Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2176/2025 20.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı verdiyi alimentin təyin edilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə el-adət ənənəsi ilə toy edərək evlənmişlər. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Lakin cavabdeh övladları ilə maraqlanmır, onlara hər hansı bir maddi dəstək göstərmir. Hal-hazırda uşağın maddi ehtiyacları artdığından iddiaçı təkbaşına uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də cavabdehə qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat daxil olmayıb. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 860841nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə X2 doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. - AZ-İİİ 191663 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə X4 doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. - Cavabdeh Məhkəməyə ərizə ünvanlayaraq uşqların ananın himayəsində qalmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 7.8-ci bəndində göstərilir ki, Məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən hüquqi aktlara və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və Cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment tələbi üzrə nəticəyə gələrkən uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə Cavabdehin ödəmə qabiliyyətini, 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, ödəniləcək aylıq aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli (400 * 0,375 = 150 manat) həddində olması yetərlidir və bu aliment məbləği ilə uşağın layiqli həyat şəraitinin, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyinə görə iş üzrə alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən etibarən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli (400 * 0,375 = 150 manat) həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2176/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2176/2025
20.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver