Məhkəmə qərarları › İş №2(064)-280/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-280/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-280/2025 04.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən 11700 manat əsas borcun, borc pulun ödənildiyi günə qədər hesablanmış illik 7,25% bank dərəcəsi kimi 848,25 manat pulun və 122,1 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Sumqayıt şəhərində qonşuluqda Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşdığından uzun illərdir ki tanıyır və onunla münasibətləri normal olmuşdur. İddiaçı “Karvan” və “Gold Qayalı” Ticarət Mərkəzində qızıl alğı-satqısı ilə məşğul olan vaxt Gülnarə “WhatsApp” sosial şəbəkəsində onun qızıl zinət əşyalarını paylaşdığını görmüş və ona zəng edərək qızıl zinət əşyalarının satışı ilə məşğul olub-olmadığını soruşmuş. Cavabdeh öyrənəndə ki, o qızıl-zinət əşyalarının satışı ilə məşğul olur, ondan qızıl-zinət əşyaları almaq istədiyini və aldığı qızıl zinət əşyalarının pulunu isə hissə-hissə olmaqla qısa müddətə ödəyəcəyini bildirmişdir. O da, Gülnarəni tanıdığından və münasibətlərinin yaxşı olduğundan onunla razılaşmış, 2021-ci ilin dekabr ayından Cavabdeh ondan qızıl zinət əşyaları almağa başlamış, ilk dəfə aldığı qızıl zinət əşyalarının pulunu vaxtında ödəyərək özünə qarşı inam yaratdışdır. Gülnarəyə, ümumilikdə, 25 adda müxtəlif əyyarlarda və qiymətlərdə bahalı qızıl-zinət əşyalarını satmışdır. Həmin qızıl zinət əşyalarının dəyəri 25.814 manat olsa da, Gülnarə iddiaçıya həmin puldan yalnız 2022-ci ilin may ayına kimi hissə-hissə olmaqla 14.114 manat pul qaytarıb, qalıq qalan 11.700 manat pulu isə dəfələrlə Cavabdeh verməsini tələb etsə də, bu günə kimi qaytarmamışdır. Bu səbəbdən İddiaçı Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Qanuni nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının təqdim etdiyi, mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - İddiaçı müraciəti əsasında toplanmış HK-1/835 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı mülki mübahisənin həll edilməsi üçün məhkməyə müraciət etmək hüququ izah olumuşdur. Həmçinin həmin qərarın təsviri hissəsində öz əksini tapmış Cavabdeh izahatından sonuncunun İddiaçı ümumilikdə 25814 manat məbləğində qızıl zinət əşyaları götürdüyü, 14000 manat məbləğində pulu ona ödədiyi, 2022-ci ilin may ayından Şahanədən götürdüyü qızıl zinət əşyalarının pulunu ödəyə bilmədiyi və hazırda İddiaçı cəmi 11700 manat məbləğində borcunun olduğu müəyyən olunur (“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətinə əsasən). - iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 122.1 manat məbləğində pul ödəmişdir (mədaxil qəbzinə əsasən). Məhkəmə mülki işin materialları əsasında belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdehin onunla şifahi qaydada bağladığı borc müqaviləsindən yaranan öhdəliklərin icra edilib-edilməməsilə bağlıdır. Məhkəmə onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu əsasdan çıxış edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Qeyd edilməlidir ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə, müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Məhkəmə ilk növbədə, tərəflər arasında “borc” adlandırılan və tələb olunan məbləğ üzrə diqqətə çatdırır ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Habelə Mülki Məcəllənin 739.2-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Şərh edildiyi kimi iddiaçı cavabdehə borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə MM-in 739-cu və 739.2-ci maddələrinə riayət etmədən vermişdir. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda şərh edilənlərə əsasən cavabdeh iddiaçının hesabına qanuni və müqavilə əsas olmadan varlanmışdır. Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə onu da qeyd edir ki, Mərkəzi Bankın 2021-ci ilin oktyabr ayında uçot dərəcəsi 7%, 2023-cü ilin dekabr ayında isə 8% olmuş və beləcə 2021-2024-cü illər üzrə orta faiz dərəcəsi 7,5% təşkil etmişdir. xx.xx.2024-cü ildə isə Mərkəzi Bankın vahid uçot dərəcəsi 7.25% təşkil etdiyindən müvafiq qaydada hesablanmış 848,25 manat məbləğində zərər tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülk Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının tələbinin 11700 manat məbləğində borcun ödənilməsi ilə bağlı hissəsi özünün məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, cavabdehin iddiaçının hazırki iş üzrə verdiyi eyni məzmunlu müraciəti ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsində araşdırılması aparılmış HK-1/835 nömrəli material üzrə verdiyi etirafedici izahatı ilə sübut edilir. Yəni Cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçı 11700 manat pulunu ələ keçirməklə əsassız varlanmışdır. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iddia ərizəsinə etiraz verməməklə iddia tələbini mübahisələndirmədiyini də nəzərə alır. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehdan İddiaçı xeyrinə 11700 manat, illik 7,25% bank uçot dərəcəsi kimi 848,25 manat pul və ödənilmiş 122,1 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar