Məhkəmə qərarları › İş №2(062)-446/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-446/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-446/2023 27.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, 2(011)-175 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi və birgə yaşayışlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə el adəti üzrə evlənmiş və nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Ayxan adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-175 saylı qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş və birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin cavabdeh alimenti vaxtında ödəmir. Uşağın saxlanılmasında əziyyət çəkir. Uşağın xərcləri də artmışdır. Cavabdeh isə hər hansı əlavə yardım etmir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hazırda ödənilən aliment uşağın saxlanılması üçün yetmir. Çünki hər gün yaşam şəraiti çətinləşir. Uşaq böyüdükcə onun tələbatları da artır. Cavabdeh isə indiyə kimi hər hansı özü könüllü maddi yardım etməmişdir. Uşaq zəif dərəcəli hipermetropik astiqmatizmdən əziyyət çəkir. Bununla belə cavabdehin vəziyyətini də başa düşür və alimentin 170 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, təyin edilmiş aliment məbləğini hər ay vaxtında ödəyir. Hazırda cəmi alimentdən 50 manat borcu qalmışdır. Çünki təyin edilmiş alimentin məbləği onun maddi vəziyyətinə uyğundur. Lakin alimentin məbləği artırılacağı halda ödəmələrində gecikmələr yaranacaqdır. Çünki maddi durumu həmin məbləğdən artığını ödəməyə imkan vermir. Həmçinin yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət almış və ağır işlərdə işləyə bilmir. İddiaçı bunu özü də bilir. Hazırda yüngül işdə fəhləlik edir. Belə ki, karton karopkalar bağlanılmasına köməklik edir. Özü də evlidir və iki uşağı vardır. Odur ki, alimentin məbləğinin artırılaraq 120-130 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-175 saylı icra sənədindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2011-ci il tarixdən hesablanmaqla hər ay 100 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında AZ İ 160048 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur. Doğum haqqında AZ İİ 712973 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş Ayxan adlı uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. X3 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 150 nömrəli cavab məktubundan görünür ki, X2 xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır. İlkin diaqnoz zəif dərəcəli hipermetropik astiqmatizmdir. Doğum haqqında AZ İİİ 859372 və AZ İİİ 859373 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Aişə və xx.xx.2014-cü il təvəllüdlü Zaur adlı uşaqların atası Cavabdeh, anası isə X1r. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, uşağa 100 manat aliment müəyyən olunduğu 2012-ci ildən sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Məhkəmə hesab edir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh açıq kəllə-beyin travması, sol gicgah nahiyəsinin və sol qulaq seyvanın əzilmiş-cırılmış yaraları, sol təpə, gicgah və almacıq sümüklərinin sınıqları, baş beyin silkələnməsi və kontuziyası ilə müşayiət edilən xəsarət almışdır. Bu səbəbdən ağır işlərdə işləyə bilmir. Həmçinin ikinci dəfə ailə həyatl qurmuş və həmin nikahdan da iki uşağı doğulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, alimentin uşaq üçün 150 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin məhkəmə qeyd edir ki, artırılmış alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-175 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılmalı, cavabdehdən tutulmalı olan alimentin məbləği uşaq üçün 150 manat həddində müəyyən edilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 30 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-175 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar