Məhkəmə qərarları › İş №2(064)-1832/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1832/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1832/2024 15.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından doğulmuş 29 sentyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün 26 aprel 2024-cü il tarixdən başlayaraq onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki o, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə faktiki olaraq ailə həyatı qurmuşlar, lakin nikahlarını rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Nikahdan xx.xx.2023-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Övladı doğulan müddətdən ailə münasibətləri pozulduğu üçün Cavabdeh ilə faktiki əlaqələri yoxdur. övladı hazırda onun yanındadır, valideynlərinin himayəsində yaşayır.Füzuli Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə uşağın atalıq faktı müəyyən olunmuşdur. Elşən uşağın saxlanılma xərclərinə könüllü olaraq heç bir yardım göstərmir. O, bu barədə Mediasiyaya müraciət etmişdir, lakin o heç bir nəticə verməyib. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin az yaşlı uşağın onun yanında saxlanılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Hazırda rəsmi olaraq ikinci dəfə ailə qurmuşdur, həmin nikahdan da doğulmuş azyaşlı uşağı var və səhhətindəki narahatlıqları ilə bağlı işləyə bilmir. Hər ay idddiaçının xeyirinə 110 və ya 120 manat məbləğində aliment ödəyə bilər. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahlarından 29 sentyabr 2023-cü il təvəllüdlü X2 doğulmuşdur. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-463/2024 saylı qətnaməsi ilə 29 sentyabr 2023-cü il təvəllüdlü X1 atasının Cavabdeh olması qət edilmişdir. -atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 29 sentyabr 2023-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. -Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iş üzrə cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. -Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli Rayonu Kürdmahmudlu kəndi İnizbati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, İddiaçı, oğlu 29 sentyabr 2023-cü il təvəllüdlü X2 ilə birlikdə hal-hazırda Füzuli Rayonu, Kürdmahmudlu kəndində yaşayır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflərin 1 uşağı doğulmuşdur. Tərəflər arasında rəsmi nikah bağlanmamış, məhkəmə qətnaməsi ilə onların faktiki nikahından doğulmuş 29 sentyabr 2023-cü il təvəllüdlü X1 atasının Cavabdeh olması faktı müəyyən edilmiş və qətnamə əsasında müvafiq şəhadətnamə alınmışdır. Uşaq hazırda anası ilə birgə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin məhkəmə, uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün hər ay 235 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hər iki valideynin uşaqlarının saxlamaq vəzifəsinin olmasını, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, hazırki halda cavabdehdən uşaqın saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 sentyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh dövlət nəfinə 42,80 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 29 sentyabr 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh dövlət nəfinə 42,80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar