Məhkəmə qərarları › İş №2(062)-812/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-812/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-812/2023 11.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması və birgə yaşayışlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuş, birgə yaşayışlarından xx.xx.2021-ci il təvəllüdlü Hüseynd adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün faktik olaraq ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşağın sosial xərclərini ödəməyə imkan vermir. Heç bir yerdə işləmir, ona maddi köməklik lazımdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və və əlavə olaraq göstərdi ki, uşaq onun himayəsində saxlanıldığı vaxtdan bu yana cavabdeh tərəfindən hər hansı alimentdən başqa könüllü maddi yardım edilməmişdir. Uşaq böyüdükcə onların xərcləri da artır, həmin xərcləri isə tək qarşılaya bilmir. Ona görə maddi sıxıntılar yaşayır. Həmçinin göstərdi ki, aliment barışıq sazişi üzrə tutulur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş Hüseyn adlı uşağın atası hesab edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2461 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh birgə yaşayışlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimenti İddiaçı verməyi öhdəsinə götürmüşdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin miqdarının artırılması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin faktik ailə münasibətlərinə girmiş, lakin nikahlarını rəsmi qaydada qeyd etdirməmişlər. Onların birgə yaşayışlarından xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətna əsasında Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş Hüseyn adlı uşağın atası hesab edilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmışdır. Hazırda tərəflər faktik olaraq ayrılmışlar və onlar arasında mediasiya prosesi zamanı barışıq sazişi bağlanmışdır. Sazişin alimentlə bağlı şərtinə əsasən Cavabdeh birgə yaşayışlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimenti İddiaçı verməyi öhdəsinə götürmüşdür. Hazırda isə iddiaçı barışıq sazişi üzrə müəyyən edilmiş aliment məbləğinin artırılmasına nail olmaq istəyir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanun özündə ehtiva etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilə bilər. Hansı ki, bu zaman aliment ödənilməsi barədə saziş olmamalıdır. Hazırda isə iddiaçı saziş üzrə müəyyən edilmiş alimentin artırılmasını tələb edir ki, bu da yuxarıda göstərilən Ailə Məcəlləsinin maddi hüquq normasının tələbləri üzrə yolverilməzdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar