Məhkəmə qərarları › İş №2(062)-655/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-655/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-655/2024 06.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Hacıəli qızına qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 06 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh Hacıəli qızına qarşı iddia qaldıraraq birgə yaşayışlarından 07 yanvar 2009-cu ildə anadan olmuş Ziya və 28 iyul 2012-ci ildə anadan olmuş Yusif adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh Hacıəli qızı ilə evlənmiş, 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 07 yanvar 2009-cu ildə Ziya və 28 iyul 2012-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. Cavabdeh Hacıəli qızı ilə aralarında narazılıq yarandığına görə faktiki olaraq ayrılmışlar. Nikahları 2023-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra cavabdeh uşaqların böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də birgə nikahlarından 07 yanvar 2009-cu ildə anadan olmuş Ziya və 28 iyul 2012-ci ildə anadan olmuş Yusif adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Hacıəli qızına məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar olaraq gələ bilmədiyini bildirmiş, uşaq tələbi ilə bağlı məhkəməyə müraciət etdiyini və ona görə işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda hesab etmişdir ki, Cavabdeh Hacıəli qızının uşaq tələbi ilə məhkəməyə müraciət etməsi aliment tələbi barədə işin dayandırılması üçün əsas deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 07 yanvar 2009-cu ildə Ziya və 28 iyul 2012-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş Masallı Rayon Məhkəməsinin 2(050)-70/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Hacıəli qızı arasında bağlanmış 23 iyun 2010-cu il tarixli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş iki nəfər uşaq ataları İddiaçı yanında saxlanılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər 2010-cu ildə evlənmiş və nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından 07 yanvar 2009-cu ildə Ziya və 28 iyul 2012-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. 07 yanvar 2009-cu ildə anadan olmuş Ziya və 28 iyul 2012-ci ildə anadan olmuş Yusif adlı uşaqlar iddiaçının yanındadır. Cavabdeh Hacıəli qızı uşaqların böyüyüb tərbiyə olunması üçün iddiaçıya könüllü olaraq maddi yardım göstərməmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında cavabdehin hər uşağa görə 50 manat ödəməyə gücü çata biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini, cavabdehin mövqeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, 11 yanvar 2024-cü il tarixdən başlayaraq Cavabdeh Hacıəli qızından hər ay hər uşağa görə 50 manat aliment alınıb 07 yanvar 2009-cu ildə anadan olmuş Ziya və 28 iyul 2012-ci ildə anadan olmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1200 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh Hacıəli qızından 32 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 11 yanvar 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından 07 yanvar 2009-cu ildə anadan olmuş Ziya və 28 iyul 2012-ci ildə anadan olmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Hacıəli qızından hər ay hər uşağa görə 50 manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh Hacıəli qızından 32 (otuz iki manat) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edənQafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar