Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-477/2024 26.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayı oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 30 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı cavabdeh ilə nikahlarını rəsmi qeyd etdirmədən ailə qurmuş, onların birgə ailə münasibətlərindən 30 iyul 2011-ci il tarixdə X4 adlı bir uşaqları olmuş və bu haqda atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmışdır. Sonradan ailə münasibətləri pozulmuş, razılaşmalarına əsasən aylıq müəyyən miqdarda uşağın saxlanılması üçün köməklik edəcəkdir. Lakin cavabdeh iddiaçıya tam şəkildə köməklik etməmişdir. İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə yaşayır. Yaşayışları çox ağırdır, belə ki, kommunal xərclər, uşağın geyim paltarları, ərzaqların təmin edilməsi və s. məcburi tələblər iddiaçını çox maddi və mənəvi sıxıntıya salır. Tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmişlər və bu barədə iddiaçı arayış almışdır. Həmçinin, həmin arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənişləri iddiaçı etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehin qazancı və gəliri barədə iddiaçının sübutu yoxdur, amma cavabdeh usta kimi işləyir və qazanc əldə edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, həqiqətən o, iddiaçı tərəfindən doğulmuş uşağın atasıdır, uşağın saxlanılması üçün iddiaçıya maddi yardım göstərmişdir, hazırda daimi iş yeri və qazancı yoxdur, uşağının saxlanılması üçün 120 manat aliment ödəyə bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan X4 30 iyul 2011-ci ildə doğulmuşdur. İş materiallarında olan atalığın müəyyən olunması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı 30 iyul 2011-ci ildə doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətmənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X8 19 dekabr 2018-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətmənin surətindən görünür ki, Cavabdeh ilə X9 19 sentyabr 2012-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısnın Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 mart 2024-cü il tarixli, 98 nömrəli arayışından görünür ki, Cavabdeh Ucar rayonu, Qazıqumlaq kəndində yaşayır və işləmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında 29 mart 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh işaxtaran (torpaq payı olan) statusundadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə cavabdehin izahatı ilə bağlı qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də iddia qismən təmin edilməklə cavabdehdən 30 iyul 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 13 mart 2024-cü ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1920 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 39,20 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 mart 2024-cü ildən başlayaraq 30 iyul 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-477/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-477/2024
26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver