Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-210/2025 18.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən 117000 manat əsas pulun və ödənilmiş 410 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2015-2016-cı illərdə evi üçün ət məhsulları alan zaman Cavabdehlə aralarında isti münasibət və tanışlıq yaranmış, bu tanışlıqdan bir neçə vaxt sonra Cavabdeh ona bildirmişdir ki, onun mal alıb satışında, ət və digər ət məhsullarında böyük səriştəsi vardır. Lakin bu gün maddi imkanı aşağı olduğundan iş fəaliyyətini genişlədirə bilməyir. Onun üçün ona maddi dəstək olduğu halda gəlirini daha çox etmək imkanı vardır. Bununla bağlı o, İddiaçıya müraciət etmişdir. Bundan sonra İddiaçı ilkin olaraq Cavabdehə 2500 (iki min beş yüz) manat, bundan sonra 2100 (iki min yüz), 1100 (min yüz), 1900 (min doqquz yüz), 4500 (dörd min beş yüz), 6000 (altı min), 500 (beş yüz), 10.000(on min, 10.000 (on min), 10.000 (on min), 10.000 (on min), 13.500 (on üç min beş yüz), 2000 ABŞ dolları, 600 Dollar, 6200 Dollar pul vermişdir ki, bu da ümümi verdiyi 117 min manatın 20200 (iyirmi min iki yüz) dollar şəklində olmuşdur. Bir necə zamandan sonra İddiaçıya təcili iki min manat pul lazım olduğu halda Cavabdeh həmin məbləği İddiaçıya çatdırmaqda çətinlik çəkmişdir. Bu halda İddiaçı ondan şübhələnmişdir və verdiyi pulları hara xərclədiyi haqqında ondan hesabat istəmişdir. Həmin məbləği Cavabdeh İddiaçını aldadaraq alımış və öz şəxsi işlərinə istifadə etmişdir. Bundan sonra Cavabdehdən verdiyi pulları geri tələb edən zaman hər dəfə başqa-başqa bəhanələrlə İddiaçıdan qacır və pulunu verməkdən imtina edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olmasını bildirmiş və rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən hallar işin faktiki hallarını əks etdirmir və tamamilə İddiaçının uydurmasıdır. Belə ki, İddiaçı Cavabdehi evə ət məhsulları alan zaman tanımamışdır. İddiaçının Cavabdehin işlədiyi yerə yaxın obyektləri var və burada kommersiya fəaliyyəti ilə məşğuldur. Eyni zamanda, Cavabdeh İddiaçını faizlə müxtəlif şəxslərə borc pul verən şəxs kimi tanımışdır, çünki İddiaçı Cavabdehə müxtəlif vaxtlarda faizlə borc pul təklif etmişdir, lakin ondan borc pul məbləği almamışdır. İddia tələbində göstərilən halları sübut edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə yalnız iddia ərizəsinin surətləri və pretenziya məktubu təqdim olunub. İddiaçı onun məhkəməyə müraciətini əsaslandıra biləcək heç bir sənədə istinad etmədən Cavabdehin ona borclu olduğunu əsassız olaraq iddia edir. Nəzərdə tutulan 117.000 manat borc məbləği əgər İddiaçı həqiqətən onu Cavabdehə vermişdirsə, mülki qanunvericiliyə uyğun olaraq, 3 min manatdan çox olduğuna görə yazılı qaydada bağlanmalı idi. Əgər iddiaçı verdiyi borc pulların 2015-2016-cı illərdə verildiyini iddia edirsə, nəzərə alınmalıdır ki, iddia tələbinin borc münasibətləri üzrə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 3 ildir və bu müddət İddiaçı tərəfindən (baxmayaraq ki, belə bir müqavilə və borc münasibəti mövcud deyil) ötürülmüşdür. Eyni zamanda, İddiaçı məhkəməyə müraciətindən əvvəl Cavabdehi eyni hallar üzrə hüquqmühafizə orqanlarına şikayət etmiş, aparılmış araşdırma nəticəsində qeyd edilən xüsusatların heç birinin mövcud olmaması, hər hansı iş üzrə sübutun aşkar olunmaması səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin Cavabdehin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə əlavə olaraq prosessual müddətin bərpasına dair ərizə ilə Məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin icraatında olan 2(064)-210/2025 saylı iş üzrə iddia tələbinə verilən etiraz üçün müddətin buraxılmasının səbəblərini üzrlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdehi 2015-2016-cı illərdə tanımışdır və həmin illərdə ona ümumilikdə 117.000 manat pul məbləğini verdiyini iddia edir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Cavabdehə rəsmi qaydada təqdim olunmamışdır və Cavabdeh bu səbədən etiraz üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia ərizəsinə etiraz edə bilməmişdir. Cavabdehlə aralarında 07 yanvar 2025-ci il tarixdə hüquqi yardım haqqında müqavilə bağlanaraq iş üzrə order alınaraq məhkəməyə təqdim olunmuşdur. Faktiki olaraq Cavabdeh tərəf qismində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə 07 yanvar 2025-ci ildə rəsmi qaydada tanış olduğu üçün iddia ərizəsinə edilən etiraz üçün nəzərdə tutulan prosessual müddət bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, iddia tələbinə etiraz ərizəsinin verilməsi müddətinin buraxılmasına gətirib çıxaran üzürlü səbəblərin təsdiq olunması üçün Cavabdeh tərəfin istinad etdiyi dəlillər əsaslı və ağlabatandır. Belə olan halda Məhkəmə hesab edir ki, buraxılmış prosessual müddət bərpa edilməli və etiraz ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Həmçinin Cavabdehin vəkili əlavə olaraq iddia müddətinin tətbiqinə dair ərizə ilə Məhkəməyə müraciət edərək iş üzrə verilmiş iddianın iddia müddətinin buraxılması əsası ilə rədd edilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, Cavabdeh sonuncu dəfə 2023-cü ilin avqust-sentyabr aylarında ödəniş edib. O vaxtdan ödəniş etməyib. Həmçinin bildirir ki, ərizədə mexaniki olaraq səhvən Cavabdehi 2015-2016-cı illərdə tanıdığını qeyd edib, halbuki Cavabdehi 2020-ci ildə tanıyıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, heç bir məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında əlavə olaraq bildirdi ki, Dərnəgüldə özünə məxsus obyekti var. Ayda bir neçə dəfə həmin obyektə gedir və Cavabdehlə həmin məkanda tanış olublar. Belə ki, Cavabdeh Dərnəgüldə icarəyə ət dükanı götürüb, ət satmaqla məşğuldur. Cavabdeh iş qurmaq niyyəti ilə ona yaxınlaşaraq bildirib ki, Beyləqanda ət işi ilə məşğuldur. Beyləqanda arpa, yonca, buğda əkib, qoyun alıb. Cavabdeh təklif edib ki, Beyləqandan ət gətirib sata, xeyir əldə edə bilərlər. O, əvvəl təklifi fikirləşib və sonra razılaşıb. Bu məqsədlə Cavabdehə hissə-hissə cəmi 117000 manat pul verib. Sonradan keçən ilin noyabr ayında İddiaçı məzuniyyətə gedib və gələndə vəziyyətin eyni olmadığını görüb. Cavabdeh ona səbirli olmasını, 4-5 ay vaxt verməsini xahiş edib. 4-5 ay sonra aldığı pulu geri qaytaracağına söz verib, lakin 5-6 ay keçməsinə baxmayaraq pulu geri qaytarmayıb. Buna görə də müvafiq orqanlara müraciət etməli olub və məsələ ilə bağlı araşdırma aparılıb, Cavabdeh izahat verib, lakin izahatı həqiqətə uyğun olmayıb, cəfəngiyyat danışıb. Bununla yanaşı, İddiaçı bildirib ki, Cavabdehlə şərikli 36000 manat dəyərində “Ford” markalı nəqliyyat vasitəsi alıblar. Cavabdeh bildirib ki, həmin nəqliyyat vasitəsini satıb, əvəzinə yük maşını almaq daha yaxşıdır. Lakin İddiaçı razılaşmayıb, bildirib ki, ehtiyacları var, satıb yarısını o götürsün, yarısını özü. Lakin sonradan maşını aparıb, bu günə kimi gizlədib. Şərikli alsalar da, nəqliyyat vasitəsi Cavabdehin adına rəsmiləşdirilib. İddiaçı bildirir ki, bu, onun səhvidir. Cavabdeh aldığı məbləğləri öz xətti ilə kağıza qeyd edib, imkan varsa müvafiq ekspertizanın təşkil edilməsini xahiş edir. Ona pul verərəkən yanında tanıdığı, inandığı adamlar da olub. Lazımdırsa şahid qismində dəvət oluna bilərlər. Hətta Cavabdehin öz qohumu da şahid olub. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş: Şahid1 izahat verərək bildirdi ki, Cavabdehlə 2021-2023-cü illər ərzində tanış olub. Cavabdehi bu məsələ ilə bağlı cəmi 3 dəfə görüb. Bir dəfə 15000 manat, bir dəfə isə 25000 manat məbləğində onun yanında İddiaçı Cavabdehə pul verib. Pulu onun yanında sayıblar. Şahid2 izahat verərək bildirdi ki, İddiaçıya məxsus kafedə 2002-2003-cü illər ərzində işçi olub. Sonradan işdən ayrılıb. İddiaçı onunla əlaqə saxlayaraq “Ford” markalı maşın aldığını, sürücü tələb olunduğunu, 600-700 manat məbləğində aylıq pul verəcəyini bildirib və ona iş təklif edib. Bununla bağlı İddiaçı ilə görüşmək üçün Dərnəgülə gəldikdə Cavabdeh də obyektə gəlib, İddiaçı ilə aralarında söhbət olub, söhbətdən sonra İddiaçı ona sürücüyə ehtiyac qalmadığını bildirib. İddiaçının təxminən 2-3 dəfə Cavabdehə pul verdiyini görüb. Lakin məsafə uzaq olduğu üçün məbləği görməyib. Amma təxminən 10000-12000 manat olardı, məbləğ elə çox idi. Cavabdehin özünə məxsus Dərnəgüldə qırmızı kərpicdən ət dükanı olub. Bir dəfə İddiaçı ilə görüşüb ona pul verməli idi, lakin 2-3 saat keçməsinə baxmayaraq Cavabdeh pulu gətirmədi. Cavabdehin nümayəndəsi şahidlərin dindirilməsinə dair vəsatətlə Məhkəməyə müraciət edərək iş üzrə Şahid3 və Şahid4 şahid qismində dindirilməsinin təmin edilməsini xahiş etmişdir. Belə ki, Şahid3 və Şahid4 iddia tələbinə etiraz ərizəsində qeyd edilən halların şahidi olmuşlar. Bununla bağlı həmin şəxslərin dindirilməsi işin mahiyyəti üzrə baxılması üçün əhəmiyyətlidir, işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin edir. İş üzrə şahid qismində dindirilməsi üçün Şahid3 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş üzrə qаnuni və əsaslı qətnamənin çıxаrılmаsı üçün İddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş kağız parçası üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etmiş və ekspert qarşısında “Ekspertizaya təqdim olunan kağız parçasındakı yazı xətti ilə izahatdakı yazı xətti eyni şəxsə məxsus yazı xəttidirmi?”, “Əgər yazı xətləri eynilik təşkil edirsə, o zaman kağız parçasına yazılmış bütün qeydlər, yoxsa qeydlərin bir qismi izahatdakı yazı xətti ilə eynilik təşkil edir mi?” sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/965 saylı ekspert rəyi əsasında müəyyən olunur ki, Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən ekspertizaya təqdim edilmiş, 10 sm - 7,5 sm ölçülü kağız parçası üzərində “10.000 2500, 2100, 1100...” rəqəmlərlə başlayıb, “...15. 1200 .. 800. 800 02” rəqəmlər ilə bitən hərf və rəqəmli əlyazmalar ilə Cavabdeh adından olan 17 iyul 2024-cü il tarixli izahatın 3cü vərəqinin sonunda “Cavab:” qrafasında “İzahatımı oxudum. Düzdür əlavəm yoxdur doğruluğunu imzamla təstiq edirəm” əlyazmalarının - eyni şəxs tərəfindən icra olunubolunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə rəy vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında İddiaçı bildirmişdir ki, Cavabdeh Dərnəgül qəsəbəsində yerləşən özünə məxsus kafenin yanındakı qəsəbxanada işləyən şəxs kimi tanımışdır. Onunla münasibəti normal olmuşdur. 2020-ci ildə dəqiq xatırlamadığı tarixdə Cavabdeh ona yaxınlaşıb iş görüb qazanc əldə etmək istədiyini və ona böyüklük etməsini xahiş etmişdir. Cavabdeh İddiaçıya Respublikanın müxtəlif rayonlarından iri və xırdabuynuzlu heyvanlar alıb ətini Bakı şəhərindəki restoranlara paylamaqla qazanc əldə edəcəklərini və bu işi görməkdən ötrü ən azı 100.000 manat lazım olduğunu, işi mükəmməl bacardığını, lakin pulunun olmadığını deyib onu həmin işə yatırım etməsini istəmişdir. İddiaçı da onu bir neçə ildir ki, qəssab kimi fəaliyyət göstərdiyini və özünün Füzuli rayonundan olmasını, bu işi bacara biləcəyini düşünüb razılıq vermişdir. O, Cavabdeh 2020-ci il tarixdən birgə iş görüb qazanc əldə etmək məqsədi ilə pullar verməyə başlamışdır. İddiaçı az-az 2000-3000 manat olmaqla pulları Cavabdeh vermişdir. O da İddiaçıya müxtəlif məbləğlərdə olmaqla 2-3 aydan bir qazanc vermişdir. Belə ki, 2022-ci il tarixdə Cavabdeh ona işi böyütməkdən ötrü “Ford” markalı avtomobil alıb heyvanları onunla rahat daşıya biləcəyini deyib. İddiaçı da biznesini genişləndirməkdən ötrü 13.500 ABŞ dolları Ruslana vermişdir və o, bildirdiyi işləri görməkdən ötrü “Ford” markalı avtomobil almışdır. Bundan sonra 2023-cü il tarixdə Ruslan artıq ondan böyük məbləğlərdə Qurban Bayramı ərəfəsində 10000-15.000 manat məbləğində pullar almışdır. Belə ki. İddiaçının 117.000 manat pulu Cavabdehsda qalmışdır və bundan sonra o, daha İddiaçı qazanc da verməmişdir. İddiaçı ondan 117.000 manat pulu tələb etsə də, Ruslan həmin pulları qaytardığını və qazanc formasında verdiyini demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında Cavabdeh bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli 31 ünvanında yerləşən qəssabxananı icarə əsasında 8-9 ilə yaxın müddətdir ki, işlədir. Həmin qəssabxananın yerləşdiyi ərazidə fəaliyyət göstərən “Həkəri” restoranının sahibi İddiaçı ilə münasibəti yaranmışdır. 2020-ci ildə dəqiq xatırlamadığı tarixdə İddiaçı ilə söhbət zamanı ucuz qiymətə heyvan yəni qoyun və dana satıldığını, lakin həmin heyvanları almağa pulunun olmadığını demişdir. İddiaçı özü ona bildirdi ki, qeyd olunan heyvanları almaq üçün borca pul verə bilər. Lakin həmin pulun üzərinə pul qoymaqla onun borcunu qaytarmalı olmasını dedi. Cavabdeh də ona çox pul verə biləməyəcəyini ən çoxu 500 manat artıq pul verə biləcəyini söyləyib. Bundan sonra ondan ilk dəfə 3000 manat pul alıb həmin xırda və iribuynuzlu heyvanları alıb. Ona pulu dəqiq xatırlamadığı məbləğdə aldığı puldan artıq məbləğdə qaytarıb. Bundan sonra o, Hüseynin faizə pul verdiyini bilib ondan bir neçə dəfə bu formada müxtəlif məbləğlərdə pul alıb sonradan ona olan borcunu artıq formada qaytarmışdır. Cavabdeh İddiaçı 2022-ci ilin sonlarınadək bu formada borca pullar alıb sonradan üzərinə pul qoymaqla qaytarmışdır. 2022-ci ilin sonlarında Cavabdeh İddiaçı rayondan qoyun və dana ətini Bakıya gətirmək üçün “Ford” markalı avtomobil almaq istədiyini, lakin 4000 manatının çatmadığını demişdir. O da Cavabdehə 4000 manat məbləğində pul verib və həmin pulu ona 1000 manat artıq faiz pulu ilə birlikdə 5000 manat olmaqla qaytarıb. 2024-cü il tarixdə o, artıq İddiaçı pul götürmədiyi üçün xeyri başqasına verdiyini söyləyib. Hüseyn Cavabdehə verdiyi pulları guya ki, başqa şəxslərdən aldığını və onlara faizi ilə birlikdə qaytardığını, bu işdə özünün heç bir xeyir götürmədiyini, Cavabdehin isə işi ondan götürdüyü pullar ilə qurduğunu əsaslandırıb şərik olduqlarını deyib. Cavabdeh isə ona heç bir şərikliyin olmadığını, sadəcə olaraq ondan faizlə pul götürüb öz işlərini həll etdiyini demişdir. İddiaçı başına oyun açacağını, onu yaxşı tanımadığını deyib Cavabdehin mobil nömrəsini məhkumluq həyatı yaşayan tanımadığı şəxslərə verib əsassız olaraq 117.000 manat pulu tələb etdirmişdir. Hətta 2022-ci ilin sonlarında bir dəfə İddiaçı onu Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən evə dəvət edib masa arxasında əyləşən zaman özünü İskəndər Həmidovla kirvə olduğunu dedi. Respublikada hamının onları yaxşı tanıdığını söyləyib ona qarşı səhv addım atan şəxsi pis formada cəzalandıra biləcəyini də söyləmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ə.Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadının 14-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, yuxarıda göstərilən hüquqi aktların tələblərini əsas götürərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından və İddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş kağız parçasından müəyyən olunur ki, tərəflər arasında qanuna və müqavilə münasibətlərinə əsaslanmayan mülki hüquq münasibətləri olmuşdur. İddiaçı tərəfindən sübut olaraq təqdim edilmiş kağız parçası üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi üçün zəruri tədqiqat predmetlərinin – yazı xətt nümunələrininin təqdim edilməsi üçün Məhkəmə tərəfindən Cavabdehə dəfələrlə rəsmi qaydada müraciət edilməsinə baxmayaraq o, nümunələri təqdim etməyərək ekspertizanın keçirilməsinə mane olmuşdur. Qeyd olunanlara münasibətdə Məhkəmə bildirir ki, AR Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, Məhkəmə İddiaçı tərəfindən təqdim edilmiş kağız parçasında olan qeydlərin (20200 $ və 28600+2200+150+600) Cavabdehə məxsus olmasını təsdiq olunmuş hesab edir. Həmçinin İddiaçı kağız parçasını Məhkəməyə təqdim edərkən digər əlavə qeydlərin (10000 Qurban, 13500 Ford, 15, 1200,800, 800, 10, 24, 0.2) özünə məxsus olmasını etiraf etmişdir. Qeyd olunanları yekunlaşdıraraq və AR Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbindən çıxış edərək Məhkəmə hesab edir ki, Cavabdehin İddiaçıya 20200 ABŞ dolları və əlavə olaraq 31550 manat (28600+2200+150+600) borcu olması öz təsdiqini tapmışdır. Bununla yanaşı iş materiallarında olan xx.xx.2024-cü il tarixli izahat əsasında Məhkəmə müəyyən edir ki, Cavabdeh İddiaçıdan ilk dəfə xırda və iribuynuzlu heyvanlar almaq üçün 3000 manat, 2022-ci ilin sonlarında isə “Ford” markalı avtomobil almaq üçün 4000 manat pul almasını etiraf etmişdir. İzahatın məzmununda Cavabdehin ilk dəfə aldığı 3000 manatı dəqiq bilmədiyi faiz məbləği ilə birgə, həmçinin 4000 manatı 1000 manat faiz məbləği ilə birgə qaytarmasını qeyd edilsə də, Cavabdeh Məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim etməmişdir. Beləliklə, Məhkəmə müəyyən edir ki, Cavabdehin İddiaçıya kağız parçasında qeyd olunan məbləğlərdən əlavə 7000 manat (3000+4000) məbləğində borcu da vardır. Məhkəmə verilən şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin ifadələr digər sübut etmə vasitələrilə birlikdə sübuta yetirməli olduğu işin faktiki hallarını təsdiq etmədiyi üçün mötəbər sübut hesab olunmamalıdır. Beləliklə Məhkəmə müəyyən edir ki, İddiaçı Cavabdehə şərik olmaqla xeyir qazanacağını ehtimal edərək ayrı-ayrı vaxtlarda, ümumilikdə 20200 ABŞ dolları və 38550 manat məbləğində pulu Cavabdehə ödəmiş, lakin Cavabdeh pulu mənimsəməsinə baxmayaraq İddiaçıya qaytarmamış, nəticədə Cavabdeh İddiaçının hesabına işlə bağlı maddi ehtiyaclarını qarşılamaq məqsədilə heç bir qanuni və ya müqavilə əsası olmadan varlanmışdır. Məhkəmə Cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə bildirir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında verdiyi izahatında İddiaçı qeyd etmişdir ki, Cavabdeh sonuncu dəfə 2023-cü ilin avqustsentyabr aylarında ödəniş etmiş, o vaxtdan ödəniş etməmişdir. Həmçinin İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında Cavabdeh bildirmişdir ki, 2022-ci ilin sonlarında Cavabdeh İddiaçı rayondan qoyun və dana ətini Bakıya gətirmək üçün “Ford” markalı avtomobil almaq istədiyini, lakin 4000 manatının çatmadığını demişdir. O da Cavabdehə 4000 manat məbləğində pul verib və həmin pulu ona 1000 manat artıq faiz pulu ilə birlikdə 5000 manat olmaqla qaytarıb. Göründüyü kimi, Cavabdeh aldığı borc məbləğini qaytarmasını etiraf etməklə iddia müddətinin tətbiqi ilə bağlı tələbini əsassız etmişdir. Qanunvericiliyin tələbini nəzərə alaraq Məhkəmə hesab edir ki, Cavabdeh 2023-cü ilin avqust-sentyabr aylarında ödəniş etməklə - borcunu etiraf etməsini göstərən hərəkətlər etməklə iddia müddətinin axımının kəsilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmçinin Məhkəmə Cavabdeh tərəfin təqdim etdiyi ərizənin məzmununa tənqidi yanaşır. Belə ki, ərizədə Cavabdeh tərəf pulun 2015-2016-cı illərdə verildiyi iddia edildiyi təqdirdə iddia tələbinin borc münasibətləri üzrə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin 3 il olmasını və bu müddətin İddiaçı tərəfindən ötürülməsini qeyd etməsinə baxmayaraq Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında qeyd olunan mübahisə 2020-ci ildə dəqiq xatırlamadığı tarixdən etibarən başlamışdır. Həmçinin İddiaçı məhkəmə zalında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində mexaniki olaraq səhvən Cavabdehi 2015-2016-cı illərdə tanıdığını qeyd edib, halbuki Cavabdehi 2020-ci ildə tanıyıb. Göründüyü kimi, Cavabdeh tərəfin əsaslandığı məqamlar işin faktiki halları ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər olmalıdır(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda İddiaçı tərəfindən ödənilmiş 410 manat dövlət rüsumunun 308,67 manat hissəsi Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20200 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 38550 manat və ödənilmiş 308,67 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-210/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-210/2025
18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver