1-ci maddəsinə görə, alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra-nəzarət orqanı) tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən, nəzarət orqanı tələb olunduğu hallarda torpağın alınması prosesi ilə bağlı təkliflərə dair rəy hazırlamaq funksiyasını yerinə yetirir. Həmin Qanunun 9.1-ci maddəsinə görə. torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları toplamalıdır. Həmin Qanunun 18.1-ci maddəsinə görə, bu Qanunun 9.2-ci maddəsinin tələbləri yerinə yetirildikdən sonra alan orqan torpağın alınması haqqında təklifi müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 58.3-cü maddəsinə görə, torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi torpaq sahəsini aln orqan kimi müəyyən edilmiş Cavabdeh1 yuxarıda adı çəkilən Qanunun 10.1-ci maddəsində göstərildiyi kimi torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları iddiaçıya münasibətdə toplamamış, nəticədə iddiaçıya məxsus torpaq sahəsinin 2336 kv. metr hissəsi il bağlı X6 arasında icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, əqdin bağlanılmasında lazımi subyekt olan, hazlrki iş üzrə iddiaçı iştirak etmədiyindən Cavabdeh1 ilə X6 arasında bağlanılmış icarə müqaviləsi torpaq sahəsinin 2336 kv.metr hissəsinə aid hissədə etibarsız hesab edilməli, iddia icarə müqaviləsinə aid qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin kompensasiyaya aid hissəsi ilə bağlı onu qeyd edir ki, göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin 2336 kv.metr hissəsi tikintinin təsiri altına düşməsinə baxmayaraq ona ödəniləcək kompensasiya digər şəxsə, X5 ödənilmişdir. İşin hallarından göründüyü kimi X5 əvvəlcə 23.116 manat, lahiyənin davamı 8 ay uzadıldığından sonradan 1963 manat da ödənilmişdir. Yəni, X5, iddiaçının da torpaq sahəsinin 2336 kv.metr hissəsi daxil olmaqla, cəmi 25.079 manat kompensasiya ödənilmişdir. İşin hallarından göründüyü kimi Cavabdeh2 özü də etiraf etmişdir ki, ailə üzvlərinin sayına görə 22-23 min manat pul almışdır. Məhkəmə onu qeyd edir ki, verilmiş kompensasiyanın məbləği ailə üzvlərinin sayına görə deyil, torpaq sahəsinin ölçülərinə və həmin torpaq sahəsinin mühafizə zonasına görə müəyyənləşdirilmişdir. İşin hallarından göründüyü kimi Münəvvərin və ailə üzvlərinin mülkiyyətlərində 1,66 torpaq sahəsi mövcuddur ki, həmin torpaq sahəsinin də 0,56186 ha hissəsi tikinti dəhlizinə düşür. İddiaçının mülkiyyətində olan 0,83 ha torpaq sahəsinin 2336 kv. metr hissəsindən Münəvvərin çıxarılması qət edilmişdir. 2336 kv. metrə görə kompensasiya da mərhum Münəvvərə verilmişdir. 0,56186 ha=5618,6 kv.m. 5618,6 kv.m-2336 kv.m=3282,6 kv.m X2 3282,6 kv. metr torpaq sahəsinə görə kompensasiya verilməli olduğu halda, əlavə olaraq 2336 kv. metrə görə də kompensasiya, yəni 25.079 manat pul verilmişdir. Məhkəmə qeyd edir ki, eyni mühafizə zonasında olan torpaq sahəsinə görə verilmiş pulun ümumi məbləği 25.079 manat olmuşdur. Belə olduğu halda məhkəmə qeyd edir ki, torpaq sahəsinin hər kv.metri 446 manat 35 qəpik təşkil edir. Belə olduğu halda 10.426 manat(2336 kv.metr x 446,35 manat) iddiaçıya ödənilməli olan pul Cavabdeh1 tərəfindən X5 ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 10.426 manat məbləğində pul Cavabdeh1ndən alınaraq İddiaçı Müseyb oğluna ödənilməlidir. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Göründüyü kimi iddiaçıya “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ədalətli kompensasiya ödənilməli olduğu halda, həmin kompensasiya digər şəxsə ödənilmiş və nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, onun mülkiyyət hüquqlarının pozuntusu həmin kompensasiyanın Cavabdeh1 tərəfindən ona ödənilməsi yolu ilə aradan qaldırıla bilər. Məhkəmə eyni zamanda Cavabdeh1nə onu izah edir ki, onun dəymiş ziyanla bağlı artıq ödənilmiş pulun geri qaytarılması tələbi ilə pulun ödənildiyi şəxslərə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı tələbini əsaslı hesab etmir. Belə ki, o həmin şəxsdən əmlak tələb etmək kimi hüquqa malik deyildir.Çünki o torpaq sahəsinə görə pulu Cavabdeh1 vasitəsilə əldə etmişdir. Məhkəmə eyni zamanda onu qeyd edir ki, ödənilmiş 136 manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsi İddiaçı məxsus torpaq sahəsinin 2336 kv.m hissəsi üzrə etibarsız hesab edilsin. 10.426 manat məbləğində pul və 136 manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-443/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-443/2023
25.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver