Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-372/2024 29.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 15 dekabr 2017-ci il tarixdə Rusiya Federasiyasında rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 05 oktyabr 2018-ci il tarixdə Mədinə adlı bir qız övladları doğulmuşdur. Evliliklərinin ilk vaxtlarından etibarən cavabdeh ailə və nikah münasibətlərinə hörmət etməmiş, ona və övladına qarşı qarşı diqqətsiz davranmışdır. Bundan sonra, Rusiya Federasiyasının Petropavlovsk-Kamçatski şəhər məhkəməsinin 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə arasındakı nikahın pozulması qət edilmişdir. Nikah pozulduqdan sonra o, övladı ilə birlikdə valideynlərinin yanında yaşayır və valideynlərinin köməkliyi ilə övladını saxlayır. Lakin, bu müddət ərzində cavabdeh övladı ilə maraqlanmamış, uşağının saxlanılması üçün heç bir maddi yardım və köməklik göstərməmişdir. Beləliklə, hazırda övladı onun yanında və himayəsində qalır. Uşaq böyüdükcə onun maddi təlabatları və xərcləri də çoxaldığından övladını saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh 11 yanvar 2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərziə ünvanlayaraq iddia tələbini qəbul etməklə, hər ay 250 manat aliment ödəməyə razı olduğunu və məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Rusiya Federasiyasının Kamçatka diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat agentliyi Petropavlovsk-Kamçatski şəhəri VVAQ şöbəsi tərəfindən 18 oktyabr 2018-ci il tarixdə verilmiş İ-МЛ seriyalı, 644156 nömrəli doğum haqqında şəhadətnamənin və onun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 05 oktyabr 2018-ci il tarixdə Rusiya Federasiyası Kamçatka diyarı, Petropavlovsk-Kamçatski şəhərində doğulmuşdur. İşdə olan 11 yanvar 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 15 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 05 oktyabr 2018-ci il tarixdə Mədinə adlı qız övladları doğulmuşdur. Daha sonra, tərəflər arasındakı nikah iddiaçının tələbi ilə 2021-ci ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 05 oktyabr 2018-ci il təvəllüdlü X1 saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 05 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09 fevral 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Bundan başqa, İddiaçı azad edildiyi 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 05 oktyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 09 fevral 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı azad edildiyi 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-372/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-372/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver