Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1656/2023 29.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X1 onun istifadəsində olan 80 sot torpaq sahəsindən çıxarılması və 1 otaqlı çiy kərpicdən olan evi yaşayışa yararlı hala salmaqla qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, atasının ailəsi ilə birlikdə Füzuli rayonu işğal olunandan sonra, məcburi köçkün kimi Füzuli rayonunun Böyük Bəhmənli kəndinin üst tərəfində yerləşən kəndlərinin qış yatağı olan Gecəgözlü kənd yatağında kəndlərinin digər sakinləri kimi məskunlaşıb yaşamağa başlamışdır. Lakin atası vəfat etdikdən sonra işi ilə əlaqədar olaraq Bakı şəhərinə faktiki yaşadığı ünvana köçməli olmuşdur. Bu zaman istifadəsində olan atasının tikdiyi evləri yardımçı binaların hər birini təmənnasız olaraq qohumu, sabiq polis zabiti Cavabdeh istifadəsinə vermişdir. Hazırda torpaqları işğaldan azad olunmuşdur və bərpa olunan ərazilərdə ona və onun ixtisasına ehtiyac olduğundan köçüb məskunlaşdığı əraziyə gəlmişdir. Təxminən 1 il bundan əvvəl ona məlum olmuşdur ki, yaxın qohumu sabiq polis zabiti - Cavabdeh ona verdiyi torpaq sahəsindən və digər tikililərdən istifadə etməkdən gözü doymamış, onun xəbəri olmadan və heç kəsə bildirmədən mərhum atasının tikdiyi və ona qalan məcburi köçkünlərin sənədsiz olaraq tikib yaşadıqları kimi olan bir otaqlı çiy kərpicdən yaşayış evi yararsız hala salaraq - hörmətsizlik edərək həmin otaqda mal-qara saxlamağa başlamışdır. Bunun üçün o, qapının qıfılını qırmışdır. O, nə qədər ondan israrla tələb etsə də ki, evi boşalt və yaşayışa yararlı hala sal , o , saymamazlıq edərək sanki, bu elə onun ata yurdudu hesab edərək evi qaytarmaq istəmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan torpaq sahəsi və onun üstündə inşa edilmiş tikili onun sahibliyindədir və iddiaçıya heç bir aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı cavabdeh M.Məmmədovun 80 sot torpaq sahəsindən çıxarılması və bir otaqlı çiy kərpicdən olan evi yaşayışa yararlı hala salmaqla qaytarılmasını tələb etsə də qeyd olunan torpaq sahəsinin onun istifadəsində, icarəsində və ya sahibliyində olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hansısa iddia tələbi ilə məhkəmədə iddia qaldrımaqda subyektiv hüquqlara sahib olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız sayılaraq rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1656/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1656/2023
29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver