Məhkəmə qərarları › İş №2(063)-768/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-768/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-768/2025 03.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 avqust 2007-ci ildə doğulmuş X3, 03 aprel 2009-cu ildə doğulmuş X4, 03 sentyabr 2011-ci ildə doğulmuş X5, 21 avqust 2014-cü ildə doğulmuş X6 və 15 avqust 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 246 manat olmaqla, cəmi 1230 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onlar 31 oktyabr 2006-cı il tarixdə nikahlarını dövlət qeydiyyatına aldırmaqla ailə qurmuşlar. Birgə nikahlarından 12 avqust 2007-ci il tarixdə X9, 03 aprel 2009-cu il tarixdə X10, 03 sentyabr 2011-ci il tarixdə X11, 21 avqust 2014-cü il tarixdə X13 və 15 avqust 2017-ci il tarixdə X14 adlı beş uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Ucar Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalması və uşaqlar üçün hər birinə ayrı-ayrılıqda 80 manat aliment kəsilmişdir. Aralarında olan razılığa əsasən o, ərizə ilə Ucar rayon icra və probasiya şöbəsinə müraciət edərək alimentə dair icra sənədi üzrə icrata xitam verilməsini xahiş etmişdir. Ucar rayon icra və probasiya şöbəsinin 18 oktyabr 2022-ci il tarixli qərarı ilə alimentə dair icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh uzun müddətdir ki, aralarında olan razılığa əsasən alimenti ödəməmişdir. Hal-hazırda maddi cəhətdən uşaqlan saxlamaqda çətinlik çəkir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilkin mediasiya sessiyasında iştirak etsə də cavabdeh gəlməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, hazırda uşaqlar onun himayəsindədirlər və onunla qalırlar, cavabdehin qazancı və gəliri barədə barədə sübutu yoxdur, amma bilir ki, cavabdeh işləyir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan X9 12 avqust 2007-ci ildə, X10 03 aprel 2009-cu ildə, X11 03 sentyabr 2011-ci ildə, X13 21 avqust 2014-cü ildə və X14 15 avqust 2017-ci ildə doğulmuşlar. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(063)- 347/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 31 oktyabr 2006-cı il tarixdə Ucar rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 260 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 12 avqust 2007-ci ildə doğulmuş X3, 03 aprel 2009-cu ildə doğulmuş X4, 03 sentyabr 2011-ci ildə doğulmuş X5, 21 avqust 2014-cü ildə doğulmuş X6 və 15 avqust 2017-ci ildə doğulmuş X7 İddiaçı yanında qalmaları, Cavabdeh 18 aprel 2019-cu ildən başlayaraq 12 avqust 2007-ci ildə doğulmuş X3, 03 aprel 2009-cu ildə doğulmuş X4, 03 sentyabr 2011-ci ildə doğulmuş X2, 21 avqust 2014-cü ildə doğulmuş X6 və 15 avqust 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə görə 80 (səksən) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah ləğv edilmiş və bu barədə 30 oktyabr 2019-cu ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 83 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 18 oktyabr 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-374/2019 nömrəli, 25 sentyabr 2019-cu il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, Nizami küçəsi, ev 17-də qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 10, ev 12-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı iddia ərizəsində cavabdehdən hər ay, hər uşağa görə 246 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, tərəflərin maddi vəziyyətini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə yetkinlik yaşına çatmayan, 12 avqust 2007-ci ildə doğulmuş X3, 03 aprel 2009-cu ildə doğulmuş X4, 03 sentyabr 2011-ci ildə doğulmuş X5, 21 avqust 2014-cü ildə doğulmuş X6 və 15 avqust 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulmalı, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 14 may 2025-ci ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddian qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 7440 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 94,40 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 14 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 12 avqust 2007-ci ildə doğulmuş X3, 03 aprel 2009-cu ildə doğulmuş X4, 03 sentyabr 2011-ci ildə doğulmuş X5, 21 avqust 2014-cü ildə doğulmuş X6 və 15 avqust 2017-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumuna görə 94 (doxsan dörd) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar