Məhkəmə qərarları › İş №2(062)-962/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-962/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-962/2024 27.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh Fuad oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Fuad oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Fuad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Fuad oğlu ilə el adəti qaydasında evlənib ailə qurmuş, nikahlarını xx.xx.2019-cu ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Uşağın biri cavabdehdə, digər ikisi isə onun himayəsindədir. O, uşaqlarda baxmaqda çətinlik çəkir, cavabdeh onların saxlanılması üçün maddi köməklik göstərmir. Bu səbəbdən də, bir uşaq üçün aliment tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o ikinci dəfə ailə qurmuş, lakin həmin nikahdan uşağı yoxdur. Uşaqlardan biri onun yanında, ikisi isə iddiaçının yanındadır. Odur ki, nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan Ağstafa rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)- 281/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Fuad oğlu arasında xx.xx.2019-cu il tarixində Tovuz rayon Qeydiyyat şöbəsində 228 akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh Fuad oğlunun yanında qalması; xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı yanında qalması qət edilmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Fuad oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Fuad oğlundan mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar