Məhkəmə qərarları › İş №2(063)-628/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-628/2025

26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-628/2025 26.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "aliment tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2013-cü il təvəllüdlü X4, 06 dekabr 2014-cü il təvəllüdlü X5 və 10 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarası miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o cavabdehlə 22 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 18 iyun 2013-cü il tarixdə Hüseyn, 06 dekabr 2014-cü il tarixdə Nuray, 10 fevral 2021-ci il tarixdə isə Aybəniz adlı üç övladları doğulmuşdur. Lakin, 2024-cü ilin iyun ayının axırlarından etibarən cavabdehlə ayrı yaşayırlar. Cavabdeh isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyərək aylıq N0 manata yaxın əmək haqqı əldə etməsinə baxmayaraq övladlarının maddi təminatı ilə maraqlanmır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən 16 yanvar 2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş 101 nömrəli arayışdan görünür ki, Ucar rayon qeydiyyat şöbəsində Cavabdeh ilə X3 22 avqust 2012-ci il tarixdə, 204 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Zahidova" soyadı verilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş 102 və 103 nömrəli arayışlardan və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən 21 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 640995 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müvafiq olaraq ataları Cavabdeh, anaları İddiaçı olan X7 18 iyun 2013-cü il tarixdə, X8 06 dekabr 2014-cü il tarixdə Beyləqan şəhərində, X6 isə 10 fevral 2021-ci il tarixdə Füzuli şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N mart 2025-ci il tarixli, 3-25-157/2-641/25 nömrəli məktubundan görünür ki, Cavabdeh halhazırda N nömrəli hərbi hissədə hərbi qulluqçu kimi xidmət edir, onun 01 fevral 2025-ci il tarixə aylıq pul məvacibi qanunvericilikdə nəzərdə tutulmuş bütün növ vergilər tutulduqdan sonra 1258 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçılarına görə ayrılmış aylıq 80 manat təqaüd alır. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 22 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 18 iyun 2013-cü il tarixdə Hüseyn, 06 dekabr 2014-cü il tarixdə Nuray, 10 fevral 2021-ci il tarixdə isə Aybəniz adlı övladları doğulmuşdur. Həmçinin, tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar uzun müddət olar faktiki olaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hazırda tək qadın olaraq yetkinlik yaşına çatmayan uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh isə övladlarının maddi təminatı ilə maraqlanmır. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 16 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 18 iyun 2013-cü il təvəllüdlü X4, 06 dekabr 2014-cü il təvəllüdlü X5 və 10 fevral 2021-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynlərindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2013-cü il təvəllüdlü X4, 06 dekabr 2014-cü il təvəllüdlü X5 və 10 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə 15 aprel 2025-ci il tarixdən başlayaraq, hər ay qazancının və başqa gəlirlərinin yarısı, yəni, 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 95, 48 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2013-cü il təvəllüdlü X4, 06 dekabr 2014-cü il təvəllüdlü X5 və 10 fevral 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə 15 aprel 2025-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) yarısı, yəni, 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 95,48 (doxsan beş manat qırx səkkiz qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar