Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-257/2023 19.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Borclu qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Borclu 4.900 manat əsas borcun və 100 manat dövlət rüsumunun onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Beyləqan şəhərində yaşayir. Ailəlikcə sahibkarlıqla məşğul olur. Mağaza var və orada işləyirlər. Xocavənd rayonunda hərbi xidmətdə olan və yaşayan Borclu 4.900 manat mağazasından nisyə mal göturmüşdür. Nisyə mal götürməsinə dair aralarında rəsmi yeyinti məhsullarının alqı-satqısına dair (38 N-li, xx.xx.2021 -ci il tarixli) müqavilə bağlanmış və müqavilədə şərtlər müəyyən edilmişdir. Borcludan müqavilənin müddəti bitdikdən sonra dəfələrlə borcunu istəsə də cavabdeh borcundan ödəməmişdir. O, bir neçə dəfə cavabdehdən borcunu tələb etsə də ona yalan vədlər verir və onu aldatmışdır. Aralarında borc müqaviləsi imzalanmış və borclu borcun ona aid olduğunu öz imzası ilə təsdiq etmişdir. Buna görə də, borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, 38 saylı müqaviləyə əsasən iddiaçı-satıcı İddiaçı cavabdeh-alıcı Borclu 4.900 manat məbləğində malları nisyə satmışdır. Lakin iddiaçı-satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehin istifadə və sahibliyinə versə də cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və malın pulunu ödəməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq verilməsi hissəsini isə qismən təmin edən məhkəmə aşağıdakıları qeyd edir. İlk əvvəl məhkəmə onu qeyd edir ki, iddiaçı tələb etdiyi 4.900 manata görə qanunla müəyyən edilmiş məbləğdə 69 manat ödəməli olduğu halda 100 manat ödəmişdir ki, bunun da 31 manatı artıq ödənildiyindən cavabdehdən tutula bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə. 5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1.2-ci bəndində deyilir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 6.3-cü bəndində qeyd edilir ki, maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin edir. Odur ki, məhkəmə belə qərara alır ki, iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumuna görə 31 manat pul Füzuli rayon Maliyyə şöbəsindən alınaraq iddaçı İddiaçı verilməlidir. Bununla yanaşı, AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə 69 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və AR MPM-in 216-222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Borclu 4.900 manat borc və 69 manat dövlət rüsumu olmaqla cəmi 4.969 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə artıq ödənilmiş 31 manat pul Füzuli rayon Maliyyə şöbəsindən alınaraq iddaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-257/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-257/2023
19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver