Məhkəmə qərarları › İş №2(064)-524/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-524/2025

30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-524/2025 30.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ümumilikdə 5610 manat pulun və ödənilmiş 76 manat dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçının qızı Sevda Tağıyeva 12 iyun 2022ci ildən 28 dekabr 2022-ci il tarixədək Cavabdeh ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş və İddiaçı ilə bir ünvanda yaşamışdır. Cavabdeh “Bolt” taksi şirkətinin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sevda ilə Cavabdeh aralarında olan münasibəti rəsmiləşdirmək fikrində olmuşlar. Sevda 2022-ci ilin sentyabr ayında toya getmək üçun İddiaçıdan nişan üzüyünü götürmüşdür. 25 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Cavabdeh evə gəlmiş və bir qədər keçmiş Sevdaya təklif etmişdir ki, onunla birlikdə atasının yaşadığı ünvana qonaq getsinlər. Sevda razılaşmış ve evdən çıxarkən barmağında olmuş ona məxsus nişan üzüyünü çıxardıb İddiaçıya vermişdir ki, yerinə qoysun. İddiaçı 26 noyabr 2022-cı il tarixde saat 01 radələrində nişan üzüyünü yerinə qoymaq istəyərkən ona məxsus digər qızıl-zinət əşyalarının, yəni 01 ədəd 19 qramlıq 583 əyyarlı qızıl boyunbağının, 01 ədəd 15 qramlıq 583 əyyarlı qızıl bilərziyin, 01 ədəd 6 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünün, 02 ədəd 583 əyyarlı paxlava şəkilli qızıl qadın üzüklərinin və 01 ədəd 8 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünün yerində olmadığını görüb. Başa düşüb ki, həmin qızil-zinət əşyaları oğurlanıb. Evə Cavabdehdən başqa kənar şəxs sərbəst girib-çıxmadığı üçün və qızılların yerini o, bildiyinə görə Cavabdeh tərəfindən oğurlanmasından şübhələnib. 26 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində qızı Sevda Cavabdehlə birlikdə evə qayıtdıqda ondan qızılları götürüb- götürmədiyini soruşub, lakin Cavabdeh götürmədiyini bildirsə də, sonradan etiraf edib ki, qızıl-zinət əşyaları onun tərəfindən götürülüb Bakımetropolitenin Neftçilər stansiyası yaxınlığında «Ayxan» ətriyyat mağazasının içərisində fəaliyyət göstərən lombarda girov qoyub 1.600 manat pul götürdüyünü və öz ehtiyaclarına xərclədiyini bildirmişdir. Cavabdeh onlara lombardın yerini göstərdikdən sonra İddiaçı həmin lombarda gedib maraqlandıqda məlum olmuşdur ki, həqiqətən Cavabdeh İddiaçının evindən oğurladığı ona məxsus qızıl-zinət əşyalarını girov qismində qoyub əvəzində pul götürmüşdür. Qızıl-zinət əşyalarını geri istəsə də əşyaları alan şəxs pulun ödənilməsini tələb etmiş, lakin pulum olmadığından ödəniş edib qızıl-zinət əşyalarını götürə bilməmişdir. Hazırda həmin əmlaklar satılmışdır. Cabandeh barəsində hüquq mühafizə orqanlarına şikayət verib. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-də Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış, o təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ittiham aktı tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə cinayət işinin baxışı zamanı hüquqi savadı olmadığından mülki iddia verə bilməyib. Sabunçu Rayon Məhkəməsinin 1(008)- 409/2024 saylı, 06.11,2024-cü il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməmlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə mülki qaydada məbləğin alınması üçün iddia qaldırmaq hüququnun olması ona izah edilmişdir. Cavabdeh tərəfindən ona 4.290 manat məbləğində maddi ziyan vurulması cinayət işinin materialları, zərərçəkənin öz etirafedici ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər sənədlərlə öz tədiqini tapmışdır. Digər tərəfdən, Cavabdeh İddiaçıdan sürücülük vəsiqəsi almaq üçün 1200 manat, şəxsiyyət vəsiqəsini almaq üçün 120 manat pul məbləğini də aldadıb almış və qaytarmamışdır. Bununla da Cavabdeh qanuni və müqavilə əsası olmadan varlanmış, vurduğu 5610 manat ziyanı və aldığı məbləğləri mənə ödəməmişdir. İddiaçı Məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə Məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki mübahisə üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıda qeyd edilən hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-409/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən edir ki, Cavabdeh İddiaçıya məxsus 01 ədəd 1400 manat dəyərində 19 qramlıq 583 əyyarlı qızıl boyunbağını, 01 ədəd 1095 manat dəyərində 15 qramlıq 583 əyyarlı qızıl bilərziyini, 01 ədəd 585 manat dəyərində 6 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü, 02 ədəd hər birinin dəyəri 350 manat olmaqla 700 manat dəyərində 583 əyyarlı paxlava şəkilli qızıl qadın üzüklərini və 01 ədəd 510 manat dəyərində 8 qramlıq 583 əyyarlı briliant qaşlı qızıl qadın üzüyünü gizli yolla talamış və bununla da İddiaçıya ümumilikdə 4290 manat məbləğində maddi ziyan vurmuşdur. Belə olan halda Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçının xeyrinə 4290 manat məbləğində dəymiş maddi ziyanın əvəzi Cavabdehdən tutulmalıdır. Məhkəmə İddiaçının 1320 manat məbləğdə pul tələbinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədən rədd edilməlidir. Beləki, İddiaçı ərizəsində Cavabdehin ondan sürücülük vəsiqəsi almaq üçün 1200 manat, şəxsiyyət vəsiqəsini almaq üçün 120 manat pul məbləğini də aldadıb almasını və qaytarmamasını qeyd etsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci İddiaçının dövlət rüsumuna görə ödədiyi 76 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 58,12 manat hissəsinin əvəzi də Cavabdehə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə 4290 manat məbləğində dəymiş maddi ziyanın və ödənilmiş 58,12 manat dövlət rüsmunun əvəzi Cavabdeh tutulsun. İddia tələbi qalan hissədən təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar