Məhkəmə qərarları › İş №2(063)-918/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-918/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-918/2024 19.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 07 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə ailəli olmuşdur, onların birgə evliliklərindən üç övladları-02 sentyabr 2011-ci il təvəllüdlü X7, 24 sentyabr 2012-ci il təvəllüdlü X6, 07 mart 2016-cı il təvəllüdlü X8 doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(063)-430/2021 nömrəli qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşaqları Aytən və Röyalın cavabdehin, qızı Zəhranın isə onun himayəsində qalması müəyyən edilmişdir. Həmçinin, Ucar Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(063)-641/2022 nömrəli qətnaməsi ilə Aytən və Röyalın saxlanılması üçün ondan hər ay, hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdeh ondan iki uşaq üçün aliment tələb etsə də o, bir uşaq üçün cavabdehdən aliment tələb etməmişdir. Lakin hazırda o da cavabdehdən aliment tələb edir. Belə ki, hazırda qızı Zəhra onun himayəsindədir. Cavabdeh hazırda uşağın saxlanmasında iştirak etmədiyinə, maddi tələbatlarını təmin etmədiyinə, uşağın qayğısına qalmamaqla öz valideynlik borcunu yerinə yetirməkdən yayındığına görə o, məhkəmə vasitəsilə cavabdehin uşağın saxlanmasında iştirak etməsini tələb edir. Cavabdeh hazırda Rusiya Federasiyasında ticarətlə məşğuldur, aylıq gəliri, maddi vəziyyəti olduqca yüksəkdir. O isə heç bir yerdə işləmir, evdar qadındır, həm iki uşaq üçün aliment ödəyir, həm də himayəsində olan bir uşağa təkbaşına baxır. Hal-hazırda uşağın saxlanılması üçün o, cavabdehdən qanunla müəyyən edilmiş yaşayış minumumunu təmin edəcək məbləği tələb edir. O, ərizə ilə Mediasiya Şurasına müraciət edərək aidiyyəti mediatorun təyin edilməsini xahiş etmişdir, mediatorun müvafiq məktubu ilə tərəflər mediasiyaya dəvət edilmişlər, lakin cavabdeh gəlmədiyi üçün mediator 24 iyul 2024-cü il tarixli ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış vermişdir. O, mediasiya zamanı 50 manat rüsumu da ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi ki, əlavə olaraq göstərdi ki, cavabdehin qazancı və gəliri barədə sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, məhkəmənin qətnamələri ilə iddiaçı ilə nikahları pozulmuş, Aytən və Röyal adlı uşaqların onunla qalmaları, digər Zəhra adlı uşağın isə iddiaçı ilə qalması müəyyən edilmiş, həmçinin, onunla qalan uşaqların saxlanılması üçün hər ay, hər uşaq üçün 75 manat məbləğində onun xeyrinə aliment tutulması qət edilmişdir. Ailə münasibətləri pozulandan sonra heç yerdə işləmir, qazancı və gəliri yoxdur, fiziki qüsurlu Aytən adlı uşağa baxır. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata Cavabdeh və ana İddiaçı olan X8 07 mart 2016-cı ildə doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(063)-430/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və 07 fevral 2012-ci ildə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 02 sentyabr 2011-ci ildə doğulmuş X4 və 24 sentyabr 2012-ci ildə doğulmuş X2 iddiaçı Cavabdeh və 07 mart 2016-cı ildə doğulmuş X3 isə cavabdeh İddiaçı yanında qalmaları, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(063)-641/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 27 may 2022-ci ildən başlayaraq 02 sentyabr 2011-ci ildə doğulmuş X4 və 24 sentyabr 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər birinə görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat məbləğində pulun tutulub Azərbaycan Respublkasının dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Qazax rayonu, Cəfərli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmədiyindən cavabdehdən aliment sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə cavabdehin izahatı ilə bağlı qeyd edir ki, aliment ödəyən valideynin işləməməsi və ya qazanca malik olmaması onun uşağını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Buna görə də iddia qismən təmin edilməklə cavabdehdən 07 mart 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 145 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 01 avqust 2024-cü ildən tutulmalı, qətnamə həmin hissədə dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunduğundan və bir il ərzində tutulmalı olan alimentin miqdarı 1740 manat olduğundan dövlət rüsumuna görə cavabdehdən 37,40 manat məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 avqust 2024-cü ildən başlayaraq 07 mart 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 37 (otuz yeddi) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar