Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-766/2023 04.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay hər uşağa 350 manat olmaqla cəmi 700 manat sabit pul məbləgində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Röyal və xx.xx.2013-cü il təvəllüdlü Əvəz adlı uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-85 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-85 saylı qətnaməsi tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların ataları Cavabdeh yanında saxlanılması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların anaları X1 himayəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hazırda uşaqlar məktəblidir. Onlara alınacaq məktəb ləvazimatları, geyim və qida çox bahalaşmışdır. Özü tək qadındır, başqa yerdən gəliri yoxdur və buna görə maddi çətinlik çəkir. Cavabdehin isə rəsmi olaraq yüksək maaşı olmasa da, maddi imkanı çox yüksəkdir. Cavabdeh xarici avtomobillərin təmiri ilə məşğuldur və vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdehin ödəyəcəyi alimentə çox ehtiyacı vardır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-85/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Əvəz oğlu ilə cavabdeh Səfiyeva Lalə Bayram qızı arasında Tovuz rayon, Aşağı Ayıblı kənd İƏD üzrə icra nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 25 saylı qeydə alınmış nikahın pozulması, nikahın pozulması zamanı Cavabdeh Əvəz oğlundan 20 (iyirmi) manat məbləğdə dövlət rüsumunun alınması, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların ataları Cavabdeh Əvəz oğlunun yanında saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Səfiyeva Lalə Bayram qızı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1255/22 nömrəli qətnaməsi ilə təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)- 85/2022 saylı qətnaməsi « tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların ataları Cavabdeh yanında saxlanılması» hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmış, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqlar anaları X1 himayəsinə verilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı Cavabdeh Əvəz oğlunun kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1255/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Doğum haqqında AZ T 223119 və AZ T 223120 saylı şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların atası Cavabdeh, anası isə Səfiyeva (Bayramova) Lalə Bayram qızıdır. Nikahın pozulması haqqında AZ İ 414924 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə 17 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İnternet Vergi İdarəsindən əldə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsində fərdi sahibkar kimi vergi uçotuna alınmışdır. Nikah haqqında AZ İİ 550537 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahlarını xx.xx.2023-cü il tarixdə 99 nömrə ilə rəsmi qeyd etdirmişlər. Nikahdan sonra arvada “Səfiyeva” soyadı verilmişdir. İnci Müalicə-Diaqnostika Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, X3 35-36 həftəlik hamiləlik təyin edilmişdir. Əmək müqaviləsi barədə bildirişdən görünür ki, Cavabdeh “Avtotex”də motor ustası kimi fəaliyyət göstərir. Aylıq əmək haqqısı 345 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin tutulması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Röyal və xx.xx.2013-cü il tarixdə Əvəz adlı uşaqları doğulmuşdur. Onlar arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və uşaqlar anasının himayəsində saxlanmışdır. Uşaqlar hazırda iddiaçının yanındadır. Cavabdeh isə uşaqların saxlanılması üçün iddiaçıya könüllü olaraq maddi köməklik etmir. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Hazırki iş üzrə aliment ödəməli olan tərəf uşağın atasıdır. Onun özü məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla belə məhkəməyə ərizə və ərizəyə əlavə olunmuş sənədlər göndərmişdir. Həmin ərizədə göstərmişdir ki, ikinci dəfə evlənmiş və arvadı hamilədir. Özü isə motor ustası kimi çalışır və aylıq əmək haqqısı 345 manatdır. Bu kimi halların nəzərə alınmasını xahiş etmişdir. İddiaçı isə bildirmişdir ki, cavabdeh özü fərdi sahibkar olmaqla vergi ödəyicisi kimi qeydə alınmışdır. Bu barədə internet vergi idarəsindən çıxarış təqdim etmişdir. Motor ustası kimi cavabdeh xarici avtomobillərə baxmaqla kifayət qədər yüksək gəlirə malikdir. Məhkəmə qeyd edir ki, cavabdehin rəsmi əmək haqqısının 345 manat olması, habelə ikinci dəfə ailə qurması və arvadının hamilə olması hazırda aliment ödənilməsi tələb olunan uşaqların maddi rifahının aşağı salınması üzrə yolverilən deyildir. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin hətta qazancının az olması belə onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin bir uşaq üçün 170 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından, uşaqlar anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləgində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 60,8 manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş Röyal və xx.xx.2013-cü il tarixdə doğulmuş Əvəz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləgində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 60,8 (altmış manat səksən qəpik) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-766/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-766/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver