Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1631/2025 08.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçının Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı (bundan sonra - İddiaçı) alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının azaldılaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 1-ci dərəcəli ümumi əlildir, ağır dərəcəli əqli gerilik, Oliqofreniya, imbesil dərəcədə diaqnozlu xəstə olduğuna görə daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı var. DSMF-dən aylıq 270 manat pensiya alır. Səhhətilə əlaqədar işləyə bilmədiyimə görə başqa gəliri yoxdur. Aldığı pensiyanın xeyli hissəsi xəstəliyi ağırlaşarkən dərmanların alınmasina sərf olunur. Pensiyasından hər ay 200 manat sabit pul məbləğində aliment tutulduqdan sonra ona aylıq 70 manat qalır ki, bu məbləğ nəinki qidalanmasına, heç dərmanlarımın alınmasina çatmır. Məhkəmənin müəyyən etdiyi aliment hazırki vəziyyətinə görə həddən çoxdur. Diqqətəlayiq hal nəzərə alınmaqla ondan uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması daha ədalətli olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-295/2025 saylı qətnaməsi əsasında müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah aktının ləğv olunması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 ananın yanında saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin təyin olunması qət edilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinə nəticəsində müəyyən olunur ki, İddiaçı birinci dərəcəli əlildir və ona ağır dərəcəli əqli gerilik diaqnozu qoyulmuşdur. - Cavabdehin yazılı ərizəsi əsasında məyyən olunur ki, alimentin miqdarının 100 manat sabit pul məbləğinə qədər azaldılmasına razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarınıda nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.4-1-ci bəndində göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Həmin qərarın 8.4-3-cü bəndində göstərilir ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Yuxarıda istinad olunan Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər….. Yuxarıda istinad olunan Ali Məhkəmənin Plenum Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, İddiaçı-ata maddi vəziyyətinin pisləşməsini əsas gətirərək alimentin azaldılması tələbi ilə Məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi (hazırkı halda azaldılması) üçün zəruri şərtlərdən biri kimi tərəflərdən birinin ailə vəziyyətində dəyişikliyin olmasını qeyd etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi əsaslarından biri də tərəflərdən birinin (hazırkı halda İddiaçı atanın) maddi vəziyyətində dəyişikliyin olması, yəni maddi vəziyyətinin pisləşməsidir. Belə ki, İddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında müəyyən olunur ki, o, əmək qabiliyyətsizdir və ona ağır dərəcəli əqli gerilik diaqnozu müəyyən edilib. Belə olan halda o, hər hansı bir işlə məşğul olmaq, valideynlik vəzifələrini tam formada yerinə yetirmək iqtidarında deyildir. İddiaçının yeganə gəlir mənbəyi dövlət tərəfindən təyin olunmuş əlilliklə bağlı təqaüddən ibarətdir və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-295/2025 saylı qətnaməsi ilə təyin edilmiş aliment miqdarı onun maddi vəziyyətinin kifayət qədər pisləşməsinə səbəb olmuşdur. Həmçinin Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında və Məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddia tələbini qəbul etdiyini bildirmişdir. Odur ki, Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, həm də yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yəni onun artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, İddiaçı ananın özünün də azyaşlı övladını saxlamaq vəzifəsinin olmasını, Cavabdehin maddi vəziyyətini, nisbətdə bir uşağa görə tələb olunan maliyyə yükünün azlığı, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, hər ay xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehdən İddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400 * 0,25 = 100 manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyinə görə iş üzrə alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin olunsun. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-295/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılsın. İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400 * 0,25 = 100 manat) həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1631/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1631/2025
08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver