Məhkəmə qərarları › İş №2(064)-222/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-222/2023

26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-222/2023 26.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahlarını 13 oktyabr 2016-cı il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeyd edilmişdir. Evli olduğu müddətdə birgə nikahdan xx.xx.2016-cı il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. Nikahları Füzuli Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(064)-293/2021 saylı qətnaməsi əsasında pozulmuş, uşaqlar onun yanında saxlanılmış və onların saxlanılmaları üçün 220 manat alimentin tutulması müəyyən olunmuşdur. Lakin sonradan cavabdehin təşəbbüsü ilə onlar barışmaq istəmiş, həmin vaxt cavabdehin tələbi ilə o, alimentdən imtina etmiş, lakin bundan sonra cavabdeh onunla barışmamış və uşaqlarına da heç bir maddi dəstək göstərməmişdir. Cavabdeh Bakı şəhərində yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Uşaqları hazırda onun yanında yaşayır. O, uşaqlarını təkbaşına saxlayır, cavabdeh uşaqlara heç bir maddi və ya mənəvi yardım göstərmir. Ona görə də, iddia tələbinin təmin olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İİİ 841448 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2016cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İV 241375 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2018ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, həmçinin əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçı ananın özünün də bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olmasını, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən azyaşlılar Rəsul və Nəzrinin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən azyaşlılar xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar