Məhkəmə qərarları › İş №2(064)-1773/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1773/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1773/2024 14.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi alimentin təyin edilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra - Cavabdeh) xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 150 manat pulun Cavabdehdən tutulub İddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 2023-cü il tarixdə qeyrirəsmi evlənmişlər və qeyri-rəsmi evliliklərindən 1 övladı - xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə sonralar münasibətləri pozularaq ayrılmışlar və uşaq onun yanında qalır. Maddi vəziyyəti yaxşı olmadığına görə Cavabdehin ona hər ay 235 manat sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 150 manat pul verməli olduğunu hesab edir. Məhkəmədə iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, hazırda Cavabdeh yenidən evlənib, başqa ailəsi var və maddi vəziyyəti yaxşı deyil. Məhkəmənin deyilənləri nəzərə almasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki: - X3 xx.xx.2024-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır (Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-V seriyalı, 003631 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən); - Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı doğulmuş X2 atasıdır (AZ-İ seriyalı, 428634 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti əsasında); - Nikahın pozulması tələbinə dair xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında birinci tərəf İddiaçı iştirak etsə də, ikinci tərəf Cavabdeh iştirak etməmişdir ( Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surəti əsasında). Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək Cavabdeh, Məhkəməyə iddia ərizəsi ilə müraciət olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla 200 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, işin araşdırılan halları ilə, eyni zamanda məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olundu ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün valideyinlik vəzifələrini yerinə yetirmir, həmçinin uşaq anası ilə birlikdə yaşayır. Onun tərbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafı ilə anası məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və Cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment tələbi üzrə nəticəyə gələrkən uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə Cavabdehin ödəmə qabiliyyətini, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların analarının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, ödəniləcək aylıq aliment məbləğinin bir uşaq üçün 200 manat olması yetərlidir və bu aliment məbləği ilə uşağın layiqli həyat şəraitini, qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə İddiaçının xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək ona Cavabdeh tərəfindən hər ay 150 manat məbləğində alimentin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 iyul 2018-ci il tarixli qərarında aşağıdakıları göstərmişdir: “... Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır”. Məhkəmə yuxarıda qeyd olunanları və İddiaçının əlavə yardım almaq üçün maddi yardıma ehtiyacının olmasını sübut etməməsini, həmçinin tərəflər arasında nikahın olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçının xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək ona Cavabdeh tərəfindən hər ay 150 manat məbləğində alimentin ödənilməsi tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyinə görə iş üzrə alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar