Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1852/2024 28.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, tərəflər arasında uzunmüddətli tanışlıq olub. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli Bakı şəhəri 15 saylı notariat ofisində Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh Müqavilədə müəyyən edilmiş şərtlə Azərbaycan Respublikası DİN BDYPİ QLL tərəfindən xx.xx.2023-cü il tarixdə BB № 389373 qeydiyyat nömrəsi olan X1 Şəhadətnaməsinə əsasən satıcıya məxsus olan KİA CEED minik markalı, buraxılış ili 2011-ci il, dövlət nömrə nişanı ** KB *** olan avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdəliyinə götürüb. Avtomobilin satış qiyməti 20900 manat müəyyən edilib. Cavabdeh pulun 6500 manat məbləği müqavilə bağlandığı anında , qalan 14400 manat məbləği hər ayın 25-30 arasında 600 manat olmaqla 24 ay ərzində İddiaçıya tam ödədikdən sonra AR DİN DYPİ tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayışı alaraq avtomobili Cavabdehə satmağı, əsas müqaviləni bağlamağı və avtomobili mülkiyyətinə verməyi öhdəsinə götürüb. Lakin Cavabdeh öhdəliyi yerinə yetirməyib, müqaviləyə əsasən 24 ay ərzində İddiaçıya aylıq 600 manat məbləğində pul ödəməli idi. Cavabdeh 8 ay ödəniş etdikdən sonra qalan məbləğin ödənişini dayandırıb. İddiaçı məcbur olaraq Bakı şəhəri 15 saylı notariat ofisinə borc müqaviləsini ləğv olunması ilə bağlı müraciət edib. Notariusda bildirilib ki, müqavilənin ləğvi üçün hər iki tərəf müraciət etməlidir, ona görə də İddiaçı müqavilənin ləğvi üçün Cavabdehə təklif edib və əks təqdirdə alqı-satqı müqaviləsinin ləğvi olunması ilə bağlı məhkəməyə müraciət olunacağın bildirib. Cavabdeh may ayının 23-də ilkin ödəniş və 8 ayı 600 manatı normal ödəniş edib, lakin 2 ay yarım (75 gün) müddətdə Cavabdehə vaxt verməyinə baxmayaraq ödəniş olunmadığı və Cavabdeh öhdəliyini yerinə yetirmədiyinə görə İddiaçı maşını geri götürmək qərarına gəlib. İddiaçı bildirir ki, maşını evakuatorla götürərkən bir başa ustanın yanına gətirilib. Maşın bərbat vəziyyətdə olduğuna görə təmirə ehtiyac var idi (motor dağılıb, təkərləri bərbat diskləri isə əzilib, beyni yanıb, elektrik şunurları matora yapışıb, koropkası yağ axıdır, kotalizatoru oğurlanıb, qluşiteli kəsilib, travisin üstündə daş parçaları olub və kitab deyilən hissəsi sıradan çıxıb). Cavabdeh cərimələrini vaxtında ödəmədiyinə görə 271 manat məbləğində cərimələnib. Hər bir yeri vurulub və əzilib. Beləliklə İddiaçının maşına cəkdyi pul xərci (evakuator 30 manat, mator 1400 manat, disk təkərlər 800 manat, yanmış beyni 300 manat, elektrik işi 150 manat, karobkanın toxunmağı 120 manat, kotalizator 400 manat, malyar kraska 1250 manat) Fevral, mart, aprel aym 13 nə qədər (75qün) 1500 manat və 450 manat əlavə xərclər( kimyəvi təmizləmə, aniarizatorlar, peredokun yığılması və sayrə xırda xərclər) xərclənib. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmayıb. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh iddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri 5 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq həmin şərtləri yerinə yetirməkdən yayınmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Odur ki, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təsdiq edilən xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1852/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1852/2024
28.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver