Məhkəmə qərarları › İş №2(064)-1416/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1416/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1416/2024 07.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid olunun katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakları ilə, iddiaçı X2 Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra – Cavabdeh) dəymiş maddi zərərə görə 4480 manat, diaqnostik ziyan aktına görə ödənilmiş 90 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pulun, həmçinin 360 manat yol xərcinin əvəzinin Cavabdehdən alınıb İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 8 mart 2024-cü il saat 18:00 radələrində Füzuli rayonu, 6-cı Qayıdış qəsəbəsindən 11 Qayıdış qəsəbəsi istiqamətində surət həddi 90 km/saat olan yolda 100 km/saat surətlə hərəkətdə olan zaman ona məxsus ** EO *** dövlət qeydiyyat nişanlı, MERSEDES-BENZ markalı E-240 minik avtomobili İddiaçının qohumu X6 idarə etmişdir. Həmin vaxtı İddiaçı da sözügedən avtomobildə olmuşdur. İddiaçının qohumu X6 hərəkət etdiyi yolun sağ tərəfində dayanmış MERSEDES SPRİNTER markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil, onların avtomobilinin ona yaxınlaşması zamanı heç bir dönmə nişanı vermədən dönərək qarşılarına çıxmış və əyləci Rövşən sıxsa da avtomobili saxlamaq mümkün olmamış və avtomobil sürüşərək sürücü tərəfdən həmin avtomobilə çırpılmışdır. Həmin avtomobil Amid adlı şəxsə məxsusdur və avtomobilin sığortası, texniki baxışı olmamışdır. Həmin avtomobili hadisə zamanı Cavabdeh idarə etmişdir. Cavabdehin həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Avtomobilə dəyən ziyanla bağlı 07 May 2024-cü il tarixdə "Sərxan" avtoservisdə № 59 saylı Ziyan Aktı tərtib edilmişdir. Həmin ziyan Aktında yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 4480 manat göstərilmişdir. Bundan əlavə İddiaçı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq ziyan məbləğinin 2%-ni müəssisəsinin kassasına 223562 nömrəli qəbzlə 90 manat pul vəsaiti ödəmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olumasını xahiş etmişdir. Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini və həmin məbləğin ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 18:00-da ** EO *** dövlət qeydiyyat nişanlı, MERSEDES-BENZ markalı avtomobil ilə Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi istiqamətində hərəkət edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 10 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 18:00-da MERSEDES SPRİNTER markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi istiqamətində hərəkət edərkən qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və etibarnamə olmadan idarə etmə, icbari sığorta müqaviləsinin bağlanmamasına və əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə İXM-nin 339.1-1, 332.1, 469.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 8/966 nömrəli ekspert rəyinin surətindən görünür ki, Mercedes-Benz 903 markalı **-JD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh Mercedes- Benz 903 markalı mikroavtobusu sola və sağa dönmə işıqları nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavənin 3-cü hissəsinin 3-cü bəndinin) tələblərinə uyğunsuzluq olmuşdur. Mercedes-Benz E240 markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü R.K.X8 E240 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 059 nömrəli ziyan aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Mercedes Benz E240 markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 4480 manat təşkil edir. İddiaçı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq ziyan məbləğinin 2%-ni müəssisəsinin kassasına 223562 nömrəli qəbzlə 90 manat pul vəsaiti ödəmişdir. İş materiallarına əlavə edilmiş X1 Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mercedes-Benz E240 markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan avtomobil, Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə digər avtomobilə zərər vurulmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində hadisə zamanı mülkiyyətçisi olmuş X2 nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzini tələb edilmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 4480 manat məbləğində maddi zərər, bununla yanaşı İddiaçı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq ödədiyi 90 manat pul vəsaiti Cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçının tələb etdiyi 360 manat məbləğində gediş-gəliş xərcləri ilə bağlı tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 70 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi də Cavabdehə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 4480 manat, diaqnostik ziyan aktına görə ödənilmiş 90 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat olmaqla cəmi 4640 manat məbləğində pul alınıb iddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar