Məhkəmə qərarları › İş №2(063)-17/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-17/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-17/2024 10.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеh ilə birgə nikahlarından anadan olmuş X2 və X3 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri və nikahları xasiyyətləri uyğun gəlməməsi, ona və ailəsinə xəyanət etdiyi üçün pozulmuşdur. Həmçinin, Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş X2 və X3 onun yanında və himayəsində saxlanması qət edilmişdir. Hazırda övladlarının 11 və 12 yaşı var, ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri təkbaşına qarşılaya bilmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşaqlarının ehtiyacları ilə maraqlanmamış, azyaşlı övladlarına heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən övladları onun himayəsindədir. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, 2022-ci ildə cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(063)-150/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Əsas olaraq olaraq göstərilmişdir ki, Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün sözügedən qətnamə qanuni qüvvəyə minməmişdir. Ucar Rayon Məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmış, həmçinin 19 mart 2024-cü il tarixdə Ali Məhkəmədə kassasiya şikayətinə də baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır. Hazırda iddia tələbinin həcminin artırılmasına zərurət vardır. Belə ki, o, 2022-ci ildə aliment tələbi barədə iddia ərizəsi ilə müraciət edən zaman “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. İddiaçı məhkəmə iclasında sonuncu tələb həcmində iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi, iddia ərizəsində və əlavə ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini və iddianın təmin olunmamasını bildirdi və hazırkı məhkəmə iclasında məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilənləri təsdiq etdiyini göstərdi. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhdən birgə nikahdan anadan olmuş X2 və X3 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 193 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 16 aprel 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək cavabdehdən birgə nikahdan anadan olmuş X2 və X3 18 yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 235 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı qəbul etmir, belə ki, iddiaçı tələbini “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi ilə əsaslandırmışdır. İddia tələbinin əsasları ilə razılaşmayaraq məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmişdir. İddia ərizəsi məhkəməyə verilən vaxt o, müəllim kimi ayda 193 manat əmək haqqı alırdı. 28 iyun 2024-cü il tarixdən o, tutuduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi onun maddi vəziyyəti kəskin pisləşmişdir. İddiaçı, X9 İdarəsində işləyib əmək haqqı almaqla yanaşı həm də İİ dərəcə əlil kimi pensiya alır. Maddi imkanı olmadığını yazan iddiaçının “KİA” markalı bahalı avtomobili var. Onlar faktiki ayrıldıqdan sonra uşaqları iddiaçının himayəsində qalmışlar və təminat səviyyəsi dəyişilməmişdir. Göründüyü kimi iddia tələbinin əsasları heç bir dəlillə sübuta yetmir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ata İddiaçı və ana Cavabdeh olan X7 11 fevral 2011-ci ildə və X8 16 fevral 2012-ci ildə doğulmuşlar. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və s. tələbi barədə iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı övladlarının onun himayəsinə verilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünün aparılması barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 24 mart 2009-cu ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Ə.Məmmədxanlı, Çiyni və Türkəci kəndləri üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 11 fevral 2011-ci ildə doğulmuş X2 və 16 fevral 2012-ci ildə doğulmuş X3 İddiaçı yanında qalmaları, qarşılıqlı iddianın qismən təmin edilməsi, birgə nikah dövründə 17 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən alınmış Abşeron rayonu, Masazır kəndi, Duz Zavodu yolu-3, “Rahat Nəfəs” yaşayış kompleksində yerləşən bina 1 A, giriş 1, 6-cı mərtəbə, 2 otaqlı, 69,48 kv. m. sahəsi olan 228 nömrəli mənzil üçün ödənilmiş 38 214 manatın ikidə bir hissəsi olan 19107 manat məbləğində pulun İddiaçı alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 100 (bir yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli, 2(102)-279/2024 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-169/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi ilk iddianın uşaqların iddiaçının yanında saxlanılması hissədə rədd edilməsi və qarşılıqlı iddianın uşaqların ananın himayəsinə verilməsi təmin edilən hissədə ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qərar qəbul edilmişdir. İlk iddia uşaqların iddiaçının yanında saxlanılması hissədə təmin edilmiş, 11 fevral 2011-ci il tarixdə doğulmuş X2 və 16 fevral 2012-ci il tarixdə doğulmuş X3 ataları - ilk İddiaçı yanında saxlanılmaları, qarşılıqlı iddianın uşaqların ananın - qarşılıqlı iddiaçı Cavabdeh himayəsinə verilməsi hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Ənvər Məmmədxanlı kənd Elman Əliyev adına kənd ümumi orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Mehran Abdullayevanın 05 iyul 2024-cü il tarixli arayışından görünür ki, X6 həqiqətən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən 28 iyun 2024-cü il tarixdə tutuduğu vəzifədən azad olunmuşdur. İş materiallarında olan 070552 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, iddiaçı, 2-ci qrup ümumi səbəbdən əlildir. İş materiallarında olan AA0522385 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan AA2699663 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 135, mənzil 3-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində hər ay, hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, tərəflərin maddi vəziyyətini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən 11 fevral 2011-ci ildə doğulmuş X2 və 16 fevral 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 26 dekabr 2022-ci ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən alimont alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1680 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 36,80 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 dekabr 2022-ci ildən başlayaraq 11 fevral 2011-ci ildə doğulmuş X2 və 16 fevral 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar