Məhkəmə qərarları › İş №2(063)-670/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-670/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-670/2024 16.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2008-ci il təvəllüdlü X2 və 30 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə surətini əlavə etdiyi Ucar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(063)-540/2022 nömrəli qətnaməsindən göründüyü kimi onunla Cavabdeh arasında bağlanmış və 10 noyabr 2005-ci ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 17 iyul 2008-ci ildə doğulmuş X5 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 onun yanında və 27 noyabr 2005-ci ildə doğulmuş X3 isə Cavabdeh yanında qalmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə ondan və Cavabdeh müştərək qaydada 120 (bir yüz iyirmi) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdehdən ayrı uşaqları Haldun, İsmayıl və qoca anası ilə birlikdə yaşayır. O isə heç bir yerdə işləmədiyindən uşaqlarının maddi tələbatlarını ödəyə bilmir. Lakin uşaqlarının digər tələbatlarını ödəyir. Artıq uşaqları Haldun və İsmayıl böyümüşlər və onların gündən günə tələbatları artır. O, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. 11 yanvar 2024-cü il tarixdə o, Ucar rayonunda ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh iştirak etməmişdir. Buna görə də mediator Elnur Məmmədov ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 yanvar 2024-cü il tarixli, MŞŞ/1/MT018/2023-03201 saylı arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərcini o, ödəmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata İddiaçı və ana Cavabdeh olan X5 17 iyul 2008-ci ildə və X4 30 dekabr 2012-ci ildə doğulmuşlar. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(063)- 540/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması barədə iddiası təmin edilmiş. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 10 noyabr 2005-ci ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 7 iyul 2008-ci ildə doğulmuş X5 və 30 dekabr 2012-ci ildə doğulmuş X4 İddiaçı yanında və 27 noyabr 2005-ci ildə doğulmuş X6 Cavabdeh yanında qalmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və Cavabdeh müştərək qaydada 120 (bir yüz iyirmi) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş və bu barədə 23 may 2023cü ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində hər ay, hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, tərəflərin maddi vəziyyətini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 20 may 2024-cü ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1020 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 30,20 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 may 2024-cü ildən başlayaraq 17 iyul 2008-ci ildə doğulmuş X2 və 30 dekabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar