Məhkəmə qərarları › İş №2(064)-562/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-562/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-562/2023 27.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “alimentin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) aralarındakı nikadan doğulmuş 19 noyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək yanında saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki ərarvad münasibətində olmuş, lakin aralarındakı nikahı rəsmiləşdirməmişlər. Onların nikahından 19 noyabr 2021-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulduğuna görə bir-birindən ayrı yaşayırlar. X2 birlikdə yaşayır. Buna görə də cavabdehin ona hər ay 300 manat sabit pul məbləğində aliment verməli olduğunu hesab edir. İddiaçı və cavabdeh məhkəmənin hazırlıq və baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmiş, məhkəməyə göndərdikləri yazılı ərizələrində iş üzrə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Bundan əlavə, cavabdeh həmin ərizəsində maddi vəziyyətinin zəif olması ilə əlaqədar iddiaçıya hər ay 80 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - iddiaçı və cavabdeh arasındakı faktiki nikahdan 19 noyabr 2021-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur (23 dekabr 2021-ci il tarixli, AZ-İV seriyalı, 682973 nömrəli doğum haqqında şəhadətnamə və AZ-İ seriyalı, 402058 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə əsasında). - iş üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən əvvəl keçirilmiş mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdeh iştirak etməməklə iddiaçının aliment tələbinə razı olmadığını ifadə etmişdir (Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 23 yanvar 2023-cü il tarixli, MŞC/1-00080 nömrəli arayışın surətinə əsasən). - iddiaçı işləmir, cavabdeh isə "xxxx" MMC-də satıcı işləyir, vergi və digər məcburi ödəmələr daxil olmaqla əmək haqqı məbləği 560 manat təşkil edir (elektron məhkəmə portalı vasitəsilə əldə edilmiş məlumata əsasən) Məhkəmə iddia ərizəsi və cavabdehin ona verdiyi etiraz əsasında işin faktiki halları ilə bağlı, həmçinin müəyyən etmişdir ki, iddiaçı və cavabdeh faktiki ər-arvad münasibətində olmuş, lakin aralarındakı nikahı rəsmiləşdirməmişlər. Tərəflərin nikahından doğulmuş 19 noyabr 2021-ci il təvəllüdlü uşaqları olan X4 tərəflərin münasibətlərinin pozulması səbəbindən bir-birindən ayrı yaşamalarından sonra iddiaçı ilə birlikdə yaşayır. Bu hal iddiaçının həmin uşağın yetkinlik yaşına çatanadək onun yanında saxlanması üçün cavabdehdən ona aliment ödəməsini tələb etmək hüququnu yaratmışdır. Məhkəmə göstərilən məzmunda olan işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən hallar nəzərə alınaraq, iddia qismən təmin edilməli, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı hazırki aliment tələbinə dair iddia ərizə ilə məhkəməyə 01 mart 2023-cü il tarixdə müraciət etdiyinə görə iş üzrə cavabdehdən alimentin tutulmasının başlanğıcı 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasındakı nikahdan doğulmuş 19 noyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanması üçün Cavabdeh 01 mart 2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar