Məhkəmə qərarları › İş №2(064)-1058/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1058/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1058/2024 30.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, iddiaçı X2 nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan xx.xx.2010-cu il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin və onun və uşağının aylıq yemək xərci müavinətinin, 1440 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə el adəti ilə toy edərək ailə qurmuş, nikahlarını 07 noyabr 2009-cu il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7 adlı uşağı anadan olmuşdur. Cavabdeh öz hərəkətləri ilə ailənin dağılmasına səbəb olmuşdur. Belə ki, onun iddia ərizəsi əsasında Füzuli Rayon Məhkəməsinin 2(064)-1039/2023 saylı, 21 iyul 2023 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşağı onun yanında saxlanılmışdır. O, məhkəmədə iştirak etməmiş, belə ki, məhkəmədən ona bildirişlər gəlib çatmayıb. Həmçinin məhkəmə qətnaməsini də bu yaxınlarda, yəni 30 may 2024-cü il tarixdə nümayəndə vasitəsi ilə götürmüş. Uşağı hazırda onun yanında yaşayır. O, onun gündəngünə artan xərclərini təkbaşına ödəyir, cavabdeh uşağa heç bir maddi və ya mənəvi köməklik göstərmir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi vəkili X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin iddia tələbinin həcmini azadılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehdən uşağın saxlanması üşün 235 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Hazırda rəsmi olaraq iş yerinin olmamasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7 doğulmuşdur. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(064)-1039/2023 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə tərəflər arasında nikahın pozulması və birgə nikahdan olan xx.xx.2010-cu il tarixdə X4 nikah pozulduqdan sonra anası X2 yanında saxlanılması qət edilmişdir. -Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iş üzrə cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflərin birgə nikahlarından 1 uşağı doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və birgə nikahdan xx.xx.2010-cu il tarixdə doğulmuş X4 anasının yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin məhkəmə, uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün hər ay 235 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər iki valideynin uşaqlarının saxlamaq vəzifəsinin olmasını, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqın saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar