Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1007/2025 09.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 29 oktyabr 2021-ci il təvəllüdlü X2 və 08 aprel 2015-ci il təvəllüdlü Nümayəndə Zamiq oğlunun yetkinlik yaşma çatanadək sonrakı artımlar nəzərə alınmaqla hər ay müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,68 mislinin cavabdehdən tutularaq ona ödənilməsi və mediasiya təşkilatına ödədiyi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 27 dekabr 2023-cü il tarixdə Ucar rayon qeydiyyat şöbəsində 208 nömrə ilə nikahları qeydə alınmışdır. Birgə nikahlarından 29 oktyabr 2021-ci il təvəllüdlü X3 və 08 aprel 2015-ci il təvəllüdlü Nümayəndə Zamiq oğlu dünyaya gəlmişdir. Cavabdeh, Ucar Rayon Məhkəməsinə müraciət edərək nikahın pozulmasını tələb etmişdir. Bildirmək istəyir ki, azyaşlı övladlarını saxlamaqda çətinlik çəkir və onlara tək baxa bilmir. Qarşı tərəflə ailəni qoruyub saxlamaq fikri ilə qarşı tərəfin nikahın pozulması tələbinə dair olan məhkəmə prosesində iştirak etməmiş və müddətin verilməsini istəmişdir, lakin qarşı tərəf uşaqlara baxmır və ona görə də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, hazırda cavabdeh Rusiya Federasiyasında işləyir və uşaqların saxlanılması üçün maddi cəhətdən köməklik etmir. Cavabdehin qazancı və gəliri barədə barədə sübutu yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər 27 dekabr 2023-cü ildə nikahlarını bağlamışlar və nikah həmin tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 208 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan Nümayəndə Zamiq oğlu 08 aprel 2015-ci ildə və X3 29 oktyabr 2021-ci ildə doğulmuşlar. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və uşaqların mənafeyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə yetkinlik yaşına çatmayan, 08 aprel 2015-ci ildə doğulmuş Nümayəndə Zamiq oğlunun və 29 oktyabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 23 iyul 2025-ci ildən tutulmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçı əlavə ərizə ilə müraciət edərək alimentin hesablanmasının ilk müraciət tarixi olan 20 iyun 2025-ci ildən aparılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçının qeyd edilən tələbi, yəni alimentin 20 iyun 2025ci ildən tutulması təmin edilməməlidir, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 23 iyul 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 4320 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 63,20 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 11 iyun 2025-ci ildə mediasiyaya dair xərcə görə 60 manat ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən cavabdehdən mediasiyaya dair xərcə görə 39,70 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 23 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 08 aprel 2015-ci ildə doğulmuş Nümayəndə Zamiq oğlunun və 29 oktyabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumuna görə 63 (altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Cavabdeh mediasiyaya dair xərcə görə 39 (otuz doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1007/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1007/2025
09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver