Məhkəmə qərarları › İş №2(064)-157/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-157/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-157/2023 17.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi vəkil X1 iştirakları ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nigahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009cu ildə el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahlarını 2009-cu il noyabr ayının 5-də Füzuli rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 524 nömrə ilə qeyd edilmişdir. Evli olduqları müddətdə birgə nikahdan xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2013-cü il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh uzun müddətdir ki, evdən çıxıb gedib başqa qadınla birlikdə yaşayır. Cavabdehin maddi imkanı yaxşıdır. Uşaqları hazırda onun yanında yaşayırlar. O, uşaqlarını təkbaşına saxlayır, cavabdeh uşaqlara heç bir yardım göstərmir. Ona görə də, aliment üçün məhkəməyə müraciət etməli olmuşdur. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək bildirirmişdir ki, İddiaçı ilə xx.xx.2009-cu ildə ailə qurmuşlar. xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2013-cü il tarixdə X5 adlı övladları doğulmuşdur. Cavabdehlə əvvəllər ailə münasibətləri yaxşı olmuş, lakin sonralar münasibətləri pisləşmişdir. Artıq onunla birgə yaşamaqları dözülməz hala gəlmişdir. Münasibətlərinin pozulmasına səbəbkar İddiaçı özüdür. Buna görə də, onunla aralarında olan nigahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi vəkil X6 ilk idianın qismən təmin olunmaqla hər ay hər uşağa görə 150 manat alimentin tutulmasını, qarşılıqlı iddianın təmin edilməklə nikahın pozulmasını xahiş etdi. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan qismən təmin, qarşılıqlı iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İ № 536346 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2009-cu tarixli, 524 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadları verilmişdir. AZ-İİİ № 042388 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixində Füzuli rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ № 512672 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixində Füzuli rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1-ci maddəsində göstərilir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci hissəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəfindən qanunvericiliyin bu normasına tam əməl olunmuşdur. Belə ki, işin məhkəmə tədqiqatından aydın olur ki, tərəflər arasında olan ailə münasibətlərini bərpa etmək mümkün olmamış və tərəflər boşanmaq fikrinin qəti olduğunu bildirmişlər. Tərəflərin ailə münasibətlərinin bərpasının qeyri-mümkünlüyü barədə yuxarıda sadalananlar onlar arasındakı nikahın pozulmasına imkan verir. Bu səbəbdən də, məhkəmə tərəflər arasında olan mövcud vəziyyəti, eyni zamanda işin faktiki hallarını, ər-arvadın birgə yaşaması və ailənin saxlanmasının mümkün olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış nikahın pozulması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 29 iyul 2019-cu il tarixli Qərarında göstərmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Odur ki, məhkəmə qeyd olunan mövqedən çıxış edərək hesab edir ki, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə, tərəflər nikah pozulduqdan sonra 3 il ərzində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Odur ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan azyaşlılar Azra və Zəhranın yaşayış yerləri məsələsini müzakirə edən məhkəmə atanın uşaqlarla bağlı hər hansı tələbinin olmamasını, eləcə də azyaşlı uşaqların daha çox ana qayğısına və köməyinə ehtiyaclarının olmasını nəzərə alıb onların analarının yanında qalmalarını əsaslı hesab edir. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsində göstərilir ki, 1 uşağa görə - qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment uşaqlar üçün məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə azyaşlılar Azra və Zəhranın saxlanılmaları üçün tutulacaq alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafeylərini, həmçinin əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və sair diqqətəlayiq halları nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia tələbi bu hissədə qismən təmin olunmaqla İddiaçı ərizə verdiyi xx.xx.2022-ci il tarixdən etibarən azyaşlılar Azra və Zəhranın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla ayda cəmi 360 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixində bağlanmış 524 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il tarixdə X4 və xx.xx.2013cü il tarixdə X5 anaları İddiaçı yanında qalsınlar. xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat aliment İddiaçı xeyrinə tutulsun. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə, onlar nikah pozulduqdan sonra 3 (üç) il ərzində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. Qətnamənin alimentin tutulması hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar