Məhkəmə qərarları › İş №2(062)-985/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-985/2025

15.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-985/2025 15.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, 52/01-1 saylı hərracın və həmin hərrac nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən **********09 reyestr nömrəli fərdi yaşayış evi atası rəhmətə getdikdən sonra bacısı olan Cavabdeh1 bağışlanma edilmişdir. Aralarında dəfələrlə mülklə bağlı mübahisə olmuş və məhkəmə qaydasında evə olan bütün hüquqları bərpa edilmişdir. Bundan başqa fərdi yaşayış evinin təmiri üçün 10.000 manatdan artıq xərc çəkmiş, lakin, gizli yolla hərrac keçirilərək ev cavabdehin adına rəsmi qeydə alınmışdır. Bu barədə ona nə icra məmuru, nə də ki, hərrac keçirən orqan heç bir məlumat verməmişdir. Hesab edir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməli idi. Bu qərəzli şəkildə edilmiş hərəkətdir. Onu da qeyd edir ki, 40 ildən artıq müddət mübahisəli mülkdə yaşamış və bütün xərcini özü çəkmişdir. Lakin cavabdeh tərəfin qanunsuz hərəkətləri əsasında onun hüquqları pozulmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, mərhum valideynlərinə o baxmış və hərbi xidmətdən gəldikdən sonra mübahisəli mülkdə yaşamışdır. Lakin cavabdeh tərəf saxta sənədlər ilə evi öz adına keçirmişdir. Hansı ki, onun adına vəsiyyətnamə belə vardır. Bundan başqa keçirilmiş hərracdan məlumatı olmamışdır. Bu barədə ona xəbərdarlıq edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, keçirilmiş hərrac və həmin hərrac nəticəsində bağlanılmış alqı-satqı müqaviləsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası üzrə həyata keçirilmişdir. Bu zaman hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Hansı ki, iddiaçının özü də həmin məhkəmə iclası və qəbul edilmiş qətnamə barədə məlumatlı olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı qətnaməsindən görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən reyestr nömrəsi **********09-10301 olan çıxarışda göstərilən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan iki otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 17,2 kv.m. olan birmərtəməbəli yardımçı tikilinin açıq hərracda satılması, satışdan əldə olunan pulun X3 və Cavabdeh1 paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102) 90 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı qətnaməsindən cavabdehlər X3 və X4 verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İcraata başlama haqqında qəbul edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150 saylı qətnaməsi üzrə icraata başlanılmış və borclulara tələbin könüllü icrası təklif edilmişdir. Qiymətləndiricinin dəvət edilməsi haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150 saylı icra sənədi üzrə qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 136 nömrəli hesabatdan görünür ki, X3 və Cavabdeh1 paylı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 30.000 manat təşkil edir. X7 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, X2 və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1522 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən ilkin satış qiyməti 30000 manat olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir. X7 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, X2 və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1666 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətindən 10 faiz aşağı olmaqla 27000 manat satış qiyməti müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir. X7 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, X2 və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1736 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə dair ilkin satış qiymətindən 20 faiz aşağı olmaqla 24000 manat satış qiyməti müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir. X7 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, X2 və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1774 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə dair ilkin satış qiymətindən 30 faiz aşağı olmaqla 21000 manat satış qiyməti müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir. Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı icra vərəqəsi və Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında hərrac təşkil edilmişdir. Əmlakın satış qiyməti 21000 manat müəyyən edilmiş və hərracın qalibi Cavabdeh1 olmuşdur. Hərracın yekunları üzrə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 MMC tərəfindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı icra vərəqəsi və Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında keçirilmiş hərracın qalibi olan Cavabdeh1 iddiaçı X3 və Cavabdeh1 paylı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evi 21000 manata satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəi ********** olan çıxarışdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində 0,45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan fərdi yaşayış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı qətnaməsi ilə Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən reyestr nömrəsi **********09-10301 olan çıxarışda göstərilən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan iki otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 17,2 kv.m. olan birmərtəməbəli yardımçı tikilinin açıq hərracda satılması, satışdan əldə olunan pulun iddiaçı X3 və Cavabdeh1 paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamınin icrası çərçivəsində Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 136 nömrəli hesabatı ilə X3 və Cavabdeh1 paylı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 30.000 manat müəyyən edilmiş və icra məmurunun verdiyi xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında dörd dəfə hərrac keçirilmişdir. Sonuncu hərrac xx.xx.2023-cü ildə baş tutmuş və hərracın qalibi Cavabdeh1 olmuşdur. Hərracın nəticələrinə dair həmin tarixli alqı-satqı müqaviləsi bağlanılaraq mübahisəli əmlak 21.000 manata Cavabdeh1 tərəfindən əldə edilmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında olan hüquq münasibətləri hərracın yekun protokolunun və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir («İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələri). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 61.1, 61.2 və 62.1-ci maddəsinə görə vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (Mülki Məcəllənin 415.1 və 415.2-ci maddələri). Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (Mülki Məcəllənin 646.1 və 646.2-ci maddələri). Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsində deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə göstərir ki, hərracın yekunlarının etibarsızlığı üçün hər hansı əsas yoxdur. İcra məmurunun qətnamənin icrası üzrə atdığı addımlar qanunamüvafiq olmuş, habelə, hərrac qanunauyğun həyata keçirilmiş və qanuni əsaslara keçirilən hərracın qalibi Cavabdeh1 olmuşdur. Bununla belə iddia dəlillərinə münasibətdə işin halları araşdırılmışdır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, hərrac ondan xəbərsiz baş tutmuşdur. Hansı ki, icra işindən məlum olur ki, keçirilmiş bütün hərraclar barədə iddiaçıya bildiriş təqdim edilmişdir. Ümumiyyətlə iddiaçı özü icra işindən tam məlumatlı olmuş, dəfələrlə icra tədbirlərini dayandırmaq üçün məhkəməyə verdiyi iddia ərizələrini icra məmuruna təqdim etmişdir. Hətta məhkəmə onu da qeyd edir ki, iddiaçıya hərracın keçirilməsi barədə məlumatın verilməməsi özlüyündə hərracın nəticələrini etibarsız saymağa imkan vermir. Bununla bağlı məhkəmə diqqətin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə yönəldilməsini əsas sayır. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi B.Rüstəmovun hərracın keçirilməsindən bir il iki aydan çox vaxt ötdükdən sonra qaldırdığı iddiası ilə əlaqədar çıxardığı 09 iyul 2007-ci il tarixli qətnaməsində MM-in 414.1-ci, 414.2-ci, 414.4-cü və 414.5ci, 415.2-ci, 416.1-ci və 416.2-ci maddələrinə istinad etməklə mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hər iki hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ən geci 30 gün qabaqcadan mülkiyyətçi kimi B.Rüstəmovun xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi qənaətinə gəlməklə hərracın nəticələrini etibarsız hesab etmişdir. MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi hərracın keçirilməsi qanuni olmuşdur. Məhz həmin hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanılmışdır. Hərracın yekun nəticəsi etibarlı hesab edildiyi üçün alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «hərracın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X2 aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar