Məhkəmə qərarları › İş №2(064)-1346/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1346/2024

22.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1346/2024 22.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsində göstərilən cehiz əmlaklarını və qızıl-zinyət əşyalarının özü, özü olmadıqda onların dəyəri 5845 manat məbləğində pulu və ödənilmiş 45 manat dövlət rusumunun, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində adların qeyd etdiyi əmlaklar, yəni 1 ədəd mikser, boşqab dəsti, 1 ədəd paltar asılqan, şüşə qapaqlı şirniyyat qabı, yataq örtüyü (pakrıval) dəsti, 2 ədəd tək nəfərlik yataq dəsti, açılan ləpə qabı və iddiaçının anasının və xalası qızının hədiyyəsi olan üzüklərdən imtina etdiyini, iddia ərizəsində qeyd etdiyi digər qızılların cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2023-cü ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 18 yanvar 2024-cü il təvəllüdlü İlayda adlı 1 uşaqları doğulmuşdur. Onlar ailə qurduğu vaxtdan Cavabdeh1 valideynlərinə məxsus evdə yaşamışlar. Sonra onlar özlərinə məxsus evləri olmuş orada bərabər ayrıca yaşamışlar. Lakin birgə yaşadığı müddət ərzində aralarında tez-tez narazılıqlar olmuş, dəfələrlə boşanmaq həddinə çatmışlar. Dəfələrlə onu döyüb incidərdi o, bu barədə heç vaxt valideynlərinə bildirməmişdir. Axrıncı dəfə 2024-cı il tarixdə aralarında baş vermiş narazılıqla əlaqədar Rəsul onu çox döydüyünə görə o, anasına bildirmiş və anası gələndən sonra onu Rəsulun əlindən almış sonra o, Füzuli rayon polisi şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda o, Cavabdeh1 ayrılaraq valideynləri yaşayan evə gəlmiş və həmin vaxtdan da uşağı ilə bərabər valideyninə məxsus evdə yaşayır. Cavabdehlə aralarında olan nikah pozulmuşdur. O, həmin evdən çıxandan sonra atası evindən apardığı və iddia ərizəsində adları qeyd olunan cehiz əmlakları, yəni 1 ədəd mikser, boşqab dəsti, 1 ədəd paltar asılqan, şüşə qapaqlı şirniyyat qabı, yataq örtüyü (pakrıval) dəsti, 2 ədəd tək nəfərlik yataq dəsti, açılan ləpə qabı və iddiaçının anasının və xalası qızının hədiyyəsi olan üzüklər və 4800 manat dəyərində İtaliya istehsalı olan 583 əyarlı, 26,80 qram dəyərində sırğa, üzük, seo və qolbağ dəsti Cavabdeh1 valideynlərinə məxsus evdə qalmışdır. O, cehizini könüllü olaraq geri tələb etsə də, cehizinin bir qismi cavabdehlərin evində qalmış və onlar bu günə qədər ona məxsus olan cehiz əmlakı və qızıl-zinət əşyalarını verməmişdir. Cavabdehlər onun əmlaklarını qaytarmadığından o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı azaldılmış həcmdə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, qızıl dəstin qiymətinin 4800 manat olmasına həmin qızılların üzərində olan etiketlə və məhkəməyə cavabdeh Rəsulun vatsap səs yazısındakı etirafı ilə də təsdiq olunur. Həmçinin bildirmişdir ki, mübahisəli qızıl dəstini cavabdeh banka girov qoyub pul götürdüyü zaman onun bundan xəbəri olmamışdır. O, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində adların qeyd etdiyi əmlaklar, yəni 1 ədəd mikser, boşqab dəsti, 1 ədəd paltar asılqan, şüşə qapaqlı şirniyyat qabı, yataq örtüyü (pakrıval) dəsti, 2 ədəd tək nəfərlik yataq dəsti, açılan ləpə qabı və iddiaçının anasının və xalası qızının hədiyyəsi olan üzüklərdən imtina etdiyini, iddia ərizəsində qeyd etdiyi digər qızılların, yəni 4800 manat dəyərində, 583 əyarlı İtaliya istehsalı, 26,80 qram çəkidə olan qızıl sırğa, üzük, sep və qolbağ dəsti və ya onların dəyəri 4800 manat məbləğində pul alınaraq cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı azaldılmış həcmdə müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, iddia ərizəsində tələb olunan 583 əyarlı İtaliya istehsalı, 26,80 qram çəkidə olan qızıl sırğa, üzük, sep və qolbağ dəstinin qiyməti 4800 manat deyil, daha azdır. Həmin qızıl dəstini iddiaçı ilə birgə nikah dövründə iddiaçının razılığı ilə banka girov qoyub kredit pul götürmüşdür. Qızılları banka girov qoyduğu zaman həmin qızıllar bank tərəfindən bazar qiyməti olaraq 2252 manat, likvid qiymət kimi isə 1576 manat olaraq qiymətləndirilmişdir. O, hazırda da həmin krediti ödəyir, kredit ödənişi bitdikdən sonra həmin qızılları bankdan götürəcək və onu iddiaçıya vərəcək. Həmin qızılların iddiaçı üçün hədiyyə olaraq alındığını qeyd edərək həmin qızılların iddiaçıya verilməsinə razı olduğunu bildirmişdir. Lakin həmin kredit ödənişlərinin də onunla iddiaçı arasında bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, iddia ərizəsində tələb olunan 583 əyarlı İtaliya istehsalı, 26,80 qram çəkidə olan qızıl sırğa, üzük, sep və qolbağ dəstinin qiyməti 4800 manat deyil, daha azdır. O, həmin qızıl dəstini gəlini İlahə üçün toy zamanı almışdır, lakin həmin qızılları hansı qiymətə aldığını xatırlamır. Həmin qızıl dəstini oğlu, iddiaçı ilə birgə nikah dövründə banka girov qoyub kredit pul götürmüşdür. Oğlu hazırda həmin krediti ödəyir, kredit ödənişi bitdikdən sonra həmin qızılları bankdan götürüb iddiaçıya vərməyə etiraz etmir. Çünki həmin qızılları iddiaçı üçün hədiyyə olaraq almışlar. Digər Cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır. İddiaçıya məxsus cehiz əmlakları ona məxsus yük maşını ilə cavabdehə məxsus evdən götürmüşlər. Həmin vaxt yük maşınını o, idarə etmişdir. Cavabdeh siyahı ilə cehiz əşyalarını vermiş, iddiaçı tərəfdən əşyaları götürmək üçün getmiş şəxslər də siyahını imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını iddia ərizəsində tələb etdiyi asılqanı o, cavabdeh üçün hədiyyə olaraq almışdır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Füzuli Rayon Məhkəməsinin 2(064)-840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 Firudin oğlu arasında Səadət Sarayı Bakı Nikah Evi tərəfindən 473 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 Firudin oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi və Cavabdeh1 Firudin oğlundan məhkəmə xərclərinə görə ödənilmiş cəmi 50 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LB/23/008/001144 saylı kredit müqaviləsindən və ona əlavədən görünür ki, Cavabdeh1 2550 manat kredit pulu bankdan götürdüyü zaman 47,8 qram çəkidə qızılları banka girov qoymuşdur. Mübahisə predmeti olan 583 əyarlı, 26,5 qram çəkidə olan qızıl dəstinin (qarnitur) bazar qiyməti 2252 manat, likvid qiymət kimi isə 1576 manat olaraq qiymətləndirilmişdir. - Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı cavabdehdən özünəməxsus olan qızıl-zinət əşyası olan 4800 manat dəyərində, 583 əyarlı İtaliya istehsalı, 26,80 qram çəkidə olan qızıl sırğa, üzük, sep və qolbağ dəsti və ya onların dəyəri 4800 manat məbləğində pul alınaraq ona verilməsini tələb edir. Cavabdeh həmin qızıl-zinət əşyasının girovda olduğunu, eyni zamanda iddiaçının razılığı ilə girova qoyulduğu əsası ilə iddiaya etiraz edir. Məhkəmə cavabdehin həmin dəlillərini ağlabatan saymır. Belə ki, işin mübahisəsiz halı ondan ibarət ki, qızıl-zinət əşyası iddiaçıya hədiyyə olaraq verilmiş, iddiaçının ayrıca mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin əmlakın girov qoyulmasına razılıq olması halında girov onun tərəfindən lombarda təqdim edilə bilərdi. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, qızıl-zinət əşyası lombarda cavabdeh tərəfindən girov olaraq qoyulmuşdur. Bu səbəbdən, iddia tələbində qızıl-zinət əşyalarının ya özünün naturada, ya da dəyərinin ödənilməsi tələb edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən qızıl-zinət əşyasının onun iradəsindən asılı olmayaraq cavabdeh tərəfindən girov qoyulmasına dair iddiaçının dediklərini işin hallarına uyğun saymır. Məhkəmə hesab edir ki, iddiaçının özünəməxsus əmlakdan istifadə etmək, ona dair sərəncam vermək dövlət tərəfindən qorunan hüququ olduğundan, eyni zamanda onun öz əmlakını başqasının qeyri-qanuni sahibliyindən geri tələb etmək hüququ olduğundan həmin qızıl-zinət əşyası ona qaytarılmalıdır. Məhkəmə eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, qızıl-zinət əşyasının lombarda olması qızıl-zinət əşyasının iddiaçıya qaytarılmasına dair hissədə iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, cavabdehin həmin əmlakı digər şəxsdən almalı olması cavabdehi iddiaçı qarşısında iddiaçıya məxsus əmlakın iddiaçıya geri qaytarılması öhdəliyindən azad etmir. Məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilə bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tələb olunan qızıl-zinət əşyaları digər cavabdehlərdə deyil. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh tələb olunan qızıl-zinət əşyaların mövcudluğunu və iddiaçıya məxsus olduğunu mübahisələndirməmişdir. Cavadbeh tələb olunan qızıl-zinət əşyalarının qiymətinin şişirdildiyini bildirmişdir. İddiaçı bununla razılaşmamışdır. Belə ki, iddiaçı həmin qızılların alındığı zaman üzərində olan etiketdə qızılların qiymətinin 4800 manat qeyd olunduğunu və cavabdehin vatsap səs yazısında da həmin qızılların 4800 manata alındığını etiraf etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş, iş materiallarına əlavə olunmuş və səs yazısının ona məxsus olduğu cavabdeh tərəfindən təsdiq olunmuş səs yazısında qeyd olunur ki, “bax, yuxarıda oxu, mikserdən oxu, qızıllara yenəndə, birinci qızılların siyahısını oxuma, 4800 manatı oxuma,onu bazarlığa qoydurub, guya ki, mənim aldığımdır. Ondan aşağıda hesablayan iki dənə qızıllar var, 450 manat və 300 manat, bir də bu yuxarıdakı, 1-dən 7-ə qədər olanlar, bunun iddiaları bunlardır. Sən bir dənə 4800 manatı çıx ordan, o, bizim aldığımız bazarlıqdır.” Cavabdeh məhkəmə iclasında qızılların qiymətinin 4800 manat olmadığını, daha ucuz olduğunu bildirsə də, bu barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçınin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinəəsasən, nikaha girənədək ər-arvaddan hər birınə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründəərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4800 manat dəyərində, 583 əyarlı İtaliya istehsalı, 26,80 qram çəkidə olan qızıl sırğa, üzük, sep və qolbağ dəsti və ya əşyalar olmadığı təqdirdə isə onların dəyəri 4800 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, 20,0 manat məbləğində dövlət rüsumu və ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4800 manat dəyərində, 583 əyarlı İtaliya istehsalı, 26,80 qram çəkidə olan qızıl sırğa, üzük, sep və qolbağ dəsti və ya onların dəyəri 4800 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 20 manat dövlət rusumu, ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar