Məhkəmə qərarları › İş №2(064)-1117/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1117/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1117/2024 01.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1150 manat məbləğində maddi zərərin əvəzinin onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ərizəsində 700 manat yerinə səhvən 600 manat yazmışdır. Odur ki, həmin məbləğin 700 manat kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində motosikletlə hərəkət edərkən Cavabdeh idarə etdiyi Toyota Prius markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Toqquşma baş verən zaman Cavabdeh idarə etdiyi avtomobildə ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Hadisə ilə xx.xx.2024-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin hadisə zamanı ona dəyən maddi zərərin əvəzi cavabdeh tərəfindən qarşılanmamışdır. Belə ki, ona məxsus Tufan S150 markalı 99-E-214 nömrəli motosikletə dəyən zərər sığorta tərəfindən qarşılansa da onun paltarları cırılıb, yararsız hala düşmüş və ona bununla bağlı da 150 manat maddi zərər dəymişdir. Həmçinin hadisə baş verərkən onun qolunda olan turbilla patek philippe markalı dəyəri 300 manat olan qol saatında qırılmışdır. Bununla yanaşı bildirir ki, o, kuryer olaraq çalışır və 1 aydan çoxdur ki, işləyə bilmir. Hələ 10 gündə işləyə bilməyəcək. Bu, onun cavabdehin təqsiri ucbatından aylıq ortalama 600 manatlıq bir qazancın əlindən çıxması deməkdir. Toplamda Cavabdeh idarə etdiyi Toyota Prius markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona motosikletinə toqquşması zamanı cavabdehin təqsiri üzündən ona 1150 manat məbləğində maddi zərər dəymişdir. Məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin ona vurduğu 1150 manatlıq maddi zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia ərizəsində qeyd etdiyi qol saatının və geyimlərinin qiymətinə dair heç bir sübutunun olmadığını bildirmişdir. Eyni zamanda cavabdehin ona baş vermiş yol-nəqliyyat hadisəsindən sonra maddi köməklik etmədiyini qeyd etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, hazırda maddi imkanı zəifdir, xəstədir. 200-300 manat pulu hissə-hissə iddiaçıya ödəyə bilər. Hadisə vaxtı iddiaçının idarə etdiyi motosikleti təmir olunması üçün ustaya aparmış, həmin vaxt usta 200 manat təmir xərcinin olduğunu bildirmişdir. O, iddiaçıya həmin hadisədən sonra maddi köməklik göstərməmişdir. Hazırda iddiaçının xeyirinə cəmi 300 manat pulu 2 ayadək müddətə verə biləcəyini qeyd edərək iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nərimanov rayonu, Polis İdarəsinin Təhqiqqat Şöbəsinin təhqiqqatçısı polis mayoru Tuqay Mehtiyev tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin və vətəndaş İddiaçı isə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov rayonu, Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. İddiaçı tələbini cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində paltarlarının cırılıb, yararsız hala düşməsi ilə bağlı 150 manat, turbilla patek philippe markalı qol saatının qırılması ilə bağlı 300 manat, 1 ay 10 gündən çox işləyə bilməməsi ilə bağlı əldən çıxmış fayda üzrə 700 manat olmaqla cavabdehin təqsiri üzündən ona cəmi 1150 manat məbləğində maddi zərər dəyməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. İş üzrə sübutlarla, iddiaçının paltarlarının cırılıb, yararsız hala düşməsi, onun turbilla patek philippe markalı qol saatına malik olması və saatın hadisə zamanı qırılması, iddiaçının 1 ay 10 gündən çox işləyə bilməməsi halları təsdiq edilməmişdir. Məhkəmə bununla yanaşı iddiaçıya idarə etdiyi Tufan S150 markalı 99-E-214 nömrəli motosikletə görə iddiaçıya sığorta ödənişinin edildiyini nəzərə alaraq, hadisə zamanı motosikletin zədələnməsini, bununla da iddiaçının müəyyən müddət işləyə bilməməsini işin hallarına uyğun sayır, lakin iddiaçının 1 ay 10 gündən çox işləyə bilməməsi halının təsdiq edilmədiyi, eləcə də faydanın əldən çıxmasına səbəb olmuş hadisə vaxtı iddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, bununla da zərərin dəyməsinə kömək göstərdiyi üçün cavabdehin məsuliyyətinin ölçüsünün 400 manatadək azaldılmalı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin törətdiyi inzibati xəta nəticəsində iddiaçıya yalnız əldən çıxmış fayda üzrə maddi zərər dəyməsi qismən təsdiq olunduğundan, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olduğundan, lakin iddiaçı özü də zərərin yaranmasına (qəsdən və ya ehtiyatsızlıq üzündən) kömək göstərdiyindən, əldən çıxmış fayda üzrə zərərin əvəzi olaraq 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bununla yanaşı hesab edir ki, iş üzrə sübutlarla, iddiaçının paltarlarının cırılıb, yararsız hala düşməsi, onun turbilla patek philippe markalı qol saatına malik olması və saatın hadisə zamanı qırılması halları təsdiq edilmədiyindən, iddia tələbi real zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilə bilməz. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 300 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Məmmədli Səkinəxanım

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar