Məhkəmə qərarları › İş №2(064)-1173/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1173/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1173/2024 11.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh öhdəliklərin icra edilməməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 manat məbləğində pulun və tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu pulun, cəmi 1535 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şəxsi təsərrüfatla məşğul olur. Təsərrüfatında müxtəlif cür kənd təsərrüfatı təyinatlı texnikası var. Həmin texnikaları həm öz təsərrüfatında istifadə edir, həm də müəyyən ödəniş müqabilində müxtəlif şəxslərə müvəqqəti istifadəyə verir. 2023-cü ilin noyabr ayının əvvəllərində əvvəllər tanımadığı və sonradan adını bildiyi Cavabdeh öz qohumu Namiq adlı şəxslə yaşadığı evə gəlmişdir. Cavabdeh özünü təqdim edərək bildirmişdir ki, Xaçmaz rayonunun Şanlıoba kəndi ərazisində Xəzər dənizindən balıq ovlamaqla məşğuldur və dənizdə torları vardır. Balıq ovlamada ona qayığı dənizdən sahilə çıxarmaq üçün traktor lazımdır. O, cavabdehə həyətində olan YUMZ markalı təkərli traktoru göstərmişdir. Cavabdeh həmin traktoru bəyənmiş, lakin traktorda müəyyən nasazlıqlar var imiş. O, cavabdehə bildirmişdir ki, əgər həqiqətən də traktoru istifadəyə götürmək istəyirsə, traktorda olan nasazlıqları qısa müddət ərzində aradan qaldırar. Cavabdeh razılaşmış və o, təxminən bir həftəyə öz vəsaitilə traktoru tam saz vəziyyətinə gətirmişdir. 15 noyabr 2023-cü il tarixdə cavabdeh təkrarən qohumu Namiq ilə birlikdə onun evinə gəlmiş, traktoru işə salaraq yoxlamış və tam saz vəziyyətdə olduğuna əmin olmuşdur. Cavabdehlə belə razılığa gəlmişlər ki, həmin traktoru 15 noyabr 2023-cü il tarixdən 2024-cü ilin aprel ayının sonunadək istifadə edəcək və buna görə ona hər ay 300 (üç yüz) manat pul ödəyəcək. Beləliklə, 15 noyabr 2023-cü il tarixdə cavabdeh ona məxsus YUMZ markalı traktoru həyətindən aparmışdır. Lakin cavabdeh aralarında baş tutmuş razılaşmanın şərtlərini pozub, aylıq pulunu vaxtında vermədiyindən dəfələrlə telefon vasitəsilə zəng edərək pulunun verilməsini tələb etsə də, cavabdeh, hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Cavabdeh traktoru ondan götürdüyü gündən iki ay ərzində ona cəmi 400 (dörd yüz) manat pul ödəmiş, o, həmin pula ehtiyat hissələri alaraq traktoru cavabdehin istifadəsində olduğu Xəzər dənizinin kənarında təmir etmişdir. Bundan sonra cavabdeh ümumiyyətlə ona heç bir ödəniş etməmiş, dəfələrlə cavabdehin balıq ovladığı əraziyə gedərək pulunu tələb etsə də, cavabdeh bildirmişdir ki, guya ziyana işləyir, yaxın vaxtlarda pulunu verəcək. Bu minvalla cavabdeh onu 2024-cü ilin aprel ayının sonunadək yola vermiş, aprel ayının sonunda onun balıq ovladığı əraziyə getdikdə cavabdeh bildirmişdir ki, hazırda ona pul ödəməyə imkanı yoxdur, gələcəkdə pulunu ödəyəcəkdir. Pulu ödəmədiyi üçün o, traktoru cavabdehdən alaraq geri qaytarmışdır. Bundan sonra da dəfələrlə telefon əlaqəsi saxlayıb, pulunu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Cavabdehin traktorunu istifadə etdiyi üçün ümumilikdə ona 1500 (bir min beş yüz) manat məbləğində pul borcu qalmışdır. Cavabdeh 15 noyabr 2023-cü il tarixdə traktoru ondan təhvil alaraq aparan zaman öz xətti ilə qəbz yazaraq ona təqdim etmişdir ki, həqiqətən də həmin tarixdə ondan traktoru götürmüş, hər ay traktordan istifadəyə görə ona 300 manat məbləğində pul ödəyəcək və traktoru ona işlək vəziyyətdə geri qaytaracaq. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia ərizəsində qeyd etdiklərinə aydınlıq gətirərək bildirdi ki, cavabdeh ona 300 manat, traktoru cavabdehdən alıb verdiyi digər şəxs isə 100 manat pul vermişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh traktorun icarəsi üçün ona birinci ay üçün icarə pulunu vermiş, dekabr ayında icarə haqqını ödəmədiyindən o, traktoru cavabdehdən almış, həmin traktoru cavabdehlə birlikdə işləyən başqa şəxsin icarəsinə vermişdir. Həmin traktor cəmi 2 ay yarım müddətinə cavabdehin istifadəsində olmuşdur. Lakin cavabdeh yenə də həmin traktordan digər şəxslərlə birlikdə istifadə edərək balıqçılıqla məşğul olmuşdur. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və o, 2023-cü ilin sentyabr ayından balıqçılıqla məşğuldur. Bu işlə məşğul olmaqdan ötrü ona traktor lazım olduğundan iddiaçıdan bir gün üçün 10 manat olmaqla, aylıq 300 manat icarə haqqı ödəməyə razılaşmışlar. O, iddiaçıya birinci ay üçün 2023-cü ilin noyabr ayında 300 manat pul vermiş, dekabr ayında hava şəraiti ilə əlaqədar balıqçılıqla məşğul ola bilmədiyindən ödəniş edə bilməmiş, iddiaçı bu səbəbdən traktoru ondan geri almış, digər şəxsin istifadəsinə vermişdir. Həmin traktor cəmi 2 ay yarım müddətinə onun istifadəsində olmuşdur. Hazırda onun iddiaçıya cəmi 460 manat borcu qalıb. İddia tələbində qeyd olunan 1500 manat məbləğində borcunun olması ilə razı deyil. İddiaçıya borclu olduğu 460 manat pulu hissə-hissə ödəyəcək. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -Cavabdeh tərəfindən yazılan qəbzdə qeyd olunur: “Mən Cavabdeh, Füzuli rayon Yuxarı Seyidəhmədli kənd sakini, hal-hazırda Xaçmaz kəndi Tikanoba kəndində işlədiyim müqavilə əsasında Qadasoba kənd sakini İddiaçın dənizdə istifadə etmək üçün traktor arendeya almışam. xx.xx.2023-cü il tarixdə icarəyə götürdüm. İcarənin aylıq məbləği 300 azndir. Traktoru işlək vəziyyətdə geri qaytaracağımı imzamla təstiq edirəm. İmza: var. Cavabdeh.” Məhkəmə iclasında cavabdeh həmin qəbzin onun tərəfindən tərtib edildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. -675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər iddiaçıya məxsus YUMZ markalı traktorun, hər ay üçün 300 manat ödəməsi şərti ilə xx.xx.2023-cü il tarixdən 2024-cü ilin aprel ayının sonunadək cavabdehin istifadəsinə verilməsində razılaşmışlar və iddiaçıya məxsus YUMZ markalı traktor icarə müqaviləsi bağlanmadan xx.xx.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Traktordan iki ay ərzində fadalanan cavabdeh vəd etdiyi pul vəsaitindən yalnız qismən ödəniş etmişdir. Cavabdeh tərəfindən digər ödəniş olmadığından iddiaçı 2024-cü ilin yanvar ayında traktoru geri almışdır. Əldə etdiyi traktoru geri qaytarmış cavabdeh ondan istifadə etdiyi dövrdə əldə etdiyi faydanın məbləğini bildirməsə də, iddiaçıya 460 manat borcunun qaldığını göstərmişdir. İddiaçı isə cavabdehin daha artıq məbləğdə fayda əldə etdiyi barədə sübut təqdim edə bilməmişdir. İş üzrə sübutlarla cavabdehin YUMZ markalı traktordan daha artıq fayda götürməsi, traktora görə nəyi isə kompensasiya kimi əldə etməsi və ya qəsdən əldə etməməsi halları təsdiq edilməmişdir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq, əldə etdiyi traktoru geri qaytarmış cavabdehin ondan istifadə etdiyi dövrdə 760 manat (cavabdehin etiraf etdiyi qalıq borc 460 manat + qaytarılmış vəsait üzrə 300 manat) məbləğində fayda əldə etdiyini işin hallarına uyğun sayır. Bununla yanaşı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əldə etdiyi traktorla yanaşı ondan götürdüyü faydanın 300 manatını artıq geri qaytarmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh əldə etdikləri ilə yanaşı əldə etdiyindən götürdüyü faydanı da iddiaçının tələbi ilə ona qaytarmalı olduğundan, eləcə də götürülmüş faydanın 300 manatı artıq geri qaytarıldığından, 460 manat pul traktordan götürülən fayda olaraq cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üzrə ödənilmiş 35 manatın 25 manatı cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan 10 manat iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 460 (dörd yüz altmış) manat alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu üzrə ödənilmiş 35 manatın 25 manatı Cavabdeh tutularaq İddiaçı verilsin, qalan 10 manat İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (elektron kabinet vasitəsilə) Apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar