Məhkəmə qərarları › İş №2(063)-704/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-704/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-704/2025 24.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə arasındakı nikahın pozulması, 05 yanvar 2020-ci il təvəllüdlü X3 onun yanında və himayəsində saxlanılması, həmçinin, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat məbləğində alimentin cavabdehdən tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, hazırda uşağın saxlanılması, sağlamlığı ilə bağlı bütün məsələlər onun öhdəliyində olduğundan uşağın bütün xərclərini təkbaşına ödəməkdə maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə azyaşlı övladının saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Halbuki, valideynin övladını təmin etmək, aliment ödəmək kimi qanuni öhdəliyi mövcuddur. Hazırda övladına baxdığı üçün işləyə bilmədiyindən çox çətin vəziyyətdə yaşayır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə uyğun, eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, o, 18 mart 2022-ci il tarixdə cavabdehdən 5250 manat məbləğində pulu almış və təqdim etdiyi yazılı ərizəsində həmin məbləğdə pulu almasını və birgə nikahdan doğulmuş 05 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment barədə gələcəkdə heç bir iddiası və tələbi olmayacağını bildirsə də, lakin aralarında olan şifahi razılaşmaya əsasən ona verilən məbləğ özü və uşağı üçün evin alınması məqsədilə verilmişdir. Hazırda 18 mart 2022-ci il tarixdə özü tərəfindən yazılmaqla imza edilmiş ərizəni inkar etmir, lakin uşağı saxlamağa maddi imkanı olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, şəxsən 18 mart 2022-ci il tarixdə cavabdehə 5250 manat məbləğində pulu birgə nikahdan doğulmuş 05 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment barədə gələcəkdə heç bir iddiası və tələbi olmayacağı şərtilə vermiş və iddiaçı bu barədə yazılı ərizə təqdim etmiş, bu hal məhkəmə tərəfindən təsdiq edilməklə imtina qəbul edilmişdir. Hazırda iddiaçının gətirdiyi dəlillər əsassızdır, özünümüdafiə xarakteri daşıyır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-238/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Ucar rayon qeydiyyat şöbəsində 01 mart 2019-cu il tarixdə, 40 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 05 yanvar 2020-ci il təvəllüdlü X3 iddiaçı X1 yanında saxlanılması, həmçinin, Cavabdeh 06 oktyabr 2020-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin, eləcə də 17 fevral 2020-ci il tarixdən başlayaraq uşağın üç yaşınadək saxlanılması üçün hər ay 40 (qırx) manat məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan Yunusova (Əliyeva) Ayşən Tehmir qızının 18 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-238/2020 saylı icra sənədi üzrə alimentin tutulması ilə bağlı tələbdən imtina edərək bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 8(063)-10/2022 nömrəli qərardadının surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-238/2020 saylı icra sənədlərinin icrası ilə bağlı tələbkar Əliyeva (Yunusova) Ayşən Tehmir qızının tələbdən imtinası qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə baxılmış və hazırkı iddia tələbi ilə, eyni predmet, eyni əsaslı həmin iddiaya qanuni qüvvəsini almış Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə artıq münasibət bildirilmiş və qeyd edilən iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Bundan sonra, Ucar Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(063)-238/2020 saylı icra sənədinin icrası ilə bağlı tələbkar Əliyeva (Yunusova) Ayşən Tehmir qızı tələbdən imtina etdiyinə görə Ucar Rayon Məhkəməsi tərəfindən 27 may 2022-ci il tarixli, 8(063)-10/2022 nömrəli qərardad qəbul olunmuşdur. İşdən göründüyü kimi tələbkarın tələbdən imtinası barədə məhkəmənin qərardadı qanuni qüvvəsini almışdır. Belə ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qərar qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinin tələbinə görə bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş İddiaçı hazırkı tələbə görə dövlət rüsumunu ödəməməsi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 261.0.2, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iş üzrə icraata xitam verilsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar