Məhkəmə qərarları › İş №2(063)-827/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-827/2024

02.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-827/2024 02.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 21 aprel 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə qeyri-rəsmi ailə qurmuşdur. Onların birgə ailə münasibətlərindən 21 aprel 2018-ci il tarixdə X6 adlı bir uşağı olmuşdur. X6 üçün 27 aprel 2018-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Cavabdeh ilə ailə münasibətləri pozulmuşdur. O, hazırda azyaşlı uşağı ilə birlikdə yaşayır, uşaq onun himayəsindədir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş və bu barədə arayış almışdır. Həmçinin, həmin arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənişləri o, etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, hazırda cavabdeh ilə barışmamışlar, ayrı yaşayırlar, uşaq da onunla qalır. Cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamamasına görə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 avqust 2024-cü il tarixli, 5-80-26/2-716/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda ərazidə yaşamır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “sms” xəbərdarlığı barədə bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan atalığın müəyyən olunması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı 21 aprel 2018ci ildə doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan X6 21 aprel 2018-ci ildə doğulmuşdur. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, X8 küçəsi, ev 10-da qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində hər ay uşağa görə 235 manat məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, aliment ödəyən valideynin qazancının və ya gəlirinin olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də iddia qismən təmin edilməklə cavabdehdən 21 aprel 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 manat manat sabit pul məbləğində aliment tutulub tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 10 iyul 2024-cü ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1980 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 39,8 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 iyul 2024-cü ildən başlayaraq 21 aprel 2018-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 39 (otuz doqquz) manat 80 (səksən) qəpik məbləğində pul tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar