Məhkəmə qərarları › İş №2(063)-577/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-577/2025

08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-577/2025 08.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, İddiaçı Cavabdeh qarşı öhdəlikdən azad olunması tələbi barədə iddia ərizəsinə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehə qarşı öhdəlikdən azad olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün ödədiyi hər ay 150 manat məbləğində alimentin ödənilməsinə 26 dekabr 2024-cü il tarixdən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün ödədiyi hər ay 150 manat məbləğində alimentin ödənilməsinə 26 dekabr 2024-cü il tarixdən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda bu nəticəyə gəlirəm ki, iddiaçının hazırkı iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında (iddia icraat qaydasında) baxılmalı olmadığından onun iddia ərizəsi qəbul edilməkdən imtina edilməli, ona iddiasının mahiyyəti alimentin ödənilməsinə xitam verilməsi xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında həll edilməli olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddiaçının qeyd olunan iddia ərizəsi bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmaq üçün qəbul etməkdən imtina edildiyindan iddiaçı tərəfindən 27 mart 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı öhdəlikdən azad olunması tələbi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin və iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada İddiaçı verilsin. İddiaçı iddiasının mahiyyəti alimentin ödənilməsinə xitam verilməsi xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. İddiaçı tərəfindən 27 mart 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar