Məhkəmə qərarları › İş №2(064)-398/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-398/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-398/2024 01.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı nümayyəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq, nikahlarını xx.xx.2008-ci ildə Füzuli rayonu VVAQ şöbəsində qeydə aldıraraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2008-ci ildə X10 və xx.xx.2010-cu ildə X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Füzuli Rayon Məhkəməsinin 23 may 2019cu il tarixli, 2(064)-645/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqları onun himayəsində saxlanılması və xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, iki uşağa görə 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Boşandıqdan bir neçə il sonra uşaqların saxlanılması üçün cavabdehlə razılığa gəldiyi üçün alimentlə bağlı tələbi olmamış və onun ərizə əsasında Füzuli rayon İcra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov icra sənədi üzrə icraata xitam verilməsi üçün Füzuli rayon məhkəməsinə təqdimat vermişdir. Füzuli rayon məhkəməsinin 8(064)-38/20.22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən (hakim: Yaşar Həşimov) təqdimat təmin edilmiş və 23 may 2019-cu il tarixli, 2(064)-645/2019 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Uşaqları hazırda Beyləqan rayonu Milabad kəndində yaşlı anasının himayəsində yaşamaqla həmin kəndin 2 saylı tam orta məktəbində təhsıl alırlar. Onun valideyinləri heç bir yerdə işləmir, uşaqlarını yaşlı anasının aldığı pensiya və məcburi köçkünlər üçün verilən çörək pulu ilə dolandıraraq uşaqlarını saxlamaqda çətinlik çəkir. Hal-hazıra kimi cavabdeh uşaqları ilə maraqlanmır, onların saxlanılması üçün ona hər hansı bir maddi yardım göstərmir. Halbuki, cavabdehin maddi imkanı yaxşıdır. İndiki iqtisadi çətinliklərlə əlaqədar cavabdehin yardımı olmadan uşaqları saxlamaq çox çətindir. Cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ona aliment ödəmir və heç bir maddi yardım göstərmir. Uşaqların normal saxlanılması üçün cababdehin mütləq maddi yardımı lazımdır. Ona görə də, iddiaçı iddia tələbinin təmin olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda onun himayəsində başqa nikahdan 3 azyaşlı övladı vardır. Hazırda "xxxx" ASC-də operator işləməklə 378 manat əmək haqqı alır və başqa gəliri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İİ № 208436 və AZ-İİ № 526417 doğum haqqına şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə Beyləqan rayonunda və X8 xx.xx.2010-ci il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Ataları Cavabdeh və anaları İddiaçıdır. AA4307156, AA5707323 və AA5508781 şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Cavabdeh himayəsində digər nigahdan xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqlar Aysu və Ayselin mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olmalarını, həmçinin əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, cavabdeh atanın himayəsində başqa nikahdan doğulmuş 3 azyaşlı uşağının olmasını, iddiaçı ananın özünün də bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olmasını, eləcə də sair digər diqqətəlayiq halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh atadan xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2010-ci il təvəllüdlü Ayselin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment iddiaçı ananın xeyrinə tutulmalıdır. Məhkəmə cavabdeh ata Cavabdeh nəzərinə çatdırır ki, onun himayəsində digər nikahdan 3 azyaşlı uşağının olması, eləcə də ayda 378 manat əmək haqqından başqa əlavə gəlirinin olmaması onu birinci nikahdan olan uşaqları 2008-ci il təvəllüdlü Aysu və 2010-cu il təvəllüdlü Ayseli saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat ödəmək vəzifəsindən əsla azad etmir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar