Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-431/2024 23.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin, eləcə də Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o cavabdehlə ilk öncə faktiki, 13 avqust 2018-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 04 aprel 2014-cü il tarixdə Gülər adlı övladları doğulmuşdur. Hazırda qızı Gülər Bakı şəhəri, Nizami rayonunda yerləşən 145 nömrəli tam orta məktəbin 4-cü sinfində təhsil alır. Cavabdehlə evləndikdən sonra bir müddət Rusiyada yaşalar da, sonradan Azərbaycana köçüb gəlmişlər. Evləndikdən sonra cavabdehlə münasibətləri çox yaxşı olmuş, sonuncu maşın ustası-malyar işləməklə yaxşı qazanc əldə edərək hər zaman uşağın və ailənin yaşayışını yüksək səviyyədə təmin etmişdir. Lakin, 2023-cü ilin yanvar ayında cavabdeh yenidən Rusiyaya qayıtmaq fikrində olduğunu bildirmişdir. Bu zaman o, cavabdehi fikrindən daşındırmaq istəsə də, mümkün olmamış, sonuncu orada daha çox pul qazana biləcəyini və hər ay uşağın və ailənin təlabatını ödəyəcək pulu da artıqlaması ilə qazanacağını bildirmişdir. Lakin heç nə cavabdehin verdiyi vəd kimi olmamışdır. Belə ki, 2023-cü ilin yanvarından hal-hazıradək cavabdeh ona və övladına heç bir maddi kömək etməmişdir. Ancaq uşaqla telefonla danışan zaman səsli mesaj göndərərək orada işinin yaxşı olmasını və aylıq qazancının Azərbaycan manatına çevirəndə 1800 manatdan çox olduğunu bildirmişdir. Lakin, cavabdeh kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, ailəsinə heç bir maddi yardım etmir. O, özü isə uşağa baxdığından, uşağı məktəbə aparıb gətirməklə və dərsləri ilə məşğul olduğundan heç yerdə işləyə bilmir. Həmçinin də, hazırda övladı ilə birlikdə Bakı şəhərində kirayədə yaşayırlar. Bununla yanaşı dəfələrlə cavabdehdən onlara maddi köməklik etməsini istəsə də, bu heç bir müsbət nəticə verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin cavabdeh başqa ünvanda yaşadığına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 289083 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 13 avqust 2018-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 2779 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər və arvad öz soyadlarında qalmışlar. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 15 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 291443 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X3 04 aprel 2014-cü il tarixdə Ucar rayonunun Qazyan kəndində doğulmuşdur. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 15 iyul 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 371618 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 04 aprel 2014-cü il tarixdə Ucar rayonunun Qazyan kəndində doğulmuş X2 atası olması faktı müəyyən edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında həmin gün 79 nömrə ilə qeyd aparılmışdır. İşdə olan 22 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ilk öncə faktiki, 13 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 04 aprel 2014-cü il tarixdə Gülər adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar uzun müddət olar faktiki olaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 04 aprel 2014-cü il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi, Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 04 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 27 fevral 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 80 manat dövlət rüsumunun 34%-i, yəni 27,20 (iyirmi yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli manat) manat xərcin 34 %-i, yəni 17 (on yeddi) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 04 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 27 fevral 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli manat) manat xərcin 34 %i, yəni 17 (on yeddi) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təmin edilən hissədə dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 80 manat dövlət rüsumunun 34%-i, yəni 27,20 (iyirmi yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-431/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-431/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver