Məhkəmə qərarları › İş №2(064)-182/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-182/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-182/2024 25.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov İlham Rəvan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “alimentin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) ilə birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə evli olduqları müddətdə birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Sevil və xx.xx.2009-cu il təvəllüdlü Elvin adlı uşaqları doğulmuşdur. Nikahları Füzuli Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(064)-600/2021 saylı qətnaməsi əsasında pozulmuş, uşaqlar onun yanında saxlanmışdır. Həmin vaxt aliment tələb etməmişdir. Lakin indi maddi vəziyyəti yaxşı olmadığına görə cavabdehin ona hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment verməli olduğunu hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izhat verərək iddia ərizəsinin təmin olumasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki: - iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah 01 iyul 2021-ci il tarixdə Füzuli rayon məhkəməsində pozulmuş və uşaqlar ananın himayəsinə verilmişdir. (Füzuli rayon məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(064)-600/2021 saylı qətnaməsinin surətinə əsasən). - Tərəflərin nikahından xx.xx.2007-ci il tarixdə Sevil adlı uşaqları doğulmuşdur (AA seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surəti əsasında). - Tərəflərin nikahından xx.xx.2009-cu il tarixdə Elvin adlı uşaqları doğulmuşdur (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti əsasında). Beləliklə, tərəflərin nikahından doğulmuş uşaqları yetkinlik yaşına çatmamışlar. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün Cavabdeh, məhkəməyə iddia ərizəsi ilə müraciət olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla bir uşaq üçün 180 manat olmaqla cəmi 360 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, işin araşdırılan halları ilə, eyni zamanda məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olundu ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqlar anaları ilə birlikdə yaşayır. Onların tərbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafı ilə anaları məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin mənasına görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment tələbi üzrə nəticəyə gələrkən uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə cavabdehin ödəmə qabiliyyətini, 2023-ci ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların analarının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, ödəniləcək aylıq aliment məbləğinin iki uşaq üçün 360 manat olması yetərlidir və bu aliment məbləği ilə uşaqların layiqli həyat şəraitini, qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar